Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, taxıl dəhlizi boyunca üç Ukrayna limanından bir milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti V.Zelenski cümə günü Telegram kanalında məlumat verib.
“Taxıl ixracı təşəbbüsü demək olar ki, bir aya yaxındır işləyir və bu müddət ərzində üç dəniz limanımızdan - Çernomorsk, Odessa və Yujnıdan - fevralın 24-dən başlayan müharibədən bəri ilk milyon ton kənd təsərrüfatı məhsulu ixrac edib”, - deyə o qeyd edib.
Ölkə başçısı bildirib ki, bu məhsulların ixracı Ukrayna vətəndaşları üçün yüz minlərlə iş yerinin təminatına rəvanc verir.
Cümə günü Türkiyənin müdafiə naziri Hulusi Akar “Ahaber” telekanalına açıqlamasında 36 yük daşıyan gəminin Ukrayna limanlarını tərk etdiyini, 39-unun yüklənməyə doğru getdiyini bildirib. Türkiyəli nazir həmçinin bildirib ki, hazırda Rusiya Federasiyasının nümayəndələri BMT ilə Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dəniz yolu ilə ixracı imkanlarını müzakirə edirlər. Akar deyib ki, danışıqlar yaxşı nəticələrin olacağına ümid vericidir.
İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından - Odessa, Çernomorsk və Yujnıdan taxıl ixracı prosedurunu tənzimləyir.
İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan dördtərəfli Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmilərin yoxlanılması üçün nəzərdə tutulub.
Qadir, Bizimyol.info