Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, bütün Rusiya vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə girişinin qadağan edilməsi ideyası nasist siyasətinin təzahürüdür.
Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün biz nasist siyasətinin daha bir parlaq təzahürünün şahidi oluruq, o zaman rusofob ideyası yüksək Avropa tribunalarından fəal şəkildə təbliğ olunur, bütün Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişinə qadağa qoyulur”, - deyə Şoyqu şənbə günü Birinci Beynəlxalq Antifaşist Konqresinin plenar iclasında bildirib.
Eyni zamanda, o qeyd edib ki, dünya nizamının fundamental prinsipləri, Nürnberq Tribunalının hüquqi və siyasi qiymətləri ayrı-ayrı ölkələr, xüsusən də Baltikyanı ölkələr tərəfindən getdikcə daha çox diqqətdən kənarda qalır və onlara yenidən baxılır. “Estoniya və Latviyada SS legionerlərinin yürüşləri ənənəvi hal alıb, hərbi cinayətkarlara abidələr, obelisklər ucaldılır. Litva şəhərlərinin küçələrində nasist şüarları və çağırışları açıq şəkildə eşidilir”, - deyə rusiyalı nazir vurğulayıb.
O, konqresi açaraq faşizmi “vəhşi şovinizm, orta əsr barbarlığı və başqa xalqlara və ölkələrə qarşı cilovsuz təcavüz” adlandıran Georgi Dimitrovdan sitat gətirib. "Ötən əsrin 30-cu illərində İspaniya, Portuqaliya, Rumıniya, Xorvatiya və bir sıra digər dövlətlərdə faşist diktatura rejimləri quruldu. Alman nasizmi onun ən radikal və aqressiv formasına çevrildi", - Şoyqu deyib.
O vurğulayıb ki, milliyətçi-sosialistlərin hakimiyyətə gəlməsi onların beynəlxalq kapital hesabına maliyyələşməsi ilə bağlıdır: “Tamamilə aydındır ki, ingilis-amerikan və nasist işgüzar dairələri arasında maliyyə eləcə də iqtisadi əməkdaşlıq bəşəriyyətə misli görünməmiş itkilər verən İkinci Dünya Müharibəsinə səbəb olan əsas amillərdən biri olub”, - Rusiyanın müdafiə naziri qeyd edib.
Nazir xatırladıb ki, Sovet İttifaqına qarşı ən qəddar təcavüz olub. "27 milyon öldürülüb. Dünyanın heç bir dövləti bu qədər qurban verməyib. Qurbanların ümumi sayının, demək olar ki, 14 milyonu dinc sakinlər olub. Bu, işğalçıların apardığı nasist siyasətinin birbaşa nəticəsidir", - deyə o bildirib.
Nazir vurğulayıb ki, “tarixin dərslərini öz gücünə arxalanaraq zorakılıq edənlər zəif öyrənir”. "Yuqoslaviyanın bombalanması, Əfqanıstan, İraq və Liviyadakı müharibələr, Suriyada terror strukturlarının becərilməsi. Bu və buna bənzər cinayətlərin həmişə konkret təşəbbüskarları və icraçıları olur. Bu cür hərəkətlərə və onların nəticələrinə görə məsuliyyət tamamilə Amerika və NATO-nun rəhbərliyinin üzərinə düşür", - deyə Şoyqu qeyd edib.
Qadir, Bizimyol.info
P.S: Görünür müdafiə naziri SSRİ-nin və onun varisi olan Rusiyanın törətdiyi döləti cinayətləri və qırğınları xatırlamağı unudub. Harada münaqişə varsa, orada Rusiyanın "əli"nin olduğunu deməyə lüzum görməyib. Əfqanıstanda, keçmiş SSRİ respublikalarında, Suriyada indi də davam edən və hazırda Ukraynada axıtdıqları qanlar nazirin yaddaşını kütləşdirib.