Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya və Finlandiya ilə sərhədlərdə rusiyalıların vizası ləğv edilir
Estoniya və Finlandiya ilə sərhədlərdə rusiyalıların vizası ləğv edilir

Estoniya və Finlandiya rusiyalıların Avropaya gəlişinə qadağan olunmasını təklif edənlər sırasında öncüllərdəndir. Hər iki ölkənin hökumət rəhbərləri Rusiya vətəndaşlarının, heç olmasa, bu istiqamətdə sanksiyanı hiss etmələrinin tərəfdarıdır. Estoniya qaydaları xeyli sərtələşdirib, rusiyalılara yollar böyük mənada bağlanıb. Rusiya vətəndaşının bu ölkəyə keçidi üçün çox ciddi səbəbləri olmalıdır.

Bizimyol.info xəbər verir ki, Estoniya və Finlandiya rusiyalılara ciddi başağrısı yaratmağa başlayıb. Bu ölkələrlə sərhədlərdə onların Şengen vizası birbaşa ləğv edilir. Müstəqil media, sosial şəbəkə istifadəçiləri bu barədə geniş müzakirə açıb. Jurnalist, siyasətçi Kseniya Sobçak da bu haqda yazıb. O, konkret faktlar ortaya qoyub. Estoniyalı sərhədçilər rusiyalı qadının Fransa səfirliyindən aldığı vizanın üzərindən xətt çəkib. Onlar valyuta qaçaqmalçılığını səbəb göstəriblər. Sobçak yazır ki, başqa bir rusiyalı Estoniya ilə sərhəddə Yunanıstan vizasının ləğvi ilə qarşılaşıb.

“29.ru” saytının əməkdaşı Yaroslava Varenika məhz Estoniyaya viza alıbmış. Onu ölkəyə buraxmayıblar. Sərhəddə bildirilib ki, jurnalistin səfər məramı məlum deyil.

“İzvestiya”nın əməkdaşları – müxbir Kseniya Soldatova və operator Dmitri Timofeyev də oxşar taleyi yaşayıb. Bu dəfə zərərli təbliğat ehtimalı işini görüb. “İzvestiya”nın əməkdaşları turist vizası alsa da, estoniyalı sərhədçilərin diqqətindən yayına bilməyiblər.

Daha iki rusiyalı Şengen vizası ilə Finlandiyaya keçə bilməyib. Sərhədçilər bildirib ki, Rusiya vətəndaşlarının geri qayıdacaqlarına əmin deyillər.

Rusiya mətbuatı Estoniya və Finlandiya sərhədçilərinin qanunsuzluğa yol verdiyini bildirir. Çünki onlar bəzən başqa ölkənin vizasını ləğv edirlər. Hüquq elmləri namizədi Vitali Slepak isə belə düşünmür. O, Şengen viza kodeksini diqqətlə oxumağı məsləhət görür. Burada başqa ölkənin verdiyi vizanı ləğv etmək imkanından bəhs olunur. Bir şərtlə ki, həmkarlara bu barədə məlumat verilsin.

Estoniya və Finlandiya sərhədlərindən geri qaytarılan rusiyalıların sayı getdikcə artır. İlin-günün düz vaxtında Şengen vizasının ləğvini hüquqi müstəviyə çıxarmaq, mübahisələndirmək olardı. Amma fakt odur ki, rusiyalılar yavaş-yavaş arzuolunmaz obraza çevrilir. Zamanla onlara yaradılan əngəllər barədə daha çox eşidəcəyik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »