Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qan davası: “Lotu Quli”nin adamının qətlinə görə xalası oğlu çempionu necə öldürüb?
Qan davası: “Lotu Quli”nin adamının qətlinə görə xalası oğlu çempionu necə öldürüb?

Kriminal aləmdə “Lotu Qulinin yaxın adamı”, eləcə də avtomobilinin nömrəsinə görə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlindən başlayan qan davası davam edir. Emin Səfərovun qətlində ittiham olunan tanınmış idmançı, Kikboksinq üzrə çempion olmuş 38 yaşlı Zaur Yusifov 2021-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət alıb, azadlığa buraxılandan 5 ay sonra qətlə yetirildi. Onu öldürən isə Emin Səfərovun xalası oğlu, 2000-ci il təvəllüdlü Samir Şirəliyev idi.

Bizimyol.info xəbər verir ki, indi də Bakı Ağır Cinayətlər Məhkəməsində 22 yaşlı Samir Şirəliyevin məhkəməsi gedir. O, məhkəmədə ifadəsində deyib ki, xalası oğlunun qisasını almaq üçün Zaur Yusifovu öldürüb.

“Atamla anam ayrılmışdı. Emin mənə uşaqlıqdan həm ata, həm ana, həm də qardaş olub”, - Samir Şirəliyev bildirib.

2019-cu ildə qətlə yetirilən “Emin 444”ün ölümünə görə Zaur Yusifovla yanaşı, Həsən Tağıyev də həbs olunmuşdu. Onlar birlikdə mühakimə olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Yusifova bəraət verilsə də, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilmişdi.

Məhkəmə Zaur Yusifovu təqsirsiz hesab edib, ona bəraət verdiyi halda, hansı səbəbdən onu xalası oğlunun ölümündə günahkar hesab edib öldürməsi barədə suala Samir Şirəliyev belə cavab verib: “Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, Zaur öldürüb, sadəcə, məhkəmə nəyə görəsə, hansısa yolla ona bəraət verib...”

Məhkəmədə ittiham aktı elan edilib. Orada yazılıb ki, Masallı sakini olan Samir Şirəliyev ov silahı ala bilmək üçün rəsmi qaydada Daxili İşlər Nazirliyinə müraciət edib. Ona razılıq veriləndən sonra Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən ovçuluq-balıqçılıq mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb, atəş açmağı isə Novxanıdakı poliqonda öyrənib.

İttihama əsasən, Samir Şirəliyev bir müddət Zaur Yusifovu izləyib. Hadisə günü onun yaşadığı evin blokunda gizlənərək güdüb. Həmin vaxt Zaur Yusifov “Instagram” səhifəsində canlı yayıma çıxıb. Samir Şirəliyev canlı yayımdan başa düşüb ki, o, özünə məxsus çay evindədir. Bundan sonra çay evinə yollanıb. Oradan çıxan Zaur Yusifov üzbəüzdəki “Qardaşlar” adlı mağazaya daxil olub. Bu zaman Samir Şirəliyev də onun ardınca mağazaya daxil olub və onu öncə baş, yerə yıxılandan sonra isə bədən nahiyəsindən açdığı atəşlə qətlə yetirib.

Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 228.4 (qanunsuz olaraq soyuq silah əldə etmə, saxlama) maddəsilə ittiham verilib. İddia olunur ki, onun üstündən döyüş bıçağı da tapılıb.

Samir Şirəliyev bu ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib. O, soyuq silahla bağlı ittihamı qəbul eləmir. Ölüm işinə gəlincə, özünü Cinayət Məcəlləsinin 120.1 maddəsilə təqsirli bilir. O bildirib ki, Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürməyib. Mağazada satıcını görəndə atəş açmayıb ki, güllə ona da dəyə bilər. Zaur Yusifov yerini dəyişəndən sonra piştaxtaların yanında ona atəş açıb.

Samir Şirəliyev məhkəmədə ifadə verərkən deyib ki, xalası oğlu qətlə yetiriləndə müharibədə idi. O, hərbi xidmətdən qayıdandan sonra Eminin ölümündən xəbər tutub. Xalası oğlunun qətlində ittiham olunan Zaur Yusifov həbsdən buraxılanda qərara gəlib ki, ondan qisas alsın.

Zərərçəkmiş tərəfin vəkili Ceyhun Yusifov təqsirləndirilən şəxsdən Zauru qətlə yetirəndən sonra xalasına bu barədə məlumat verib-vermədiyini, Emin Səfərovun il mərasimində, onun qətlilə bağlı məhkəmə prosesində iştirak edib-etmədiyini soruşub.

“İl mərasimi vaxtı xəstə idim, ona görə gələ bilmədim. Məhkəmədə isə iştirak etməmişəm, çünki səbrlə bu işin sonunu gözləyirdim”, - Samir Şirəliyev cavab verib.

Samir Şirəliyevin cavabından o da məlum olub ki, xalası oğlu Masallıda dəfn olunub. Deyir ki, cinayəti törədəndən sonra gedib xalası oğlunun məzarını ziyarət edib, orada da təslim olmağı planlaşdırırdı. Lakin yolda fikrini dəyişib: “Fikirləşdim ki, evdəkilərə narahatlıq yaradaram. Ona görə qərara gəldim ki, elə Cəlilabadda təslim olum. Ona görə Cəlilabad rayon Polis Şöbəsinə gedib təslim oldum”.

Zərərçəkmiş tərəf iddia edir ki, Samir Şirəliyev bu qətli törətməyə təhrik edilib.

“Bu, təhrikçiliklə, sifarişlə törədilmiş cinayətdir, Samir Şirəliyev özbaşına eləməyib”, - vəkil Ceyhun Yusifov bildirib.

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

Onu da əlavə edək ki, Zaur Yusifov qətlə yetiriləndə onunla bağlı bəraət hökmündən zərərçəkmiş Emin Səfərovun anasının verdiyi şikayətə, eləcə də prokurorluğun protestinə Bakı Apellyasiya Məhkəməsində baxılırdı. Zaur Yusifovun qətlindən sonra apellyasiya məhkəməsi bu işlə bağlı yekun qərarını verib. Məhkəmə onun haqqında bəraət hökmünü ləğv edib. Zaur Yusifov “Emin 444”ün qətlində təqsirli bilinib. Lakin dünyasını dəyişdiyinə görə barəsindəki cinayət işinə xitam verilib.

Mərhum Zaur Yusifovun vəkili Ceyhun Yusifov isə onun təqsirsiz olduğunu deyir. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Yusifov haqqında bəraət hökmü çıxarmış hakimlər – İlham Mahmudov, Faiq Qəniyev və Səbuhi Hüseynov haqqında bu işə görə Məhkəmə-Hüquq Şurası intizam icraatının başlanmasına qərar verib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »