Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-da böyük qalmaqal: Məxfi silah sənədləri internetdə satışa çıxarılıb
NATO-da böyük qalmaqal: Məxfi silah sənədləri internetdə satışa çıxarılıb

Bütün dünyanın gözününün Rusiya və Ukrayna arasında davam edən müharibəyə çevrildiyi vaxtda NATO-da böyük böhran yaşanır. Finlandiya və İsveçin üzvlüyünü ratifikasiya etmək mərhələsində olan NATO-da gizli hərbi sənədlərin sızdırılması çox çətin vəziyyətə gətirib çıxarıb.

Bizimyol.info xəbər verir ki, NATO raket istehsal edən şirkətin məlumatlarının, o cümlədən məxfi hərbi məlumatların haker qrupu tərəfindən onlayn satışı ilə bağlı araşdırmaya başlayıb. Bildirilir ki, hakerlər tərəfindən ələ keçirilən və satılan məlumatlar arasında Ukrayna müharibəsində istifadə edilən NATO silahlarının dizaynları da var.

Məlumat üçün bildirək ki, Avropanın aparıcı silah istehsalçılarından olan “MBDA Missile Systems” şirkətinin məlumatlarını ələ keçirən və cinayət törətdikləri bildirilən hakerlər bu məlumatları internetdə satışa çıxarıblar.

MBDA onların məlumatlarının oğurlandığını təsdiqləyib, lakin məxfi hərbi sənədlərin heç birinin onlara aid olmadığını açıqlayıb.

Fransada yerləşən və bütün Avropada fəaliyyət göstərən şirkət məlumatın İtaliyada sındırıldığını və həmin dövlətin səlahiyyətliləri ilə hadisəni araşdırdıqlarını bildirib.

NATO sözçüsü deyib: “Biz MBDA-dan oğurlandığı iddia edilən məlumatlarla bağlı iddiaları qiymətləndiririk. Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur”.

Qeyd edək ki, hakerlər rusca və ingiliscə yazışmaları olan forumlarda 80 GB həcmində olan bu məlumatı 15 Bitcoinə (təxminən 18 min funt) satırlar.

Oğurlanmış məlumatların satışı üçün hazırladıqları reklam mətnində isə bildirilir: “Qapalı hərbi layihələrdə iştirak edən şirkətlərin işçiləri haqqında məxfi məlumatlar”.

Onu da əlavə edək ki, bu məlumatların içərisində şirkətlərarası rəsmlər, dizaynlar, təqdimatlar, video və foto materialları, müqavilə mətnləri və yazışmaların da yer aldığı iddia edilir.

Forum istifadəçiləri üçün açıq olan, BBC-nin də gördüyü 50 MB-lıq hissədə ABŞ Hərbi Hava Qüvvələrinin Estoniya və Baltikyanı ölkələrdə 2020-ci ilin sonunda həyata keçirdiyi “kommunikasiya kəşfiyyatı” missiyası ilə bağlı bəzi təfərrüatlar var.

Xatırladaq ki, “MBDA Missile Systems” 2001-ci ilin dekabrında Fransa, İtaliya və İngiltərədə raket sistemləri üzərində işləyən şirkətlərin birləşməsi ilə yaradılıb. 13 min işçisi olan şirkət ötən il 3,5 milyard funt-sterlinq gəlir əldə etdiyini açıqlamışdı. Böyük Britaniya Müdafiə Nazirliyi, ABŞ ordusu və NATO da şirkətin müştəriləri arasındadır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »