Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın palçıq vulkanları əcnəbi turistin gözü ilə... - Foto, Video
Azərbaycanın palçıq vulkanları əcnəbi turistin gözü ilə... - Foto, Video

Yer üzündə 2000-ə yaxın palçıq vulkanı var. Onlardan 350-si Azərbaycan ərazisindədir. Ümumilikdə dünyanın 42 ölkəsində palçıq vulkanları aşkar edilib. Öncə onu qeyd edək ki, palçıq vulkanları maqmatik mənşəli vulkanlara nisbətən daha azdır. Daşgil palçıq vulkanı Bakıdan 80 km aralı Ələt qəsəbəsinə yaxın bir ərazidə yerləşir. Azərbaycan ərazisində Bozdağı-Otman, Kalmas, Torağay, Daşgil və s. palçıq vulkanları var. Palçıq vulkanlarının püskürməsi zamanı vulkan ağızlığından ətrafa gil və s. mənşəli maddə axır.

Bəzi mütəxəssislərə görə, palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.

Əslində palçıq vulkanları təhlükəsiz deyil. Məsələn XV əsrdə püskürən palçıq vulkanı Azərbaycanın Köhnəgədi kəndini palçıq altında basdırmışdı. 1922-ci ildə isə, Bakı ətrafında yerləşən Omanbozdağ palçıq vulkanının püskürməsi nəticəsində alov 14 km hündürlüyə yüksəlmişdi.

Bizimyol.info komandası Bakıdan 80 km aralı Ələt qəsəbəsində aktiv palçıq vulkanlarını çəkib. Öncə qeyd edək ki, palçıq vulkanlarına gedən yol təhlükəlidir. Yoxuşa qalxarkən avtomobilindən diqqətini yayındırsan, yəqin ki, yoxuş aşağı enərsən. Böyük həyəcanla yoxuşu qalxdıqdan sonra qarşında maraqlı bir mənzərə açılır. Sanki böyüklü-kiçikli vulkanlar diyarına düşmüsən. Ərazidə həm bələdçilik edən, həm də vulkanları görmək istəyənləri tanıdığı bütün vulkanlara aparan Səxavət Rzayev bizi də mehribanlıqla qarşıladı. Öncə vulkanlar haqqında danışdı. Dedi ki, o uzun illərdir ki, vulkanları görmək istəyənlərin köməyinə yetişir. Həm yerli, həm də xarici turistlərə qoşulub, dağları gəzir, vulkanlarla tanış edir. Elə bu dəfə də Səxavət bəyin yanında Maykl adlı əcnəbi var idi. Səxavət bəy, ingilis dilini bilməsə də, Maykla Azərbaycan dilində danışaraq elə gözəl izah edirdi ki, Maykl onun nə dediyini mimikasından, davranışından, əl hərəkətlərindən başa düşürdü. “Maykl ordan getmə, belə get”... Sanki Maykla doğma ana dilində deyilirdi bu söz.

Maykl bu ilin iyul ayında Azərbaycana turist kimi gəlib. Bu iki ay ərzində Azərbaycanı qarış-qarış gəzən turistin bu dəfəki səyahəti də vulkanlara olub. Maykl deyir ki, “Azərbaycan möhtəşəmdir”... Vulkanları yaxından çəkir, hətta vulkan palçığından başına çəkərək, fayda görəcəyini düşünür...

Ələt qəsəbəsindəki palçıq vulkanı, Foto: İlahin, Bizimyol.info

Beləcə Səxavət bəy, Maykl və mən Ələt qəsəbəsi ərazisində olan vulkanları ziyarət edirik. Səxavət bəy, vukanları görmək istəyənlərə özü də avtomobillə xidmət edir. Bunun üçün isə, turist 15-20 manatından keçməlidir. Daşgil-1 vulkanından uzaqlaşıb, ondan bir xeyli aralı və dağların zirvəsində olan Daşgil-2 vulkanına doğru gedirik. Kələ-kötür, dağın ətəyi ilə uzanan yol bizi vulkana doğru aparır. Bu yol daha təhlükəlidir. Zirvələr, yoxuşlar... Dar cığırla yuxarı qalxdıqca, həyəcanlanmamaq mümkün deyil.

Daşgil-2, dalğalanan vulkandır. Kənarlarında sərt hərəkət etdiyin zaman ayağının altında torpaq dalğalanır. Sanki bu saat ağzını açıb udacaq səni... Səxavət bəy, yenə həvəslə işindən danışır. Deyir ki, "ruslar gəlib əvvəlcə bədənlərinə vulkan palçığı çəkir, sonra isə, digər vulkanda yuyunurlar. Vulkanın tərkibində metan qazı olduğu üçün dərin olmasına baxmayaraq, insanı içinə çəkmir..."

Maykl həvəslə gəzir, foto-video çəkir, Səxavət bəy Mayklla Azərbaycan dilində "maraqlı" söhbət edir və mən də hər ikisini çəkirəm...

vulkanlar, Ələt qəsəbəsi Ələt qəsəbəsindəki palçıq vulkanları, Foto: İlahin, Bizimyol.info

Etiraf edək ki, Azərbaycanda qeyri-neft sahəsində ən çox gəlir elə turizm sahəsindədir. Vulkan palçığının sağlamlıq üçün faydalarını da nəzərə alsaq, bu əraziləri Azərbaycan üçün gəlir mənbəyinə çevirmək olar. Vulkan palçığından kosmetikalar hazırlanar. Turistlər üçün daha rahat yol salınsa, daha çox turist bu vulkanlara baş çəkər...

Səxavət bəy deyir ki, vulkanlara adətən səhər, yəni günortaya qədər gəlirlər. Hər gün onlarla turisti qarşılayan-gəzdirən-yola salan Səxavət bəy, onlarla elə danışır ki, elə bu söhbət üçün vulkanlara gəlməyə dəyər...

“Maykl şaşlık istəyirsən? Kabab! Ay xanım, ingiliscə kababa nə deyilir?”...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »