Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Komissar Kattani” indi necə yaşayır
“Komissar Kattani” indi necə yaşayır

“Sprut” serialının baş qəhrəmanını sovet qadınları çox sevirdi. “Komissar Kattani” ekran əsərində həyatını itirəndə neçə-neçə zərif cins nümayəndəsi göz yaşına boğulmuşdu. Deyilənə görə, Moskvada qadınlar İtaliya səfirliyinin qarşısına gəlib Kattanini “diriltməyi” tələb edirmiş. Mikele Plaçidoya sevgi sərhəd tanımırdı. Bəs italyan aktyor haradadır və indi necə yaşayır?

Bizimyol.info xəbər verir ki, Mikele Plaçidonun kasıb ailədə dünyaya göz açdığını demək olar. Ondan başqa ailədə daha 8 uşaq doğulub. Uşaqlıqda rahib olmağı arzulayırmış. Amma kilsənini dram dərnəyinə düşəndə arzusu dəyişib. Aktyor olmaq istəyi yaranıb.

Ailəyə kömək üçün əvvəlcə polis idarəsində işə düzəlmək lazım gəlib. İlk işi onun gələcək karyerasındakı ən vacib dönəmlə necə də uyğunlaşır. “Sprut”un yaradıcı heyəti Mikeleni təsadüfən seçməyibmiş.

Aktyorluq bacarığına hamıdan əvvəl sevgilisi İlariya inam nümayiş etdirib. O, sevdiyi oğlanı rus teatrı ilə tanış edib. İlariya rusca şeirləri Mikele üçün tərcümə etməyə də ərinmirmiş. Tezliklə evləniblər, amma xoşbəxtlik uzun sürməyib.

Mikele Dram Akademiyasına daxil olandan sonra İlariya arxa plana keçib. “Xaç Atası”ndan yaxşı tanıdığımız Simonetta Stefanelli Plaçidonun sevgilisinə çevrilib, sonra evləniblər. Dəqiq hansı aktrisadan söhbət getdiyini bilmək istəyirsinizsə, Al Paçinonun qəhrəmanının Siciliyada tanış olub evləndiyi qızı xatırlayın. Sonradan Maykl Korleonenin həyat yoldaşını avtomobili partladaraq öldürürlər. Bax, həmin aktrisa Plaçidonun ürəyinə yol tapıbmış.

Mikele uzun müddət teatr aktyoru kimi tanınıb. Onu bütün dünyada “Sprut”dakı rolu məşhurlaşdırıb. 1984-cü ildə yaranan Komissar Kattani obrazı hər yerdə sevilməyə başlayıb. Serial tamaşaçıların o qədər xoşuna gəlib ki, dörd mövsüm davam etməsi məqbul sayılıb. Axırda Plaçido obrazdan yorulub, rejissordan onu “öldürməyi” xahiş edib.

Mikelenin Simonetta ilə nikahından 3 övladı dünyaya gəlib. Stefanelli ilə də boşanmalı olub. Çünki Mikelenin qadın zəifliyi onu həmişə pis vəziyyətdə qoyub. Bir-birini əvəz edən xəyanət aktları ailəni dağıltmaya bilməzdi. Hələ 1988-ci ildə onun tərəf müqabilindən nikahdan kənar övladı dünyaya gəlibmiş. Mətbuat bundan gec xəbər tutub. Sirr üzə çıxan kimi, Simonetta boşanmaq qərarı verib.

Plaçido 2012-ci ildə üçüncü dəfə evlənib. Müğənni Federika Viçenti ondan 37 yaş kiçikdir. Bundan hələ altı il əvvəl onların oğul övladı dünyaya gəlibmiş. Mikelenin indi 76 yaşı var. Özünü sədaqətli aparır, Federikanı yeganə dostu adlandırır. Plaçido rejissorluqla məşğul olur. Son filmi “Karavaconun kölgəsi” adlanır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »