Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu ki mənim Əzrayilimdir...
Bu ki mənim Əzrayilimdir...

Ahıllıq yəqin ki, aqillikdən yaranan sözdür. Ya da əksinə, söhbət onda deyil. Əsas olan odur ki, ahıllaşdıqca çox nəsnələri aydın görməyə başlayırsan. Çox hərəkətlərdən çəkinir, yersiz söz-söhbətdən qaçırsan. Qalın geyinirsən ki, soyuq dəyməsin, möhkəm yerimirsən ki, tərləməyəsən , yeyib-içməyinin, elə sözünün-söhbətinin də isti-soyuğuna diqqət etməyə başlayırsan. Hərdən kölgə kimi bir şeylər görünür gözünə. Axşam-səhər səninlədir. Sən bilirsən o kimdir, o da bilir sənin kim olduğunu, hardan gəlib hara getdiyini. Səhər yuxudan ayılıram!

- Salam əleyküm Əzrayil baba, sabahımız xeyir olsun! Necə yatmışdım. Sən bilərsən çox yatmışam? Axı sən heç yatmırsan. İşin gücün var, həm də... Amma yerin məlum, yaxşı yuxu görürdüm. Görürəm, siz tərəfdə olan dost-tanışın arasındayam. Məclisimiz əla, urəyim istəyənlər ətrafımda, hamı da ağzımı açıb bir söz demək istəyən kimi məni başa düşür. Özün bilirsən ki, mən ağlı dumanlandıran içki-filandan kənaram. Əsl sizin adamam.

Bığaltı qımışır. Yəni demək istəyir ki, Onun yazdığına şükür elə, vaxtın gələndə aparacam.

- A... bunun heç bığı yoxdur ki, ay zalım balası (Bala da demək ayıb olmasın, min illərin bığlı-saqqalı mələyinə), nə yeməyin var, nə içməyin, nə bir hovur gəzməyə getməyin var, nə də istirahətin. Eləcə durub başımın üstündə gözlərini zilləyib mənə baxırsan. Elə bil 10 milyard insan bir yanadı, mən bir yana. Nə isti bilirsən, nə soyuq hiss edirsən. Postunda bərk dayanmısan!

Gözlərini mənə zilləyib durur.

- A... heç bunun gözü yoxmüş ki. Bəs mənə necə baxırsan? Nə olar bircə dəfə din-danış. Mən də o sualı verim, cavabımı alım ürəyim rahat olsun. Vallah ölümdən, zaddan qorxmuram, sadəcə bilmək istəyirəm ki, nə vaxt...

Yaman nəzarətdə saxlayırsan ha məni. Amma elə bilmə ki, görmürəm, hərdən oxşarını öz yerinə qoyub harasa gedirsən. Qayıdanda da üst-başını təmizləyə-təmizləyə gəlirsən. Xeyir ola? Səndən nə xeyir əşi... İş “ağır” olanda, cavanlar bacarmayanda səni çağırırlar yəqin? Eybi yox, heç nəzarətçi qoymasan da mən sənə xəyanət edən deyiləm. Sən canın paltarımı dəyişəndə üzünü çevir, ayıbdı, utanıram səndən. Hara qaçacam ki? Dövlətin yüksək çinli məmurları kimi əlin hər yerə çatır. Sən öl, sən olmasan heç bir Əzrayilə can vermərəm. Baxma neçə illərdir üzümüz-gözümüz öyrəşib bir-birimizə.

Məmnun halda saqqalını qarışdırır.

- A... heç bunun saqqalı da yox imiş ki. Ay saqqalı ağarmış, heç olmasa məni bir “babat” vəziyyətdə yaxala. Yoxsa, suyun-palçığın içinə salma. Yıxılmaqdan da zəhləm gedir. Adam özünü çox kiçilmiş hesab edir yıxılanda. Səni and verirəm səni göndərənin dərgahına, qarşıma yol polisi, “uçastkovı”, rüşvətxor məmur, pul qazanmaq üçün lazımsız dərman yazan həkim, qələmini satan jurnalist, şagirdə-tələbəyə qiymət yazmayıb pul istəyən müəllim, yolun ortasında maşını saxlayıb telefonla danışan sürücü, özünü dünyanın bütün biliklərinə sahib kimi göstərib suallara əda ilə-ağızucu cavab verən ticarətçi kimi çıxma qarşıma canımı alanda.

Əli ilə başını tutur.

- A... bu yazığın başı var ki? Ay başına döndüyüm, çox şey istədim? Vallah dediklərim demədiklərimin heç yüzdə biri deyil. Hər addımda, hər saniyə sənin “kliyentin” olmaq etimalımız var. Hər tərəfimiz əsəb, gərginlik, hirs-hikkə ilə əhatələnib. Sənin üçün bundan münbit şərait var?

Üzünü turşudur. Yəni "mən neyləyim, özünüz edirsiz də" ifadəsi ilə.

- A... heç bunun üzü də yox imiş ki.  Amma sənin də üzün-üzlər görüb, keyfini pozma. Biz öyrəşmişik, üzümüzün suyunu tökmüşük bu yaşa gələnə qədər. Neçə illərdir buralardasan, nə yaxşı buraların ab-havasına öyrəşməmisən? Bilirsən nə qədər qazanardın. Bir can almaq nədir ki, bircə ilə dünyanın yarısını alardın! Sən də ki, eləcə durub baxırsan.

Halını pozmur. Qürurla çiyinlərini qaldırıb özünə qalib görkəmi verir.

- A... bunun bədəni hanı? Dur-dur. Nə vecinə? Bəzi məmur balaları kimi arxanda dağ kimi dayananın var. Xətrinə dəyməsin, bilirəm dağ bizim anlamımız da böyükdür. Yəni özün hesab elə də... Amma səndə də az yoxdur ha... Bankomatdan maaşımı çıxaranda yaman yaxınlaşırsan. Nədi, həyati təhlükəm çoxalır. Narahat olma əşi, onu elə evə çatana qədər “rasxoda” hesablayıb xəyali paylayıb qurtarıram. Özümə təkcə siqaret pulum qalır. Nə vecinə üçdə alacağın yox- beşdə verəcəyin.

Nə yaxşı sənin cibin yoxdur, Əzrayil kişi! Kişi adamsan Vallah. Sənin yerində fani olsaydı, indi özünü o qədər alçaldardı ki, çayxanada onu ələ salıb gülərdilər. Küçədə bir boynuyoğun şapalaqla əzrayil işləyənin boynunun arxasından vurub: “Ə əzrayil, sən öl səni biz tərəflərdə görsəm, dədəni belinə şəlləyərəm”, - deyərdi. Bir başqası: “A kişi, axşam uç biz tərəfə, uşaqlara tapşırmışam səni görəcəklər. Mən səfərə gedirəm, özü də elə belə deyil vacib işdir, təyyarəmlə işin olmasın”, - deyəcəkdi. Qalanını o fani əzrayilə nə gün-saat verəcəyini özün bilirsən. Bizdə zəifi əzib güclüyə itaət etmək şakəri var, bunu da bilirsən.

Fikrə gedir.

- Yaxşı ki, səni yaradan özü kimi görünməz yaradıb. Çox fikir eləmə, biz belə yaşamağa öyrəşmişik.

Amma öz aramızdır, bu ölkədə bilirsən səninlə “yol yoldaşı” olmağa layiq nə qədər adamlar var? Nədənsə onlara heç “gözün üsə qaşın var” demirsən. Xırda bir mənfəət üçün yalan danışır, hər imkanda mənin kimilərini aldadırlar. Düz sözümüzə rişxənd edib, yalanlarınına hamını inandırırlar. Ləyaqətli insanları əzib, özlərini ali irq kimi göstərirlər. Haqqı nahaqqa qurban verirlər. Sənin də ki, gözün elə mənim kimi fağırları “yeyir”. Allah köməyin olsun, hərdən bir mizan-tərəziyə də bax da. Oturub gözləyirsən ki, bir səhv eləyim, yapışasan yaxamdan. Nə deyim, hamısını özün məndən yaxşı görürsən, bilirsən...

Salamat qal, məni yuxu aparır, necə də olsa, görüşərik!

- A... bu da getdi... Bəlkə heç sən yoxsan? Biz mütləq həqiqət axtarmağın lövhəsini çəkmişik sən yaranmısan. Xəyallarımızda yaradıb, qorxularımızda böyütmüşük səni.

Qadir Musaoğlu

Qadir Musaoğlu, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »