Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşə yanğınlarının səbəbi nədir?..
Meşə yanğınlarının səbəbi nədir?..

Günlərdir şimal bölgəsində yanğınlar davam edir. Yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Qeyd edək ki, baş verən yanğınlar son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. “İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub".

Bizimyol.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev danışıb. Onun sözlərinə görə, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb. Nazir müavini qeyd edib ki, yanğın antropogen amildən baş verib. Firdovsi Əliyev bildirib ki, ölkədə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib.

“Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar”?- deyə nazir müavini əlavə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün baş verən yanğınların səbəbi hələ ki, məlum deyil. Yəni hüquq mühafizə orqanları araşdırdıqdan sonra bu məlum olacaq. Bəlkə də elə kimsə piknik edib, odu söndürməyib, yanğına səbəb olub. Bu, araşdırıldıqdan sonra məlum olacaq.

“Biz layihələr təşkil edib maarifləndirmə işləri ilə nə qədər məşğul olsaq da, yenə də görürük ki, turist kimi bölgələrə gedənlər meşə ərazilərində və ya ona yaxın yerlərdə odla düzgün, qaydalara uyğun şəkildə davranmırlar. Belə bir hal varsa, düzgün şəkildə araşdrılmalı və müvafiq qaydada tədbir görülməlidir. Çünki bir dəfə bunu ehtiyatsızlıqdan edənin biri cəzalandrılsa, inzibati qaydada cərimə edilsə, bu digər turistlərə də örnək olar”,- deyə sədr qeyd edib.

Mütəxəssis bildirir ki, iqlim dəyişikliyi nəticəsində quru otlar günün təsirindən alovlana bilər. Bu da baş verən yanğınların digər bir səbəbidir. Əgər bu yanğınlar meşə ərazilərinə keçirsə, bu artıq təbii fəlakət hesab edilir. Bu məsələ ilə müvafiq icra qurumları işlər görməlidir.

“Ən azı meşəyə yaxın olan ərazilərdə quru hissələri təmizləmək lazımdır. Yerli icra orqanları, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin yerli bölmələri ilə bunu təşkil etmək lazımdır. Belə hadisələrin baş verməməsi üçün ərazilərdə çalışmaq lazımdır. Ölkə ərazisində bir milyon hektardan az meşə, qeyri-meşə və yaşıllıq ərazilər var. Bu da digər ölkələrlə müqayisədə çox aşağı göstəricidir. Bu baxımdan bizim üçün hər bir yaşıllıq ərazinin böyük əhəmiyyəti var. Ölkədə oksigen balansının formalaşdırılmasında meşələr böyük rol oynayır. Yarım hektar yerin yanması belə bizim üçün həm iqtisadi cəhətdən, həm də ekoloji cəhətdən zərbədir”,- deyə Amin Məmmədov əlavə edib. Onun sözlərinə görə, bu gün Şimal bölgəsində baş verən proseslər hamını narahat edir. Amma yekunda məlum olacaq ki, nə qədər meşə yanğını baş verdi. Sonradan təbii ki, bunun iqtisadi qiymətləndirilməsi aparılacaq.

“Hazırda tək ümid FHN-dir. Onlar da əlindən gələni edir. Yerli orqanlar da onlara lazımi dəstəyi göstərir. Bizim o baxımdan bəxtimiz gətirib ki, əlimizdə kifayət qədər texnika var. Təcrübəli yanğınsöndürən briqadalar da var. Vətəndaş cəmiyyəti və digər qurumların bu işə müdaxilə etməsi, düzgün deyil. Çünki yanğınlarla mübarizə aparanlar öz işini yaxşı bilir. Onlara mane olmaq və ya onları tənqid etməkdənsə, imkan yaratmaq lazımdır ki, işləri görsünlər. Onların fəaliyyətinin nəticəsi də var. Ən azı bir neçə yanğın lokallaşdırılıb. Onu etməsəydilər daha böyük ərazilərə yayıla bilərdi. Yəni ocaq-yanğının baş verdiyi ilk nötqəni lokallaşdırmağa nail olublar. Bu, özü də əhəmiyyətli dərəcədə yüksək göstəricidir” - deyə mütəxəssis qeyd edib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »