Rusiya-Ukrayna müharibəsi altı ayı başa vurdu... Dünən (24 avqust) Ukraynanın müstəqilliyinin 30-cu ildönümü idi və Rusiyanın işğalı altında qeyd olundu. BMT-nin məlumatına görə, bu müharibədə ən azı 5500 mülki şəxs həyatını itirib.
Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı işğal əməliyyatı təkcə bu ölkəni deyil, indiyədək çox şeyi alt-üst edib. Bütün Avropa qitəsi bu qışı şaxtada keçirməyə hazırlaşır. Təsəvvür edirsiniz ki, “çiçəklənən qitə” kimi paxıllıq olunan Avropa indi isinmək üçün soba qurmağa hazırlaşır? Bu, Rusiyanı cəzalandırmaq üçün sanksiya avantürasının nəticəsidir. Avropa ölkələri bu macəraya öz istəkləri ilə girişmədilər. Onlar ABŞ və İngiltərənin (İngiltərə-Amerika tandemi) təzyiqi ilə məcbur oldular...
Lakin sanksiya cəhdi pis nəticə verdi. Avropa qitəsində siyasi və iqtisadi böhran dərinləşdikcə dərinləşir. Digər tərəfdən, guya sanksiyaya məruz buraxılmağa çalışılan Rusiya enerji sahəsində böyük üstünlükləri sayəsində gözləntilərin əksinə olaraq iqtisadi qazanc əldə edə bilir. Avropa Birliyi ölkələri bu vəziyyətə nə qədər dözə bilər? Siyasi və iqtisadi böhranların gedişinə baxsaq, onun uzun müddət davam etmək şansı yoxdur. Lakin o vaxtdan bəri ABŞ və Böyük Britaniya Ukrayna müharibəsini uzatmaq üçün hər şeyi edirlər.
Co Bayden Ukraynanın müstəqillik günündə 2,9 milyard dollarlıq yeni yardım paketini açıqlayıb. Bu, bir növ ad günü hədiyyəsi təsiri bağışlayır. ABŞ prezidenti Ukraynanın müstəqillik günü ilə bağlı açıqlamasında bunları qeyd edib: “Son altı ayda ukraynalılar qeyri-adi cəsarətləri və azadlığa sadiqliyi ilə bütün dünyanı ruhlandırdılar. Onlar Rusiyanın genişmiqyaslı işğalı qarşısında iradəli və möhkəm dayandılar”.
Çıxışına “sən aslansan”, “sən pələngsən” deyə həvəsləndirici ritorika ilə davam edən ABŞ prezidenti bəyan edib ki, Ukrayna öz müstəqilliyini və suverenliyini hər zaman qoruyacaq və ABŞ bu yolda Ukrayna xalqını dəstəkləməyə davam edəcək. Həmçinin O, ən böyük yardım layihəsini elan etməkdən qürur duyduğunu da söyləyib. 2,9 milyard dollarlıq bu son paketlə ABŞ indiyədək cəmi 10,6 milyard dollar dəstək verib. Şübhəsiz ki, məqsəd uzun sürən müharibədə Rusiyanı zəiflətmək və əldən salmaqdıq. Yaxşı, bəs bu pul buna kifayət edirmi? ABŞ-ın əvvəllər Vyetnam, İraq və Əfqanıstanda xərclədiyi pulları nəzərə alsaq, bu kifayət deyil. Üstəlik, oraya xərclədiyi astronomik rəqəmlərə baxmayaraq, son nəticədə qalib gələ bilmədi. Baydenə görə, bu yardım paketi ilə Ukraynanın hava hücumundan müdafiə raket sistemləri, arsenal və pilotsuz uçuş aparatları, radarları olacaq. Halbuki, qarşı tərəfin Rusiya olduğu və bu ölkənin əlindəki saysız-hesabsız silahlar nəzərə alınmır.
Hətta Rusiya da uzunmüddətli müharibəyə hazır görünür. Yəni İngiltərə-Amerika tandeminin özünə qarşı izləməyə çalışdığı strategiyanı çoxdan müəyyən edib və buna uyğun hazırlıqlar görüb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ərazisində irəliləyişi qəsdən ləngitdiklərini açıqlayıb. Deməli, ruslar tələsmir. Yaxşı, eyni şeyi Ukrayna üçün də demək olarmı? Altı ayda ən azı altı yüz milyard dollarlıq infrastruktur və yaşayış yerləri dağıdılan, əhalisinin üçdə biri müharibə nəticəsində didərgin düşmüş bu ölkə Rusiyaya qarşı “vur-qaç” taktikası ilə nə qədər uzağa gedə bilər? Göstərilən cəsarətlə acı reallıqlar arasındakı fərqi diqqətlə düşünmək lazımdır.
Ukrayna prezidenti Zelenski dünən müstəqillik günü şənliyində sona qədər mübarizə aparacaqlarını və ilhaq edilmiş Krımı və işğal olunmuş şərq rayonlarını mütləq azad edəcəklərini bildirib. Zelenskinin bundan fərqli bir şey deməsi lazım deyildi. Lakin onun dediklərini yerinə yetirməsi indiki şəraitdə qeyri-mümkün görünür.
Bir sözlə, müharibəni uzatmaq üçün istənilən siyasi münasibət mütləq Ukraynaya qarşıdır və ölkənin yaralarını dərinləşdirməkdən başqa heç nəyə yaramır. Bu qanlı müharibədən sonra Ukrayna qarşıdakı otuz il ərzində özünə gələ bilsə, bu, böyük bir iş olar.
Mətin Şükürlü, Bizimyol.info