Cari il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb. Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bu gün ölkədə şantaj edildiyi üçün intihar edən, ailəsi dağılan, həyatı alt-üst olan minlərlə insan var. Çünki şantaj insana birbaşa psixoloji olaraq təsir edir. Gözləmədiyin bir anda səndən “nəsə” tələb edən biri, gizli bir sirri vasitə kimi istifadə edib şantaj etməyə başlayır. Bu zaman bəzi insanlar çıxış yolu kimi intiharı seçir.
- Bəs şantajla qarşılaşan zaman nə etmək lazımdır?
Hər bir insanın zəif nöqtəsi var. Bu zəif nöqtəni bilənlər isə, ondan faydalanmağa çalışır, həmin şəxsi şantaj edərək, istədiklərini əldə etməyə çalışırlar. Şantaj pul qazanmaq, güzəştlər əldə etmək və ya, şəxsin özünü mütəmadi olaraq istismar etmək məqsədilə, uyğun olmayan faktların məlumat, foto, video, audio və s. üzə çıxarılacağı ilə hədələnməsi ilə bağlı cinayətdir.
Şantaj, insanları manipulyasiya etmək üçün gözəl bir yoldur və hər birimiz şantajın qurbanı ola bilərik. Bəs sizi şantaj edən şəxslə necə mübarizə apara bilərsiniz? Bunun üçün öncə onun psixologiyasını başa düşməlisiniz. Şantajçının əsas məqsədi qurbanı küncə sıxışdıraraq, təslim etməkdir. Şantajçılar dayanmır, istədiklərini alıb adama təzyiq göstərməkdə davam edir, istəklərinin yerinə yetirilməsini tələb edirlər. Qurbandan hərhansı bir formada istifadə etməyə çalışırlar.
Şantajın müxtəlif formaları var. Ancaq günümüzdə ən çox emosional şantajdan istifadə edilir:
- “Zalım-Şantajçı ” qeyd-şərtsiz təslim olmağı tələb edir. O, amansızcasına və məqsədinə inadla hərəkət edir, qurbanına zərrə qədər şans vermir. Təhdidlərlə kobud davranır. “Sənə sonuncu dəfə xəbərdar edirəm...”, “Mənə maraqlıdır, sən axı nə edə bilərsən ki?” və s. sözlərlə qurbanı emosional təzyiq və depressiya vəziyyətinə salır.
- “Əzab çəkən-şantajçı” çox vaxt qəmgin nitqlə, ciddi xəstəlik və ya ölmək istəyi, planlaşdırılan intihar haqqında danışır. “Heç kim məni sevmir” ifadəsi ilə insanları şantaj edir.
- "Günahsız günahkar-şantajçı" belə şantajçılar öz qurbanlarında günahkarlıq hissi yarada bilən insanlardır. İnsanlar arasındakı münasibətlərdə cinsi şantaj baş verə bilər.
Bəs şantajçı ilə necə davranmaq lazımdır?
- Heç vaxt panikaya düşməyin. Özünüzü toplayın və ayıq şəkildə düşünməyə başlayın. Şantajçının sizə dediklərinə məhəl qoymayın, çünki onun əsas məqsədi hər şeyi öz nəzarəti altına almaqdır.
- Sakit olun. O, şübhəsiz ki, bu davranışına görə belə bir davranış gözləmir. Cinayətkarla danışıq aparmağa çalışmayın və ona istədiyini verməyin.
- Əgər şantajçı sizi hər hansı bir sirrinizlə şantaj edirsə, ondan öncə hər şeyi yaxınlarınıza danışın. Şantaja qarşı əsas müdafiə şantajçıya məhəl qoymamaqdır. Əgər təhdidlərə heç bir şəkildə reaksiya verməsəniz, şantajın dayanma ehtimalı daha yüksəkdir, çünki şantajçının məqsədi güzəştə getmək deyil, qazanc əldə etməkdir. Yadda saxlamaq lazımdır ki, ən yaxşı müdafiə hücumdur.
İlahin, Bizimyol.info