Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusunda ölənlərin siyahısında Dağıstan liderdir
Rusiya ordusunda ölənlərin siyahısında Dağıstan liderdir

Ukrayna müharibəsi ilə bağlı əsas həqiqətlərdən biri odur ki, Kreml döyüşə daha çox bölgələrdən olanları göndərir. Statistika da bunu təsdiqləyir. Moskva və Sankt-Peterburqdan barmaqla sayılacaq qədər az itki olur. Əvəzində Dağıstan və Buryatiyanın itkilərinin çoxluğu diqqət çəkir.

Bizimyol.info xəbər verir ki, BBC-nin Rusiya xidmətinin jurnalistləri “Mediazona” layihəsi ilə birlikdə yenə vacib iş ortaya qoyublar. Onlar Rusiya ordusunun tərkibində müharibədə həyatını itirən 5701 hərbçinin kimliyi müəyyənləşdiriblər. Jurnalistlər yerli icra orqanlarından diqqət çəkmədən ölənlər barədə məlumatlar alıblar. Sonra bütün informasiyalar bir yerə toplanaraq ümumi siyahı hazırlanıb. Jurnalistlərin qənaətinə görə, yerli icra orqanları da ölənlərin hamısı barədə məlumatlı deyil. Çünki bir sıra hərbçilərin meyitləri ortada yoxdur.

Bölgələr arasında siyahıya Dağıstan başçılıq edir. Azərbaycanla sərhəd respublikadan 270 nəfərin Ukraynada həlak olduğu bildirilir. Buryatiya (245) və Krasnodar diyarı (206) sonrakı yerləri tutur. Moskvadan cəmi 14 nəfərin öldüyü məlum olur. Halbuki Rusiya əhalisinin 9 faizi məhz paytaxtda yaşayır.

5701 nəfərdən 966-sı zabitdir. Yəni ölənlərin 17 faizinin rütbəsi var. Araşdırmaçı jurnalistlər həyatını itirmiş 4 generalın və 34 polkovnikin kimliyini dəqiqləşdirib.

Ən çox piyadalar və desantçılar döyüş meydanından sağ çıxa biməyib. İndiyə qədər 66 rusiyalı pilotun öldürüldüyü müəyyən olunub.

Əlbəttə, Rusiya ordusunda həlak olanların sayı dəfələrlə çoxdur. Müstəqil jurnalistlər hamının kimliyini müəyyənləşdirməyə çalışır. Müharibə davam etdiyi dönəmdə bu işin öhdəsindən gəlmək asan deyil. Bütün mənbələrin göstəricilərini tutuşduranda azı 40 min rusiyalı hərbçinin öldüyünə şübhə qalmır. Rusiya Müdafiə Nazirliyi isə martın 25-dən sonra bu barədə susmaq qərarına gəlib. Onda 1351 hərbçinin öldüyü bildirilmişdi. Ukrayna Müdafiə Nazirliyi düşmənin 44 mindən çox canlı qüvvəsinin məhv edildiyini açıqlayıb. Kiyevin göstəriciləri həqiqətə daha yaxındır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »