Türkiyənin Suriyada mümkün əməliyyatı bölgədə müzakirələrə səbəb olsa da, ötən gün ABŞ-ın Suriyaya hava hücumundan sonra gərginlik artır.
Bizimyol.info xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən axşam saatlarında İranın dSuriyanın şimal-şərqindəki bazalarına hücum etdiyini açıqlayıb.
CENTCOM-dan verilən yazılı açıqlamada ABŞ-ın Suriyadakı iki bazasına edilən raket hücumlarına cavab verildiyi, hücumlarda istifadə edilən 3 avtomobil və çoxlu sursatın məhv edildiyi bildirilib.
Açıqlamada bildirilib ki, aparılan araşdırmalar nəticəsində hücumda İranın dəstəklədiyi 2 və ya 3 silahlının öldürüldüyü, daha sonra isə “Yaşıl kənd” adlı bazaya raketlərin düşdüyü qənaətinə gəlinib. Məlumata görə, Deyr əz-Zordakı Ömər neft yatağında ABŞ əsgərləri yüngül şəkildə yaralanıb.
“ABŞ İranla münaqişəyə can atmır, lakin biz xalqımızı qorumaq və müdafiə etmək üçün lazımi addımları atmağa davam edəcəyik”, - deyə bəyanatda deyilir.
CENTCOM komandanı general Erik Kurilla, “biz məsələni yaxından izləyirik. Bizim regionda təhlükələri yumşaltmaq üçün hər cür imkanımız var və biz ABŞ, koalisiya qoşunlarını hücumlardan qoruyacağımıza əminik”, - deyə bildirib.
Onu da əlavə edək ki, neft yatağı daxilində yaşayış məntəqələri kimi tanınan “Yaşıl kənd”də də silah anbarları ilə yanaşı koalisiya qüvvələrinin yerləşdiyi iqamətgahlar da var.
ABŞ ordusundan verilən açıqlamada Deyr əz-Zorda İran İnqilab Keşikçiləri ilə əlaqəli hədəflərə hücum edildiyi bildirilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani isə ABŞ-ın vurduğu hədəflərin İranla bağlı olmadığını açıqlayıb.
Qeyd edək ki, həm ABŞ, həm də İran Türkiyənin Suriyanın şimalındakı yeni əməliyyatına qarşıdır.
Leyla, Bizimyol.info