Yunanıstan mətbuatı növbəti dəfə “Abdulhamid Han” gəmisini manşetə çıxarıb və yeni iddia ilə çıxış edib.
Bizimyol.info xəbər verir ki, dünyada cəmi 5 ədəd olan, biri isə Türkiyədə olan bu tip gəmi avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərdiyi hədəfə doğru yola düşüb. Marşrutu rəsmən açıqlanan gəmi Yunanıstan mətbuatının gündəmindən düşmür.
Gəmi ilə bağlı hər gün yeni bir iddia ilə çıxış edən Yunanıstan mətbuatı artıq gəminin ikinci mərhələsinin iş sahəsinə diqqət yetirib. Yunanıstanın “Ta Nea” qəzeti ikinci mərhələ bölgəsi üçün yeni bir ssenari irəli sürüb. Qəzet Türkiyənin beynəlxalq müqavilələri pozacağını iddia edərək, “Abdulhamid Han”ın ikinci mərhələdə Kipr MEB-nin 6-cı parselinə üz tutacağını yazıb. Qəzet Türkiyənin terror təşkilatı FETÖ və PKK-çıların qaçış yolu olan Evros və ona yaxın adalara da çıxa biləcəyini iddia edib.
Yunanıstanda qısa zamanda gündəmin bir nömrəli xəbərinə çevrilən yazıda bu ifadələr yer alıb: “”Abdulhamid Han” gəmisi indiyədək heç bir narahatlıq doğurmayan ərazilərdə fəaliyyət göstərsə də, Müdafiə Nazirliyinin rəsmiləri dördüncü ssenari gözlənildiyi üçün rahatlıq tapa bilmirlər”.
Qeyd edək ki, texniki təchizat və fiziki xüsusiyyətləri ilə “Mavi Vətən”də donanmanın “ən güclüsü” olaraq xidmət edəcək “Abdulhamid Han” “Fatih”, “Kanuni” və “Yavuz”dan sonra Türkiyənin dördüncü qazma gəmisi, dünyanın isə beşinci ən böyük gəmisi olma xüsusiyyətini özündə daşıyır.
Yeddinci nəsil texnologiyaya sahib olan gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir.
Qoşa qülləli aktiv mövqeləşdirmə sisteminə malik, 200 nəfərlik ekipaj tutumu olan və 12.200 metrə qədər qazma qabiliyyətinə malik gəmi avqust ayında keçiriləcək mərasimlə “Taşucu” limanından ilk növbətçi məntəqəsinə yola salınacaq.
Leyla, Bizimyol.info