Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tənhalıq insanın ağlını əlindən alır"
"Tənhalıq insanın ağlını əlindən alır"

Müəyyən yaş dövründən sonra insanlar tənhalığa daha çox meyilli olurlar. Həyat boyu qarşıya çıxan insanların etibarsızlığı, aldığı zərbələr insanı daha da güclü edir. Güclü olanlar isə tənhalığı sevir.

Baxmayaraq ki, insanlar çox zaman “ tənhalıq Allaha məxsusdur” deyirlər, amma ətrafımızda kifayət qədər tənhalar var.

Psixoloq Fuad Əsədovun fikrincə, tənhalıq təhlükəlidir. Belə ki, araştırmalara görə, özünü tənha hiss edən insanlar daha az yaşayır və daha çox xəstələnirlər. Yəni kifayət qədər tənha qaldıqdan sonra insan mental sağlamlığını itirməyə başlayır.

Fuad Əsədov Fuad Əsədov

Psixoloqun fikrincə, heç kim tənhalığı sevmir. O, hesab edir ki, tənhalığı sevən insanlar kifayət qədər tənha qalmayan insanlardır.

“Təkliyi, tək bir şeylər etməyi sevə bilərsiniz. Amma, tənhalıq başqa bir şeydir. Tənhalıq görünməməkdir, tənhalıq fərq edilməməkdir, tənhalıq dəyərləndirilməməkdir, tənhalıq xəyallarınızı paylaşacaq heç kimin olmamasıdır, tənhalıq ürəyiniz sıxıldıqda ya da pis bir gün keçirdikdə danışmağa adam olmamasıdır, tənhalıq sizi heç kimin itirməyə qorxmamasıdır. Və bu şeylər insanın ağlını əlindən alır”,- deyə o əlavə edib.

Mütəxəssis bildirir ki, tənha qalmaq hər şeydən əvvəl insanın öz düşüncələri ilə baş-başa qalmasıdır. İnsan tənha qalan zaman özünü, həyatını və yaşamaq səbəbini sorğualamağa başlayır.

Onun sözlərinə görə, tənha insanlar tənhalıqdan qurtulmağa çalışırlar. “Daha doğrusu, öz düşüncələri ilə tək qalmaq istəmirlər. Buna görə də, özlərini alkoqollu içkilərə, maddəyə və işə verirlər. Bəziləri ünsiyyətə çalışır, amma məsələ burasındadır ki, bu cür insanların sosial bacarıqları da yaxşı olmadığı üçün insanlar onlardan bir müddət sonra uzaq dururlar”,- deyən Əsədov vurğulayıb ki, beləcə, tənhalıq tənhalığa səbəb olur.

Ancaq bir müddət sonra bu insanlar depressiyaya girir və həyatlarının məhv etməyə başlayırlar. Amma bütün bunların əksinə olaraq sosial görünən tənhalar da var. Bu insanların özünü tənha hiss etdikləri ağlınıza da gəlməz. Çünki, ətraflarında çoxlu insanlar var.

“Amma diqqət etsəniz, görərsiniz ki, bu adam bütün insanların həyatında qurtarıcı-qəhrəman obrazındadır. Hər kəsə təmənnasız kömək edərlər və fədakardırlar. Əslində, bunu sevilmək üçün edirlər. Amma daha səmimi münasibətdə olmadıqları üçün bir gün hər kəs gedir və yenidən tənhalıq başlayır. Travmalar və xüsusilə uşaqlıqda yaşadıqları təcridlər də insanların sosial bacarıqlarına mənfi təsir edir. Bunun üstünə tənhalıq gəldikdə isə vəziyyət çox təhlükəli bir hal alır.

Ən qəribəsi də odur ki, tənhalığın bu qədər təhlükəli olmasına baxmayaraq, insanlar tənhalığa çox tez alışır və bir müddət sonra ondan qurtulmaq istəmirlər. Bəlkə də, tənhalığın ən təhlükəli tərəfi budur”,- deyə F. Əsədov bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »