Marin mətbuat konfransında "hüquqi müdafiə" üçün narkotik testi keçirdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, nəticələrin bir həftə sonra çıxacağını qeyd edən Marin dostları ilə spirtli içki qəbul etdiyini vurğulayaraq, narkotikdən istifadə etmədiyini bildirib.
Marin məclisdə əylənməsini müdafiə edərkən, həftə sonu rəsmi görüşünün olmadığını, sadəcə dostları ilə bir az vaxt keçirdiyini və qanunsuz heç bir şey etmədiyini bildirib. Rəqs görüntüləri ilə bağlı ictimaiyyətin fikirlərinin xalqın qərarı olduğunu dilə gətirən Marin: "Qəbul etmək lazımdır ki, bəzən dövlətin taliyi ilə bağlı qərar verən insanlar da rəqs edir, mahnı oxuyur, əylənirlər", - deyə bildirib.
Digər tərəfdən, sosial şəbəkələrə Baş nazir Marinin bir kişi ilə rəqs etdiyi yeni görüntüləri də sızıb. Sosial şəbəkələrdə yayılan yeni video dünya gündəmində də olub. Bu görüntülər üçün ayrıca izahat verilməyib.
Baş nazirin deputat İlmari Nurminen və media nümayəndəsi Tinni Vikström də daxil olmaqla finlandiyalı məşhurlarla əyləndiyi videolar sosial şəbəkələrdə xeyli insan tərəfindən izlənib. Marinin koalisiya ortağı olan Mərkəz Partiyasından olan Finlandiyalı deputat Mikko Karna "Twitter" hesabında Baş naziri narkotik testindən keçməyə və nəticələri ictimaiyyətə elan etməyə çağırıb.
Sızdırılan görüntülər sosial mediada mübahisələrə səbəb olub. Bəziləri Marini məsuliyyətsiz hərəkət etdiyinə görə tənqid edib, digərləri isə bunun 36 yaşlı baş nazirin populyarlığını artırdığını iddia edib.
Marin, keçən dekabr ayında təmasda olduğu bir həmkarı ilə "COVID-19" üçün müsbət test edildikdən qısa müddət sonra özünü təcrid etməli olduğu bir vaxtda belə bir əyləncə gecəsi keçirdiyi üçün tənqid hədəfi olub.
2019-cu ilin dekabrında yeni hökumət qurulandan və prezident tərəfindən təsdiq edildikdən sonra o zaman 34 yaşı olan Marin dünyanın ən gənc baş naziri titulunu daşıyan 35 yaşlı Ukrayna baş naziri Aleksey Honçaruku ötüb.
Qadir, Bizimyol.info