Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə bəd xəbər: Avropa qənaət rejimini seçdi
Putinə bəd xəbər: Avropa qənaət rejimini seçdi

Almaniyada hökumət qış mövsümü başlamazdan əvvəl ictimai binalarda istilik və işıqlandırmanı məhdudlaşdıran bir sıra enerjiyə qənaət tədbirlərini təsdiqləyib. Hökumət həyata keçirəcək tədbirlərlə təbii qazdan istifadəni 2 faiz azaltmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habeck bu tədbirlərin iki il ərzində ev təsərrüfatları, şirkətlər və dövlət sektoru üçün 10,8 milyard avro daha az xərclənməsinə imkan yaradacağını açıqlayıb.

Tətbiqin əsas məqsədi Ukraynadakı müharibə səbəbindən bir çox sanksiyalara məruz qalan Rusiyadan idxal olunan təbii qazdan asılılığı azaltmaqdır.

Xatırladaq ki, fevralın 24-də başlayan müharibədən əvvəl Almaniya təbii qaz ehtiyacının 55 faizini Rusiyadan alırdı. Bu nisbət hazırda 35 faizə düşüb, lakin Almaniya uzunmüddətli perspektivdə Rusiyadan təbii qaz idxal etməməkdə qərarlı olduğunu açıqlayıb.

Qeyd edək ki, bu idxal həm də Rusiya üçün ciddi gəlir mənbəyidir. Müharibə başlayandan sonra ilk iki ayda Almaniya təbii qaz üçün Moskvaya 9 milyard avro ödəyib.

Hökumətin təsdiq etdiyi plana əsasən, sentyabr ayından xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq. Girişlərdə, dəhlizlərdə və gözləmə otaqlarında istilik tamamilə kəsiləcək.

Dövlətə məxsus heykəllər və abidələr estetik görünüş səbəbi ilə işıqlandırılmayacaq. Gecə saatlarında mağazaların işıqlandırılmasının qarşısı alınacaq.

Şəxsi hovuzların isidilməsi də qadağan edilə bilər. Dəmir yolu xətlərində kömür və mazut daşıyan qatarlara üstünlük veriləcək. Bu o deməkdir ki, sərnişinlər gözləyə bilər və ictimai nəqliyyat əvvəlki kimi punktual olmaya bilər.

Almaniyada xalqa öz qənaət tədbirlərini necə görəcəkləri izah ediləcək.

Əlavə edək ki, bir çox Avropa Birliyi ölkəsi bu qış müharibə səbəbi ilə enerji istehlakını 15 faiz azaldacaqlarını açıqlayıb. Bu məhdudiyyət hələ məcburi olmasa da, böhran şiddətləndiyi təqdirdə məcburi hala salına bilər.

Məlumat üçün bildirək ki, İspaniyada ictimai binalarda və iri ticarət obyektlərində kondisionerdən istifadəyə məhdudiyyətlər qoyulub.

Çərşənbə günü İsveçrə də Avropa Birliyinin enerjiyə qənaət planını həyata keçirməyin "çox mənalı olacağını" açıqlayıb. İsveçrə hökuməti öz vətəndaşlarına evdə şam ehtiyatı saxlamağı və Rusiyadan gələn təbii qaza zəmanət verilməyəcəyini söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Avropaya qaz ixracını süni şəkildə azaldaraq təzyiq göstərirdi. Kreml ümid edirdi ki, daxili citimai təzyiq qarşısında Avropa Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. Almaniya kansleri Olaf Şolzla yaxşı münasibətlərinə baxmayaraq, rəsmi Berlin də sərt qənaət rejimini Putinlə danışıqlardan üstün tutdu.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »