Bolqarıstanda müvəqqəti hökumətin ölkədəki təbii qaz çatışmazlığı ilə bağlı yaratdığı böhran masası Rusiyanın Qazprom şirkəti ilə idxal danışıqlarını yeniləməyi hədəfləyir.
Bizimyol.info xəbər verir ki, masaya başçılıq edən baş nazirin müavini və nəqliyyat naziri Hristo Aleksiev mətbuata açıqlamasında "vəziyyət o qədər pisdir ki, Qazprom ilə danışıqlar masasına qayıtmaq qaçınılmazdır" deyə bildirib.
Ölkədəki iri müəssisələri təmsil edən Sənaye Kapitalı Assosiasiyasının prezidenti Vasil Velev də hökumətin “Qazprom” alternativi ilə bağlı fikrini dəstəkləyib.
Xatırladaq ki, Bolqarıstan-Rusiya münasibətləri Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra iyunun 6-da istefa verən keçmiş baş nazir Kiril Petkovun sağçı və Aİ-yə yaxın hökumətinin sərt reaksiyası səbəbindən gərgin dövrə daxil olub.
“Qazprom”a rublla ödəməkdən imtina edən Bolqarıstanı “düşmən ölkələr” siyahısına daxil edən Rusiya aprelin 27-də təbii qaz nəqlini dayandırıb. Daha sonra Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyində çalışan 70 əməkdaşını ölkədə “casusluq” etdiklərini iddia edərək “istənməyən” elan edib.
Kiril Petkov hökuməti “Qazprom”a alternativ mənbələr axtarışında Azərbaycan və Qətərlə danışıqlar apararaq, ABŞ -dan LPG daşıyan 7 tankerin gəlməsini təmin edib.
Qeyd edək ki, Gilib Donev hökuməti mandatının 4-cü günündə ölkənin siyasi sükanını Rusiyaya çevirmək və “Qazprom”a yaxınlaşmaq siyasətinə görə küçə etirazları ilə üzləşib.
Digər tərəfdən, enerji ekspertləri “Qazprom”a qayıtmağı planlaşdıran müvəqqəti hökumətin qərarını tənqid ediblər. Enerji resursları üzrə ekspert Vasko Naçev mətbuata xəbərdarlıq edib ki, Bolqarıstan təbii qaz tədarükünü birtərəfli qaydada kəsən “Qazprom”a qarşı arbitraj davasını itirə bilər: “Bir sözlə, Bolqarıstan “Qazprom”la yenidən danışıqlara başlasa, yüz milyonlarla avro təzminatdan imtina edəcək. Ölkəmiz “Qazprom”a ödəniş etməyə başlasa, bu pul Rusiya prezidenti Vladimir Putin rejiminin Ukraynaya qarşı müharibəsini maliyyələşdirəcək”.
Keçmiş energetika naziri Miroslav Sevlievski Bolqarıstanda elektrik enerjisi istehsalının yalnız 6 faizini təşkil edən təbii qazdan istifadənin azalmasının ölkə üçün kritik olmadığını iddia edərək, mətbuata bu şərhi verib:
“Rusiyadan təbii qaz almaq nə etibarlı, nə də ucuzdur. Keçmiş Sovet İttifaqının (SSRİ) 16-cı Respublikası, ikinci Krım olsaq belə, bolqarların çoxu belə bir dönüşü istəməzdi. “Qazprom”un tədarüklərinə etibar etmək olmaz”.
Leyla, Bizimyol.info