Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vazektomiya proseduru ilə kişilər razılaşmır"
"Vazektomiya proseduru ilə kişilər razılaşmır"

Arzuolunmaz hamiləliyin qarşısının alınması üçün doğuşa nəzarət üsulları var. Adətən bu üsullar qadınlar tərəfindən həyata keçirilir. Spiraldan istifadə, müxtəlif dərmanların qəbulu, boruların bağlanması və s. qadınların həyata keçirdiyi üsullardır. Ancaq bəzən kişilər də özlərini qısırlaşdıra bilir. Bu proses tibbdə vazektomiya adlanır. Vazektomiya əslində ailə planlaması üçün tətbiq edilən sterilizasiya üsuludur. Qısaca desək, bu tətbiqin məqsədi spermanın uretraya daxil olmasının və hamiləliyin baş verməsinin qarşısını almaqdır. Mütəxəssislərin fikrincə, bu üsul ən zəmanətli üsul hesab edilə bilər. Əməliyyat, sperma kanallarının kəsilməsi ilə tətbiq edilən cərrahi üsuldur. Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, tətbiqdən 12 həftə sonra bütün sperma təmizlənir və sterilizasiya edilir. Bəs Azərbaycanda bu prosedura müraciət edilirmi?

Mütəxəssislərin fikrincə, Azərbaycanda kişilər bu prosedura müraciət etmir. Həkim-ginekoloq Xoşqədəm İbrahimova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda hamiləlikdən qorunma daha çox qadınların məsuliyyətində olan bir prosedur hesab edilir.

“Qadınlar arzuolunmaz hamiləlik halları ilə müraciət edən zaman söhbətlərimizdə məlum olur ki, bəzən onlar heç qorunma üsulları haqqında belə bilmirlər. Kişilər də əksər üsullardan xəbərsiz olur. Biz söhbətlər aparıb izah edirik. Amma vazektomiya proseduru ilə kişilər razılaşmır. Onlar əbədi qısırlaşdırılmanı qəbul etmək istəmirlər”,- deyə həkim bildirib. Onun sözlərinə görə, kişilərin bu prosedurdan imtina etməsi fizioloji olaraq deyil, psixoloji vəziyyətləri ilə əlaqəlidir. Yəni Azərbaycandakı kişi qısırlaşdırılma prosedurunu əsla qəbul edə bilməz.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, azektomiya kimi prosedurlara heç bir zaman övlad arzusunda olmayan kişilər müraciət edir.

“Bu həyatdan razı olmayan kişilər, övlad sahibi olmaq istəmirlər. Onlar ya həyatlarını istədikləri kimi yaşamağa üstünlük verdikləri üçün bu proseduru seçirlər. Ya da övladı artıq yük kimi hesab etdikləri üçün vazektomiya tətbiq edilməsi proseduruna gedirlər. Azərbaycanda bu prosedura müraciət edənlər demək olar ki, yoxdur. Azərbaycan kişisi əksinə daha çox övlad sahibi olmağa meyillidir. Azərbaycan ailələri əvvəllər də çox uşaqlı olub. Eyni zamanda övlad arzusunda olmayan qadınlar özləri qorunmağa çalışıblar. Odur ki, bu prosedur hələ Azərbaycan psixologiyasına uyğun deyil” - deyə psixoloq əlavə edib.

Vazektomiya prosesi müxtəlif ölkələrdə, eləcə də Türkiyədə həyata keçirilir. 1000 ABŞ dollarına bu prosduru reallaşdırmaq mümkündür.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »