Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çeçenistanda müharibəyə getməkdən kütləvi şəkildə boyun qaçırırlar
Çeçenistanda müharibəyə getməkdən kütləvi şəkildə boyun qaçırırlar

Rusiya müharibədə aşkar kadr çatışmazlığı yaşayır. Vladimir Putin orduda ştab sayını artırmaq qərarına gəlib. Çeçenistan rəhbərliyinin üzərinə də öhdəlik düşür. Burada kadırovçuların yeni alayını yaratmaq istəyirlər. Amma prosesi həyata keçirməkdə çətinlik yaranıb. Çünki respublikada müharibəyə getməkdən kütləvi şəkildə boyun qaçırırlar.

Bizimyol.info xəbər verir ki, Şeyx Mənsur adına batalyonun nümayəndəsi İslam Belokiyev çeçenlərin Ukraynada döyüşmək istəmədiyini deyir. Onun sözlərinə görə, Çeçenistanda həqiqəti yaxşı anlayırlar, müharibəyə getməyi haqlı iş saymırlar.

“Çoxları soruşurdu ki, Çeçenistanda xalq Ukraynadakı müharibəni dəstəkləyirmi? Rusiyanın hücumu doğru addım sayılırmı? Baxın, bu, Çeçenistan xalqının parlaq cavabıdır”.

Belokiyev deyir ki, respublika rəhbəri Ramzan Kadırov döyüşçü toplamaq üçün bütün mümkün vasitələrə əl atır. O, imtina edənlərin ailələrini sosial yardımlardan məhrum edir.

Çeçenistan parlamentinin spikeri Məhəmməd Daudov Kadırovun müharibəyə öz büdcəsindən 20 milyard dollar ayırdığını bildirib. Belokiyev burada böyük məntiqsizlik olduğunu dilə gətirir.

“Soruşan yoxdur ki, bu pullar Kadırovda haradandır? O, sadəcə, xalqdan oğurlayıb. Sonra oğurladıqlarının kiçik hissəsini subsidiyalara, sosial ödəmələrə, tikinti xərclərinə yönəldir. Buna görə isə mütləq sədaqət istəyir. İstəyir ki, insanlar gedib müharibədə ölsünlər”.

Çeçenistanda böyük işsizlik hökm sürür. Vəziyyətdən nisbətən orduya yazılmaqla çıxmaq olur. Burada xidmət sosial lift rolunu oynayır. Əlbəttə, yalnız kişilər buna ümid edə bilər. Qadınlar üçün Çeçenistanda az qala bütün qapılar bağlıdır. Onlar iş tapmağa, ümumiyyyətlə, ümid etmirlər. Yalnız təhsil, tibb müəssisələrində müəyyən qədər iş tapmaq fürsəti var.

Belokiyev deyir ki, Kadırov sosial kartından istifadə edərək xalqın boğazından yapışır. İnsanları çarəsiz vəziyyətdə qoymaqla müharibəyə getməyə razı salmaq istəyir.

Ukrayna müharibəsində Çeçenistandan da ölən az deyil. Həyatını itirmiş kadırovçuların bir çoxunun meyiti hələ də Rusiyaya gətirilməyib. Bəzisinin Belarusda olduğu bildirilir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »