Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən gənc qadın baş naziri: Sosial şəbəkədən başlayan yol...
Dünyanın ən gənc qadın baş naziri: Sosial şəbəkədən başlayan yol...

Sanna Marin təkcə vətəni Finlandiyada yox, ölkənin hüdudlarından xeyli uzaqlarda da çox sevilir. Dünyanın ən gənc qadın baş naziri siyasətdə sadəliyin və zərifliyin rəmzinə çevrilib. O, uşaqlıq dostlarını hələ də unutmur, onlarla birlikdə əylənir. Bu günlərdə qonaqlıqdakı şəkilləri ilə bağlı söz-söhbət yayılanda da özünəməxsus cavabı gecikməmişdi: “Mən də insanam, dostlarım var”. Sanna Marin dəyişməyəcəyini, həmişə asudə vaxtlarında belə əylənəcəyini demişdi. Finlandiyanın baş naziri siyasi xadim kimi məsuliyyətini də unutmur, ölkənin yalnız gözəl gələcəyini arzulayır.

Bizimyol.info xəbər verir ki, Sanna Marin baş nazir postuna keçəndə cəmi 34 yaşı var idi. Tarix heç vaxt bu qədər gənc qadın baş nazir görməmişdi. Hətta kişilər də bu yaşda hökumət rəhbəri ola bilmirlər. Sanna Marinin daha bir özəlliyi eynicinsli ailədə doğulması idi. Anası qızını qadın sevgilisi ilə birlikdə böyütmüşdü. Sanna yalnız gəncliyə qədəm qoyanda cəmiyyətdən belə ailələrə daha dözümlü yanaşma gördüyünü bildirir.

Gələcəyin baş naziri iş həyatına xeyli erkən, 15 yaşında başlayıb. Çörək sexində işləyib. Sonradan Tampere Universitetində ali təhsil alıb. Təsəvvür edin, hələ universitetdə ikən Tampere şəhər şurasına rəhbərlik edib. 2015-ci ildə parlamentdə yer qazanıb. Bundan 4 il sonra nəqliyyat və kommunikasiya naziri təyin olunub. Sanna Marin sistemli, ağır zəhmətin bəhrəsini görüb.

Gənc siyasətçi baş nazir postunu çox çətin dönəmdə təhvil almışdı. Ölkəni etirazlar bürümüşdü. Əvvəlcə poçtalyonlar narazılığa başlamışdı. Etiraz dalğasına elektriklər, dənizçilər, aeroport və dəmiryolu içşiləri də qoşulmuşdu. Məvaciblərdən narazılıq vardı. Nəqliyyat və kommunikasiya nazirinin daha böyük məsuliyyəti üzərinə götürməsi vəziyyəti dəyişdi. Sanna Marin insanların istəklərini nəzərə aldı: “Mən kasıb ailədə böyümüşəm. Amma təhlükəsiz uşaqlığım olub, təhsil almışam, arzularımı həyata keçirmişəm. Hər bir şəxs üçün istəklərinə çatmağın əlçatan olması arzusu məni siyasətə gətirib. Gələcək nəsillər yaxşı və ləyaqətli həyat sürməlidir”.

Sanna Marin Finlandiya siyasətində inkişafın rəmzi sayılır. Qəzetlərdən biri sosial şəbəkə nəslinin siyasətçisi” sərlövhəsindən istifadə edəndə baş nazir inciməmişdi. Sanna Marin sosial şəbəkə səhifəsinə özü nəzarət edir. Gənc hökumət rəhbəri çoxlu şəkillər paylaşmağı sevir. Onun körpə qızı Emma izləyicilərinin gözü qarşısında böyüyür. Burada bələkdə, uşaq arabasında şəkillər görmək mümkündür. Sanna Marin neçə vaxtdır həftədə 24 saatlıq iş rejimi ideyasını həyata keçirmək haqqında düşünür. Müəyyən eksperimentlər həyata keçirilib, uğurlu alınıb. Sanna Marin Finlandiyada yaşayan hər kəsin xoşbəxtliyi üçün çalışır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »