Milli Respublika Ordusu Kreml təbliğatçısı və ideoloqu Aleksandr Duqinin qızı Daryanın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Ordunun tərkibinə Vladimir Putin rejiminə qarşı olan rusiyalı fəallar, hərbçilər və partizanlar daxildir.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Respublika Ordusunun bəyanatında deyilir.
Qeyd olunur ki, MRO üzvləri Rusiyanın Ukraynada başlatdığı müharibəyə qarşıdırlar.
"Prezident Putini hakimiyyəti qəsb edən və slavyan xalqları arasında qardaş qırğını yaradan, Rusiya əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkar elan edirik. Onun siyasətinin mahiyyəti kimisi üçün yoxsulluq və ölüm, kimisi üçün saraydır”,- deyə bəyanatda qeyd edilib.
MRO-nun bəynatında qeyd edilir ki, məqsəd “Putini məhv etməkdir” və bütün Rusiya rəsmiləri qəsbkarın cinayətinin iştirakçılarıdır.
Qrup Rusiya rəsmilərinə xəbərdarlıq edib ki, hakimiyyətdən əl çəkməsələr, “məhv ediləcəklər”.
Təşkilat həmçinin Rusiya Federasiyası ərazisindəki hərbi obyektləri məhv etməyə hazır olduğunu bəyan edib. Onlar təhlükəsizlik qüvvələrini və hərbçiləri silahlarını yerə qoymağa və cinayətkarın əmrlərini yerinə yetirməkdən imtina etməyə çağırıblar.
Eyni zamanda MRO bütün rusları öz sıralarına qoşulmağa və “rüsvay edilmiş üçrəngli bayrağın əvəzinə yeni Rusiyanın ağ-mavi-ağ bayrağını” qaldırmağa çağırıb.
Öz növbəsində, Rusiya müxalifətinin lideri və Derjumanın keçmiş deputatı İlya Ponomaryov deyib ki, “gözəl ruslar var” ki, onlar öz işlərini görüblər.
Onun sözlərinə görə, ona Rusiyada rejimə qarşı mübarizə apardıqlarını bildirən şəxslər müraciət ediblər.
Ponomaryov bildirib ki, həm Duqin, həm də qızı MRO -nun hədəfi olub.
"Bu aksiya, son aylarda Rusiya ərazisində törədilən bir çox digər partizan hərəkətləri kimi, Milli Respublika Ordusu tərəfindən həyata keçirilib", - deyə Ponomaryov bildirib.
Qeyd edək ki, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, Ukrayna tərəfinin rusiyalı təbliğatçı Aleksandr Duqinin avtomobilinin partladılması və qızı Dariyanın həlak olması ilə heç bir əlaqəsi yoxdur.
Aleksandr Duqin rus faşizminin əsas ideoloqlarından biri sayılır. O, Rusiyanın Ukraynadakı müharibəsinə və orada dinc əhalinin qırğına verilməsinə haqq qazandıran təbliğatçıdır.
İlahin, Bizimyol.info