Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İran ordusunun mövqelərini vurub: "Bayden əmr edib"
ABŞ İran ordusunun mövqelərini vurub: "Bayden əmr edib"

ABŞ ordusu İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı hədəflərinə hava zərbələri endirib.

Bizimyol.info xəbər verir ki, ABŞ ordusundan verilən açıqlamada, dünən Deyr əz-Zorda İnqilab Keşikçiləri ilə əlaqəli hədəflərə hücum edildiyi bildirilib. Avqustun 15-də ABŞ-ın Suriyadakı bazasına pilotsuz təyyarələrin hücumuna toxunulan bəyanatda, əməliyyatın məqsədinin İran qruplarının Suriyadakı ABŞ qüvvələrini hədəf almasının qarşısını almaq olduğu bildirilib.

Ordu sözçüsü Joe Buccino, hücumları "mütənasib" olaraq xarakterizə edərək, "əmr birbaşa prezident Baydendən gəldi" deyə bildirib.

Hərbçilər isə hava hücumu nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verməyib. Əməliyyatın hansı vasitələrlə təşkil olunduğu barədə ətraflı məlumat qeyd olunmayıb.

Əlavə edək ki, hücumun İranla nüvə razılaşmasını canlandırmaq səylərinin davam etdiyi bir vaxtda baş verməsi diqqət çəkib.

ABŞ daha əvvəl Suriya və İraqda İrana bağlı qruplara qarşı hava əməliyyatları həyata keçirmişdi. Məsələn, ötən ilin iyununda ABŞ döyüş təyyarələri Suriya və İraqda İran qruplarına aid olduğu deyilən silah anbarlarına zərbələr endirib.

Xatırladaq ki, ABŞ-ın Suriyada onurğasını terror təşkilatları PKK/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə dəstək verən 900-ə yaxın əsgəri var. Bəşər Əsəd administrasiyasını dəstəkləyən İranın da ölkədə çoxlu əsgəri var.

Məlumat üçün bildirək ki, ötən həftə Suriya hökuməti ABŞ-ı hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz ölkədən çıxarmağa çağırıb.

Digər tərəfdən, ABŞ Türkiyənin Suriyanın şimalındakı yeni əməliyyatına qarşıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında Vaşinqtonun Türkiyə-Suriya sərhədindəki gərginlikdən çox narahat olduğunu ifadə edərək "ABŞ bütün tərəfləri atəşkəsi qorumağa çağırır" deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »