Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırovun tənqidçilərə verdiyi işgəncə: Ağzına qumbara soxublar...
Kadırovun tənqidçilərə verdiyi işgəncə: Ağzına qumbara soxublar...

Rusiyada ən təhlükəli işlərdən biri də Ramzan Kadırovu tənqid etməkdir. Çeçenistanın rəhbərinin əleyhinə nəsə demək, yazmaq hətta ölümlə nəticələnə bilər. Kadırovun yüzlərlə tənqidçisi həbs olunub, işgəncə görüb, böyük təzyiqlərə məruz qalıb. Həmin şəxslərin yaxınları da cəza mexanizmindən kənarda qala bilməyib.

Bizimyol.info xəbər verir ki, Kadırovun tənqidçilərindən birini uzun işgəncələrdən sonra öldürüblər. Salman Tepsurkayevin artıq həyatda olmadığı dəqiqləşib. “İşgəncələr əleyhinə komanda” layihəsinin hüquq müdafiəçisi Olqa Sadovskaya “1ADAT” “Telegram” kanalının moderatorunun ölüm faktının təsdiqini tapdığını bildirib.

Salman Tepsurkayevi 2020-ci il sentyabrın 6-da Çeçenistanın güc strukturlarının əməkdaşları Gelencik şəhərində oğurlamışdı. Bundan bir gün sonra sosial mediada ictimai fəalın videosu çıxmışdı. Burada Tepsurkayev özünü cəzalandırmağa hazır olduğunu bildirirdi. Salmanı nələrə vadar etdiklərini yazmaq da olmur. Sadovskaya Tepsurkayevin öldürülməsi ilə bağlı xəbəri çoxdan aldıqlarını, amma bu günlərdə tam dəqiqləşdirdiklərini deyir.

“Biz onu xilas edə bilmədik. Bir müddət əvvəl Avropa Məhkəməsi onun işi ilə bağlı qərarını açıqlamışdı. Salmanın öldürüldüyünü dəqiqləşdirdik. Harada oğurlandığını, maşına əyləşdirildiyini öyrənmişdik. Bu adamlar... Maşınla buradan keçirlər... Bu darvazadan içəri girirlər və əlaqə itir. Bu mənzərəni bərpa etmək lazım idi. Biz də etdik. Təəssüf ki, kömək olmadı”.

“İşgəncələr əleyhinə komanda”nın dəqiqləşdirdiyinə görə, Salmanı oğurlanandan 9 gün sonra öldürüblər. Bunu Dumanın deputatı Adam Delimxanovun doğulduğu Calka kəndindəki hərbi poliqonda həyata keçiriblər. Tepsurkayevin ağzına qumbara soxublar, sonra isə uzaqdan idarə olunan qurğu ilə partladıblar. Buna qədər Salman ağlasığmaz işgəncələr görübmüş. Meyiti qohumlarına çatdırılıb, onlara deyiblər ki, “aparıb it kimi basdırın”. Cəsəd adsız qəbrə qoyulub.

“Adat” hərəkatı 2020-ci ildə yaradılmışdı. “1ADAT” kanalı 40 mindən çox izləyici toplayıb. Hərəkat Çeçenistanda insan haqlarının pozuntusu faktlarını işıqlandırır. 2022-ci ilin yanvarında oğurlanan Zarema Musayeva hərəkatın rəhbəri İbrahim Yanqulbayevin anasıdır. Sonradan qadına polisə müqavimət göstərmək maddəsi ilə cinayət işi açılmışdı. Zarema Musayeva indi Qroznıda həbsxanadadır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »