Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bakıda qeyri-qanuni məişət tullantıları poliqonları çoxdur"
"Bakıda qeyri-qanuni məişət tullantıları poliqonları çoxdur"

Hamımız tez-tez məişət tullantılarının qalaqlanması, yandırılması və ya qeyri -qanuni məişət tullantıları poliqonlarının yaradılmasına şahid oluruq. Bunun müxtəlif səbəbləri var. Birincisi odur ki, müvafiq icra hakimiyyətləri əraziləri yetərli qədər urnalarla təmin etmir. İkinci səbəb, qalaqlanan məişət tullantılarnın zamanında daşınmamasıdır. Bu zaman vətəndaş da məişət tullantılarından qurtulmaq üçün onu yandırmağa çalışır.

İnzibati Xətalar Məcəlləsi məişət tullantılarını yandıranlar, qalaqlayanlar üçün müəyyən cəza nəzərdə tutub. Amma... Məsələnin əmması ondadır ki, məişət tullantılarını qalaqlayanlara və yandıranlara qarşı çox zaman sakinlər etinasız yanaşır. Sanki elə belə olmalıymış...

“Bakı, xüsusilə Abşeron yarımadasında qeyri-qanuni məişət tullantıları poliqonları çoxdur. 2009-cu ildən bu günə qədər mən bu məsələ ilə maraqlanmışam, işin içində olmuşam. Dünya bankının krediti ilə həyata keçirilən Bakının regional inkişaf planı layihəsində işləmişəm. Bu planda Bakının 2040-cı ilə qədər olan inkişafını hesablayanda əhalinin proqnozunu apardıq. Bakının indiki mövcud əhalisini həm rəsmi, həm qeyri-rəsmi sayı, artımı ilə bağlı araşdırdıq. Məsələn, Bakı-Abşeron yarımadası üzrə Sumqayıt, Xırdalan və Bakının ətraf qəsəbələri Ələtdən Pirallahıya qədər bütün Abşeron yarımadasında 3 milyon adam yaşayırsa, onların illik formalaşdırdığı məişət tullantısı 1.000.000-1.200.000 ton arasında formalaşır”.

Bu barədə Bizimyol.info xəbər protalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov danışıb. O, qeyd edib ki, Azərbaycanda zibil yandırma zavodu var. Amma, təəssüf ki, zavodun zibil yandırma potensiyalı çox olsa da, hələ də bu günə kimi daşıma düzgün təşkil edilmir.

Amin Məmmədov Amin Məmmədov

“Məişət tullantılarının idarə edilməsində icra hakimiyyətləri məsuliyyət daşıyır. Onlar da hələ bu prossesi düzgün təşkil edə bilmir. Zibil yandırma zavodu özü Fransa şirkəti olaraq işləyir. “Təmiz şəhər” ində nəznində çeşidləmə zavodu da var. Deyək ki, ora 700.000-800.000 ton zibil gətirilir. 200.000 tondan çoxu çeşidlənir. Təkrar istifadəyə cəlb olunur. Qalan yarım milyon tondan çoxu yandırılır, enerji alınır. Amma, o daşıma düzgün şəkildə olsa, bütün formalaşan yarım milyon ton zibili gətirib yandırıb, enerji əldə etmək olar. Sadəcə, bunu icra edən vahid dövlət qurumu olsa, iqtisadi tərəfdən də səmərəlidir. Təkrar istifadə ilə məşğul olan zavodlarda, çeşidləmə zavodu da əslində, marağındadır ki, çoxlu həcmdə məişət tullantısı gəlsin, təkrar emala cəlb etsinlər. Həmçinin də çox məişət tullantısı yandırıldıqda da əlavə enerji də almaq olur. Bu işi tələb edilən formada təşkil etsələr, qeyri-qanuni zibil poliqonu yaranmasının da qarşısını almaq olar” - deyə ekoloq bildirib.

Amin Məmmədov əlavə edib ki, dövlət bununla bağlı bir strategiya 2018-2022 il üçün də “məişət tullantısı idarəetməsi strategiyası” hazırlayaraq tətbiq edib. Strategiya müəyyən dərəcədə icra edildi.

“Bu il onun sonuncu ilidir. Yekunlaşır. Bu ilə yəqin ki, növbəti 5 il üçün deyək ki, 26-27-ci ilə qədər yeni strategiya hazırlanır. İndi onun təsdiq olunması gözlənir. Çünkü, əvvəlki strategiyada işğaldan azad olan ərazilər yox idi. Bu, yeni strategiyada öz əksini tapacaq. Həmçinin Bakı şəhəri üzrə növbəti 5 ildə qeyri-qanuni poliqonların formalaşmaması üçün hansı tədbirlərin həyata keçiriləcəyi də strategiyada yer alacaq. Elə bir strategiya formalaşdırılsa, hər bir dövlət qurumunun üzərinə bir tapşırıq verilsə, bir neçə il ərzində, yəni, ən gec 10 il ərzində bu problemi kökündən həll etmək mümkündür” - deyə ekoloq əlavə edib. Onun sözlərinə görə, məişət tullantılarını yandıranlar bunu etiraf etmirlər. Hətta qonşusunun yandırdığını görsə, heç səsini çıxartmayacaq.

“Yay fəslində məişət tullantıları yığılır. Onlar ufunətin və anti-sanitariyanın yaranmasına səbəb olur. Əhalidə çalışır ki, onu yandırsın. Çünki qalıb iylənəcək” - deyən ekoloq bildirib ki, məişət tullantılarının qalaqlanması və yandırılması ilə qarşılaşan vətəndaş bələdiyyə və icra hakimiyətinə müraciət edə bilər. Bu, onun hüququdur.

“Məsələn, şikayət etdi ki, pəncərəmdən 20-30 metr aralı, poliqon var. Burda anti-sanitariyadır, xəstəlik tapa bilərəm. Onun müraciətinə baxılıb müvafiq tədbir görülməlidir. O tədbiri də görmək üçün gərək icra hakimiyətinin, bələdiyənin müvafiq texnikası olsun, əməkdaşları olsun. Mənzil istismar sahələri onları yola töksün, texnika gətirib onu yığışdırsın. Əslində heç icra hakimiyyəti sakinin şikayətini gözləməməlidir. Bu onun ərazisidir deyə, məcburdu oranı təmizləsin. Kritik vəziyyət olsa, bir neçə qonşu yığışıb şikayət edib hayküy qaldırsa, jurnalist çağırıb çəkiliş eləsə, onda əl-ayağa düşüb eliyirlər. Vətəndaşın icra hakimiyyətlərinə müraciət etmək hüquqları va. Amma tədbir hansı səviyyədə görüləcək, ona artıq keç kim təminat verə bilməz” - deyə Amin Məmmədov bildirib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »