Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada əsgər məktubları: “Dözə bilmirəm, özümü doğrayacağam...”
Rusiyada əsgər məktubları: “Dözə bilmirəm, özümü doğrayacağam...”

Düz altı ay əvvəl Rusiya qoşunları Ukraynaya hücum etdi. Bu müddətdə onminlərlə rusiyalı hərbçi həyatını itirib. Bundan bir neçə dəfə çox yaralı var. Təkcə əsgər məktublarına, yayılan səsyazılarına diqqət yetirmək kifayətdir ki, Rusiya ordusunda vəziyyətin necə bərbad olduğuna əminlik yaransın.

Bizimyol.info xəbər verir ki, hərbçi yaxınları ilə daim əlaqə saxlayan hüquq müdafiəçiləri 400-dən çox məktub və mesaj toplayıb. Burada neçə-neçə faciəli taledən söz açılır. Ümumi danışsaq, durumun yalnız acınacaqlı olduğunu demək mümkündür. Amma ən yaxşısı daha çox diqqət çəkən əsgər məktublarını sizə təqdim etməkdir.

*Fevralın 23-də Leninqrad vilayətinin Kamenka qəsəbəsində xidmət edən hərbçidən bir müddət xəbər çıxmayıb. Martın əvvəllərində naməlum qadın onun yaxınları ilə əlaqə saxlayaraq video göndərib. Burada hərbçi Xarkov vilayətinin kəndlərindən birində tamamilə sənədsiz qaldığını bildirib.

*Novosibir vilayətindən olan müqaviləli hərbi qulluqçunun anası oğlundan axırıncı dəfə martın 15-də xəbər tuta bilib. Döyüşlərin birində yaralanan övladını Rusiyanın Valuyki şəhərinə gətiriblər, sonra hospitaldan naməlum istiqamətə aparılıb.

*Çeçenistandan olan hərbçi müharibənin ilk günü yaralanıb. Xidmətin inanılmaz pis şərtlərlə keçdiyini yazır. Nə yemək var, nə də su. Güc və sağlamlığı bərpa etmək mümkün deyil. Batalyondan cəmi 20 əsgər sağ qalıb. Hərbi qulluqdan imtina ərizəsi yazıb. Hərbi biletində əməliyyatlarda iştirakı barədə heç bir qeyd yoxdur.

*Qaraçay-Çərkəz Respublikasından olan qadın ərinin 300 nəfərlik batalyonda sağ qalan 6 hərbçidən biri olduğunu öyrənib. Onları yenə döyüşə göndərmək istəyiblər. Hamısı imtina ərizəsi yazıb. Komandanlıq onların fərari olduğunu bildirib. Bir müddət Donetsk vilayəti ərazisində zirzəmidə saxlanılıblar. Yola gələndən sonra hərbçiləri oradan çıxarıblar.

*Sankt-Peterburqdan olan ana oğlunun intihar edəcəyini deyir. Narkotik maddə asılılığı olan zabit əsgərləri ağacla döyür. Oğlu məktubda beləcə də yazıb: “Dözə bilmirəm, özümü doğrayacağam...”

*Krasnodar diyarından olan hərbçi Donetsk vilayətindən ailəsinin yanına qayıtmaq istəyir. Həyat yoldaşı hamilədir. İmtina ərizəsi yazıb. Bu, qərargah rəisinin acığına gəlib. Onunla birlikdə daha 8 nəfəri qapalı yerdə saxlayırlar. Qapıda polis keşik çəkir.

*Çeçenistandan olan müqaviləli hərbi qulluqçu döyüşmək istəmir. Əsgərin məramından xəbər tutan komandanlıq onu zirzəmiyə saldırıb. Hərbi qulluqçuların əksəri rəhbərliyi məhkəməyə verməyə hazırlaşır.

*Zabitin həyat yoldaşı Luqanskda vuruşan ərinə görə çox narahatdır. Axırıncı dəfə döyüşdən imtina etdiklərini yazmışdı. İki zabit, 16 əsgər imtina ərizəsi yazıb. Polis çağırıb onların qollarını qandallayıblar. “Vaqner”çilər hərbçiləri naməlum yerə aparıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »