Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ortalıq”
“Ortalıq”

(Xatirə-hekayə)

“Ortalığa” gedən yol boyu çəpərlərin üstü böyürtkənlə doluydu. Mirzə əmigilin bağındakı dağdağan isə yolun düz qırağındaydı; məktəbdən evə gələndə o qədər dağdağan yemişik ki! Budaqlar çəpərin üstündən yola elə israrla əyilmişdi, dağdağanlar da elə yetişib qaramtıl-qəhvəyi rəng almışdılar ki... Ağacın üstündə dövrə vuran quşlar da elə iştahla qırıldaşırdılar ki, o bəhərdən birini qırıb ağzına atmadan keçə bilməzdin. Biz bir yandan, quşlar o biri yandan, dağdağanın “nəfəsini kəsirdik”.

Ağgül bibim bir dəfə bizi “cinayət” başında yaxaladı. Ancaq... özü də bizə qoşuldu; əlimiz çatmayan budaqları əyib saxladı, biz də utana-utana yığdıq. Ancaq yeməyə daha bərk utandıq. Ağgül bibim dedi: “Yeyin, yeyin, utanmayın. Yeyin, əminizin canına dua oxuyun”.

Bunları deyəndə Ağgül bibimin gözləri yaşla doldu. Mən üzünə çox baxa bilmədim, başımı boyumdan yuxarı qaldırıb dağdağan ağacının üstündəki Göy üzünə boylandım. Dərhal anlamışdım: Ağgül bibim dilində Mirzə əmimin adını çəkmişdi – bu dağdağanı əkib böyütmüş ərinin adını. Ancaq ürəyində demişdi ki: “Cavan yaşda dünyadan köçüb getmiş qızımın ehsanı olsun”.

Mirzə əmimin, Ağgül bibimin böyük qızı mənim ibtidai sinif müəllimim olmuşdu, indi bu yazını yazdığım yox, əvvəlki əlifbanı – Kirili mənə o öyrətmişdi. Bir gün qəflətən rəhmətə getdi. Qənirsiz gözəl, inanılmaz mehriban bir qız xeylağıydı. Hərdən düşünürdüm ki, belə cavan yaşda müəllim olmaq necə də böyük xoşbəxtlikdir! Amma bu xoşbəxtliyin o biri üzü də varmış; arzularını, xəyallarını yarım buraxıb bu dünyadan bir gün köçüb getmək...

...Ağgül bibim dərindən bir ah çəkib ehmalca saçımı sığalladı. Yox! “Sən onun ən sevimli şagirdiydin”,-demədi. Bu cümləni başıma qoyduğu titrək, soyuq ovcunun içindən... “oxudum”. Ağgül bibimin ovcunun titrəyişini mən yəqin ki, çoxdan tanıyırdım. Bu titrək əllər lap əvvəldən həyatımızda vardı; hələ biz Dünyaya gəlməmişdən. Kəndin tibb məntəqəsində işləyirdi Ağgül bibim. İndi dəbdə olan adı ilə desək, mama-ginekoloqdu. Dünyaya övlad gətirməyə hazırlaşan və gətirən anaların hamısı Ağgül bibimin pasiyentləriydi. Kəndin demoqrafik göstəricilərinin təzələnməsində müstəsna rolu vardı. Bu işdə onun əsas “müttəfiqi” Səmərqa bibimdi – Asif əmimin yoldaşı. Kənd əhlinin təzə nəslinin dünyaya gəlişinə birinci sevinənlərdi onlar – tibb bacıları. Ya da “tibb bibilərimiz”.

Mən də aprelin sonuncu günlərinin birində - ikindi çağı dünyaya gəlmişəm. Bəlkə elə ona görə də tempramentcə melanxolikəm. Daxilən təkliyimlə barışıb dostlaşmış kimi! Tək təsəllim: Dekart kimi filosof da, Şopen kimi bəstəkar da, Qoqol kimi yazıçı da... melanxolik idilər. Hələ-hələ Darvin! Onların da doğuluşu yəqin ikindi çağına düşüb; günorta ilə axşamçağı arasındakı bir zaman diliminə...Bu arada Dostoyevskinin “Cinayət və cəza”sındakı Roskolnikov sələmçi qarını öldürməyə çıxanda ikindi çağı idi. “Qorxulu” adamlarmışıq! O birilərini bilmirəm, Qoqolla məni birləşdirən nöqtə var - yazı-pozu. Frederik Şopenlə isə “Bayatı-Şiraz” muğamına sevgimiz “ortaq düşüb”...

Qərəz, mən dünyaya gələn həmin gün kənddə hava da çox mülayim olub. Ciddi sözümdür. Rəsmi məlumatdır. Hidrometeorologiya Mərkəzindən veriblər özümə bu məlumatı. Umayra xanım sağ olsun. Həyatımın ilk hava proqnozu! Daha doğrusu, ilk iqlim tarixçəm... Bəli, bax, o gün kəndimizdə 15-lə 28 dərəcənin arasında olub hərarət. Mülayim cənub-qərb küləyi əsirmiş. Hava buludsuz olsa da, mən bulud kimi dolub ağlamışam. O gün Səmərqa bibim əvvəl Məqsəd əmimgilə qaçıb, Tofiqi “qarşılamışdı”, sonra da məni “salamlamağa” özünü yetirmişdi. Mən ağlayanda da yəqin deyib:

- Qoy ağlasın, ağlamağı yaxşıdır. Ağlasın ki, ağciyərləri açılıb hava alsın, işləsin...

Mənim kimi ikindi çağında doğulmuş yazıçının başına gələnlərdən xəbəri olsaydı, deyərdi:

- Bu körpə də böyüsün, yazıçı olsun, amma bəxti Qoqolunkuna bənzəməsin.

Yox, deməmişdi. Bəlkə də Qoqolun bəxtindən də xəbəri yox idi. O körpə, yəni bu sətirlərin müəllifi böyüdü, ancaq bədbəxtlikdən qələmi, xoşbəxtlikdən bəxti “Taras Bulba”nı yazanınkına oxşamadı.

“Ölü canlar”ın birinci cildini oxuyandan sonra günlərin bir gözəl günündə gedib kitabxanaçı Rəfiqə xaladan cildin ikincisini soruşdum. Dedi: “Bala, o evi yıxılmamış öz əliylə yandırıb ikinci kitabı”. Onda ağlıma gəlmədi ki, deyəm: “Day özü yıxıb da öz evini”. Ancaq yəqin ki, təhtəlşüurumda – ruhumun hansı küncündəsə yazıçı olmaq xəyalımın yanında öz yazdıqlarımı Qoqol kimi yandırmaq qorxusu da həmişə gizlənib qalıb...

O qorxu ilə böyüdüyümdən də xəbərsiz böyümüşəm!

Böyümək demişkən, kəndin içərilərinə doğru ilk sərbəst “səyahət”imə çıxanda Səmərqa bibimgilin bağının altındakı baş yoldan keçmişdim. Onda görmüşdüm ki, böyürtkən kollarının arasından bir itburnu öz qırmızı, saçaqlı “burnunu” çıxarıb çölə tərəf. İstəmişdim, dərib yeyəm. Sonra ya qorxmuşdum, ya utanmışdım, ya da ola bilsin, itburnunun yeməli olub-olmadığını hələ anlamamış yaşdaydım. Bəlkə də böyürtkən kolu öz tikanları ilə itburnunu mənim naşı lamisəmdən, ya da uşaq tamahımdan qorumuşdu. Ola bilsin, məndə erkən paragevziya əlamətləri hiss etmişdi; itburnunun da dadını xoşlamayacağımdan şübhələnmiş ola bilərdi. Orası yadımda deyil; üstündən əlli ildən çox keçib. Bəlkə də lap əlli beş il!

Ancaq o kolluğun üstündə zərif, nazikdən nazik, sanki işıqmış kimi “sayrışan” qanadlarlarla uçuşan, çiçəyə, meyvəyə qonub tez də qalxan ürkək cırcıramalar yaxşı yadımda qalıb. Hətta gözümün qabağında quşlar o cırcıramaları necə də amansız ehtirasla ovlamlşdı! Ağlım kəsdikcə, çox düşünürdüm; indiyəcən də bilmirəm, kəndimizin Göyündə yaşayan o quşların qarnını doyurduğuna sevinim, yoxsa bəxtsiz cırcıramalara üzülüm. Yəqin hər iki hissi keçirməliymişəm... Yəqin görməliymişəm: atam yayda qarışqa yuvalarının qarşısına buğdanı necə tökür? Və mən qovmasam, sərçələr, toyuq-cücə o buğdalara necə müştəri çıxır. Bir dəfə bağımızdakı ağacdan gilas “dərən” sığırçınları daşlayanda atam demişdi ki: “O quşlarla işiniz yoxdur! Niyə qovursunuz?! Sizin kimi bu ağacda onların da payı var”.

Mənim yaşımdan çox qabaq dünyasını dəyişmiş Seyid Mir Həmzə Ağadan danışarardı atam. Qarışqalara buğda "hədiyyə etməyi" birinci o nurani mömində görmüşdü. Mir Həmzə Ağa və qardaşı Mir İbrahim Ağa ilə birlikdə kəndimizə Qaladan gəlmişdi (atam Şuşaya həmişə belə deyirdi). Eşitdiyinə görə, Mir Möhsün Nəvvabın nəslindənmişlər. Mir Həmzə Ağa məktəbdə rus dili müəllimiymiş. Atam deyərdi ki, uşaqlar yaz günü Ağanın yanına düşüb gedərdilər ki, böyürtkən, itburnu kollarının üdəstündə uçuşan, ağac koğuşlarında şan qurmuş arılar onları sancmasın. Bir maraqlı əhvalat danışmışdı Ağadan. Deyir, bir səhər Seyidin toyuqlarından birini tülkü aparır. Bir-iki gün keçir, yenə... Balaca qardaş Mir İbrahim bu toyuq oğrusuna qəzəblənir, tüfəngi götürür, tülkünü vurmaq üçün gecə gözləyir. Mir Həmzə Ağa da onun yanına gəlir. Bir də görürlər ki, tülkü yavaş-yavaş, yerə sinərək hinə doğru gedir. Mir İbrahim tətiyi çəkmək istəyəndə Mir Həmzə Ağa qəsdən ucadan deyir: “Mir İbrahim, vurma, bəlkə bu həmişə gələn tülkü deyil, bəlkə birinci dəfədir gəlir” Tülkü səsi eşidib qaçır. Ağa hininə oğurluğa gələn tülkünün həyatını beləcə xilas edir. Soruşun: niyə?! Çünki... bilmədən, istəmədən haqsızlıq etməkdən çəkinir; bəlkə bu tülkü hələ heç toyuq aparmayıb!

Həmişə deyirəm: böyüklük etmək asan olsaydı, hamı edərdi! Daxilən böyük olmaq nə gözəlmiş! Atamdan eşitmişdim: Mir Həmzə Ağa “Ortalıq”dan keçib məktəbə tərəf gedəndə, ya evə qayıdanda yolda hamı ona ədəblə salam verərmiş, yol verərmiş. Evinin qabağında, ya çayxanada, hardasa oturan olarmışsa, dərhal yerindən durub Ağanın qarşısına gələrmiş!

...Mən də böyüyüncə dəfələrlə o qırmızı, ucu xəfifcə çiçəkli-saçaqlı itburnu meyvələrinin, dağdağan ağaclarının, başını yerə sallamış salxım söyüdlərin, çal-çəpərə dırmaşıb sallaşan balqabaq tağlarının, böyürtkən kollarının... yanından keçib “Ortalığa” getmişəm. Elə birinci dəfə o “Ortalıq”da Nəzir kişinin (ad şərtidir) yasaq eşqinin realiti-lətifəsini dinləmişəm.

Nəzir kişi çobandı. Yayda yaylaqdaydı, qışda qışlaqda. Avqust yarı olanda – quyruq donanda (ya da quyruq, “quyruqlu ulduz” doğanda) sürünü yarı-yarı dağdan endirib kəndə gətirirdilər. Ferma qonşu kəndin yanında, çayın qırağındaydı. Ferma ilə kəndi balaca bir körpü birləşdirirdi oralarda. Nəzir kişi də yanaqlarından qan daman, sapsağlam bir dağ çobanı. O balaca kənddə bir dul zənənə gözü düşüb. Nəsə alışıb-verişiblər də.

Günün birində Nəzir kişi işdən-gücdən girəvə tapır, yenə atın belində o dar körpüdən keçib “latent məhəbbət” macərasının dalınca gedəndə... qəfildən qarşısını kəsirlər. At hürküb yüngülcə yana sərpir. Ancaq bir cüt tanış əl onu sığallayaraq sakitləşdirir. Nəzir kişi özünə gələndə anlayır ki, onun qaçaq eşq trayektoriyasını daha əvvəl ya izləmiş, ya da hardansa öyrənmiş 15-16 yaşlarındakı əminəvələri kişinin yoluna çıxıb, zarafatla, ya da yarızarafat “yalvarırlar”:

- Əmi, qadan alım, əmi. Qurban olum sənə, hara gedirsən? Bizi də apar, əmi...

- Ə, aralanın burdan. Səydəşdən əmələ gələnlər. Sizə nə var, hara gedirəm?! Ayrı yerə gedirəm. İşim-gücüm var, qırağa durun, at keçsin.

- Əmi, nolar bizi də apar. Nə desən, sözünə baxarıq. Biz də gedək səninlə...

Kişi hirslənir. Qamçını qaldırıb, qımışa-qımışa qolaylanır. Guya əmilərinin bu iki çoxbilmiş yeniyetmə nəvələrini vuracaqmış kimi. Uşaqlar isə yalvarmağa davam edərkən, bir də atın yüyənindən yapışıblar, çəkilmirlər. Nəzir kişi bu dəfə guya daha çox qeyzlənir, bir yandan da qəhqəhə çəkib gülür:

- Əəə, köpəyuşağı, nətəhər aparım ey sizi özümlə?! Əəə, bu, böyürtkən koludur ki, deyəm, bir tərəfindən də siz dərin yeyin?! Gedin, ə, gedin, o yanda oynayın...

Hər dəfə bir böyürtkən kolunu, üstəlik üstündə də böyürtkən görəndə həmin əhvalat yadıma düşür, çox gülürəm. Bu həmin o itirdiyimiz kənddə “Ortalığa” çıxarılan yeganə məzəli “arxiv” materialı deyildi. Adamlar bir-biri haqqında əldə etdikləri bu cür məzəli əhvalatlara elə “arxiv” deyirdilər.

Düzü, “Ortalıq”da adamlar elə bil bütün dərdini-sərini unudurdu. Hamı kənddə bir-birinin “arxiv”ini öyrənən kimi birinci “Ortalıq”da prezentasiya edirdi. Bu kənd öz zarafatları, adamların bir-birinə ayama, lətifə qoşmaları ilə məşhurdu. Nəzir kişinin o “yasaq eşq” macərası da beləcə dillər əzbəri olmuşdu.

Eşq demişkən, kassir Nəbi yadıma düşdü. Sovet quruluşunun dağılhadağıl vaxtlarıdı. Artıq hər şey yavaş-yavaş qəhətə çıxır. Maaşlar da, pensiyalar da gecikir. Ya da yarı-yarı verilir ki, hamıya çatsın. Kassir Nəbi hər dəfə şəhərə - Füzuli bankına, maliyyə şöbəsinə, haralarasa artıq pul dalınca gedəndə camaatın çiçəyi çırtlayır. Hamı “Ortalıq”da toplaşıb Nəbinin şəhərdən dolu qayıtmağını gözləyir.

Hə, budur, qoçaq Nəbi Yetim Raqubun həyətinin ayağından burulub öz “Jiquli”sini “Ortalığın” ortasındaca saxlayır. Camaat bənd-bərəsini uçurmuş dağ çayı kimi “sellənir” Nəbiyə tərəf. Nəbi də ya poçtda, ya idarədə, ya da çayxanada bu pulu paylayacaq camaata. Adam çox, ehtiyac boğazdan, pul da ki... az! Nəbi də kəndin dəli-dolusu. Basabası dəf etmək üçün duruma görə, gah hirslənir (arada çantanı bağlayır ki, guya durub gedəcək), gah da o aralar toylarda dəbdə olan mahnıdan bir parça oxuyub ağsaqqallarla dilxoşluq edir:

- Mirzəli kişi, mən ölüm, bir söylə görüm, eşq oduna yanmısan?!

- A bala, əməlli danış.

- Mən nə deyirəm?! Soruşuram ki, söylə görüm, eşq oduna yanmısan?!

- Ə, ayıbdı e, ayıb! Nə eşq-meşq?! Gedər bibinin qulağına çatar. Əlində pulunu say...

- Yox, onda sən gözlə, Bəylər kişidən soruşum.

Mirzəli kişi hisrlənir, bir yandan da gülməyi tutir:

- İşə düşmədik!

Nəbi bu dəfə üzünü Bəylər kişiyə tutur:

- Gəl, gəl, a veteran, yaxın gəl. Söylə, görüm, eşq oduna yanmısan?!

- Əşi, “yanmısan” nədir ey?! Lap cızdağım çıxıb. Pulu say ver. Az danış.

Nəbinin qəhqəhəsi bütün Ortalığı başına götürür. Gülməkdən yaşarmış gözlərlə izdihama baxır:

- Ay camaat, görürsünüz də. O saat bilinir e. Hiss olunur ki, bu kişi təkcə müharibə veteranı deyil...

Bu sözə camaat da dirsəkləşə-dirsəkləşə gülüşür.

Nəbi Mirzəli kişiyə də bir-iki xoş söz deyib könlünü alır, papağını qaldırıb yaşca böyükdən üzrxahlıq kimi başının ortasından öpür, maaşını verib yola salır.

Onun ardınca Nəbi bu dəfə su cuvarının maaşını sayır:

- Sənə halaldır, Qara kişi. Sən ki o gecə vaxtı o yiyəsizlikdə qəhrəmanlıq göstərmisən.

Bilməyənlər bir-birindən soruşur. Nəbi görür, camaatın çoxunun xəbəri yoxdur, deyir:

Bu kişi gecə üzümlüyü suvaranda birdən təbii ehtiyaclarını ödəmək istəyi yaranır. Beli yerə sancıb elə təzəcə oturur ki, birdən arxadan başına bir ağır bir şey dəyir. Kişi yerindən tərpənmədən əllərini göyə qaldırır və ağlamsınaraq arxadakına səslənir: “Hər kimsən, bilmirəm, balalarının başına dönüm, nə istəyirsən verim, məni öldürmə”. Bir az gözləyir, heç bir səs-səmir gəlmir. Ayağa qalxanda nə görsə yaxşıdır?! Sən demə, su axıb, Qaranın yerə sancdığı belin dibini boşaldıb, bel aşıb, sapı dəyib kişinin başına...

Nəbi sözünün axırını gətirməmiş “Ortalıq”da yenə gülüş “partlayışı” eşidilir. Qara da camaata qoşulub gülür.

Nəbi deyir:

Ay Qara kişi, sizin məhlədə qamış atla “voenkomat”ın qabağında dördnala çapanlar olub e. Sənin niyə bir atın yoxdur ki, gecə kələsərdə sənə hücum eləyəndə minib qaçasan?!

Qara uğunub gedir. Başa düşür ki, Dünya Müharibəsindən yayınmaq istəyən çağırışçının döyüşə yararsız olduğuna hökuməti inandırmaqdan ötrü qamışdan at minib Hərbi Komissarlığa getməyinə işarə edilir. Ancaq hələ hamı Qaranın əhvalatına gülür.

Bu vaxt qəhqəhə səslərinin içindən bir nəfər az qala qışqıra-qışqıra deyir:

Əşi, hələ bu Qara kişi yaxşıdır ey. Qonşu kənddən olan o biri suçunun başına gələni bilirsiniz?

Camaat gülməyi dayandırıb deyir:

Nə? Hansı? Nə “arxiv”dir ki?!

Həftələrlə gecə-gündüz üzümlüyü suvarır. Evə getməyə də vaxtı olmur. Axır bir gün buna istirahət verirlər. Gecənin yarısı gəlir çıxır evinə. Görür ki, arvadı göy-göyərtini qovurub, pencər buğlaması bişirib, uşaqları yedirib, yatırıb. Qazanın dibində bir az pencər qovurması qalıb. Onu da kişi yeyir, yuyunub uzanır yatmağa, arvad buna “hücum eləyir”. İşləməkdən əhədi kəsilmiş kişi arvada hirslənir: “Rəhmətliyin qızı, bir çəngə ot vermisən də. O bir çəngə otu yeyib şirə-pələngə döndüm ki mən?!”

Bunu eşidəndən sonra növbədəkilərin barmağını kəsəsən xəbəri olmaz.

Nəbi də ucadan söz atır:

Bəs o kimmiş, deyib: “Arvad, sən əzizlərinin canı, Böyük Yeri suvarıb qurtarmayınca, mənə yaxın gəlmə”?”

Hamı bilir, söhbət kimdən gedir. Gülüşmə səsi daha da artır.

Bu yerdə pul almaq növbəsi MAZ şoferinə çatır:

- Uşaqpulunu say...

Nəbinin yenə şuxluq damarı tutub:

- Uşaqpulunu sən niyə alırsan? Təzə qanuna görə, anası almalıdır...

- Nəbi, sən canın, başımı xarab eləmə...

- Sovet hökumətinin qanununa inanmırsan?! Yenidənqurma deyir ki, bundan sonra uşaqpulu uşağın anasına verilməlidir...

- Ə, bu saat hökuməti də söydürəcəksən, o birini də. Tez ol, pulu say ver, cinlərimi oyatma. Mən qanun-manun bilmirəm. Gecə səhərəcən dizimi yerə atıb uşaq əkmişəm, deməli, uşaqpulunu da mən almalıyam. Hökumət özünə gülür. Az danışdır məni...

İzdiham bu dəfə MAZ şoferinin sözünə gülməkdən dalğalanır, yırğalanır.

O arada kəndin poçtalyonu Manafın PAZ avtobusundan düşür, əlində iki dolu bazarlıq torbası var.

Kimsə yarızarafat söz atır:

- “Qəhrəman ata” da gəlib özünü yetirdi. İndi bütün uşaqpulunu alacaq. Maaşa da pul qalmayacaq.

Poçtalyon söz altında qalmır:

- Neynəyim, a qağa?! Varlının arvadı çox olar, kasıbın uşağı...

Nəbi soruşur:

- Qonşu, əlindəki nədir?

- Vallah bunu elə-belə sözlə deyə bilməyəcəm,-deyə poçtalyon bədahətən məzəli bir bayatı çəkir:

“Əzizinəm, balışdı,

Canım oda alışdı.

Gəlirəm uzaq eldən,

Torbam dolu “Malış”dır”.

Hamı təzədən qəhqəhə çəkir. Başqa biri izdihamın içindən “Tütək səsi” filmindəki məşhur replika ilə poçtalyona sataşır:

- Sən gecələr yat, a Qurban, yat!

Növbəti gülüş seansının sədaları altında Nəbi poçtalyonun 6 uşağının pulunu sayıb onu növbədənkənar buraxır.

Basabasdan çıxar-çıxmaz poçtalyonun gözü bir qıraqda durub bu mərəkəyə tamaşa edən tələbəyə sataşır, elə o saat da sualı hədəfə yönəldir:

- Dədə, o Bakıda heyvan konservatoriyası var?

- Yox, əmi, adam konservatoriyası var, heyvan üçün yoxdur...

- Heylə?! Çox hayıf...

- Niyə ki?

- Sabirin iti ilə mənim eşşəyimi ora göndərmək lazımdır; ikisinin də yaxşı səsi var. Bizimki qara azar dəymiş elə zəngulə vurur ki, səsindən gecənin yarısı dik atılıram.

Bayaqkı adam yenə təkrar söz atır:

- Sən gecənin yarısınacan niyə oyaq qalırsan?! Sən gecələr yat, a Qurban!

Poçtalyon dönüb gülə-gülə o səsin sahibinə səslənir:

- Day şirinçay elədin ha! Gecələr yatmaqdan özün bir xeyir görmüsən?! Sən indi iki uşağın pulunu alacaqsan, mən altı uşağın pulunu alıb çıxmışam. Elə deyirsən, gecələr yat, gecələr yat...

Yaxınlıqda hər kəs uğunub az qala özündən gedir. Yəqin gülə-gülə də düşünürlər: “Kaş bizim də Bəylər kişi kimi eşq odunda çızdağımız çıxaydı, eşq ağacından ən azı poçtalyon qədər çoxlu meyvə dərəydik. Elə olsaydı, bu gün çox uşaqpulu alardıq”.

Kənd yerində bu eşq-məşq söhbətləri bir az ayrı cürdü; Mirzəli kişini qınamayın. İndiki "şirpotreb" sevgilərə ağlınız getməsin, o vaxt hər oğulun işi deyildi eşqə düşmək. Ya da bunu üzə çıxarmaq. Elə ki, analar ərgən övladlarında eşq odunun qığılcımlarını sezdilər, hə, o zaman xüsusi “əməliyyat-axtarış” başlayardı; xalaqızından, dayıqızından birinin qolundan tutub oturdurdular böyründə. Və eşq oduna yanası oğlanın tüstüsü təpəsindən çıxırdı beləcə.

İndiyə baxma. İndi qlobal istiləşmədən, türkün məsəli, hamı yanır. Adını da "eşq odu" qoyublar. Əslində, deyəsən, nə eşq qalıb, nə odu.

...Bulaq başı flirtləri çox banaldır artıq. Həm bizim bulağımız kənddən aralıdaydı. Kəndin içində artezian quyuları vardı. Sevgi işinə o dövr üçün modern olan bu texnologiya qarışmışdı. Ərlik qızlardan elələri olardı, evlərində dolu vedrəni gizlicə yerə boşaldıb, qaçardı artezianın başına – içməli su bəhanəsi ilə "eşq odu" axtarmağa. Elə ki birinə sevdalandı, ancaq başqasına ad elədilər, qalardı odla suyun arasında. Bütün bunlara rəğmən bu acımtıl pespektiv artezian başında, ya da kənd toylarının ön sıralarında xoşbəxt qismət axtarışlarına mane olmurdu. Onda hələ jeledən xəbəri olan yoxdu. Vardısa da, çox deyildi. Oğlanlar saçına yağ sürtüb parıldadardı, yüyürərdü "hadisə yerinə". Bəzi naşı aşiqlər də, baxardın, kəkilini külək uçurmasın deyə şirinçayla şirələyib gəlir. Toy çadırlarının qıraqlarından düzgün hədəfi nişan alan baxışlar ürkək, utancaq, qəmzəli bir qarşılıq gözləyə-gözləyə yanıb yaxılardılar. Bu yandan da bu şəkər şirəsi ilə hamarlanmış telini, eşq xəyalından xumarlanmış biçarə başını o sırtıq cır arılardan qoru, görüm, necə qoruyursan! "Məhəbbət başımızın şirin bəlasıdır" deyən şair də saçını şirinçayla "darayanlardanmış" yəqin.

Yağ?! Eviniz tikilsin, o vaxt yağ tapılırdı?! İnəyi kənddə saxlayırdıq, yağı Bakıdan alıb aparırdıq. Adını da "Bakı yağı" qoymuşduq.

...Sovet dövlətinə rəhbərlik etmiş Xruşşovun haqqında olan lətifəni eşitmisiniz də. O, ölkənin içərisinə səfər edir, bir şəhərdə heykəl görür. Yanındakından soruşur:

- Bu, kimin heykəlidir?!

- Puşkinin heykəlidir, Nikita Sergeyeviç.

Xruşşov təəccüblənir:

- Çox qəribədir, “Mumu”nu Turgenyev yazıb, heykəli Puşkinə qoyublar.

Yetmişinci illərdə o Şər İmperiyasının paytaxtından on üç dənə keçici qırmızı bayraq alan biz, amma bizə lazım olanı İrəvandan, Tiflisdən alıb gəlirdik. Ermənilərlə, gürcülərlə bir az qiymətdə çənə-boğaz edəndə, deyirdilər: “Satmıram, gedin, bayrağınızı yeyin”.

İndi də başqa mənzərə var: bayraq altında xoşbəxt yaşanası bir ömrü axırda bayrağa büküb torpağın altına qoyuruq.

Mən 70-lərin “pripiskası”nı da, 80-lərin dalğalanmalarını da, 90-ların faciələrini də gözümlə gördüm. Eləcə də, ikimininci illərin, ondan sonrakı dövrlərin. Doxsanların əvvəlinə qədər bizim o kənd orda vardı. O “Ortalıq” da o kənddəydi, ya da kənd o “Ortalıq”daydı. Əsgərlikdən gələn qaçırdı “Ortalığa”. İnstitutdan gələn qaçırdı “Ortalığa”. Evlənməyə qız axtaran qaçırdı “Ortalığa” (ki, məktəbə gedib-gələn son sinif şagirdini görüb bəyənsin, buraxılış imtahanı qurtaran kimi elçiləri düzsünlər o qızın dədəsinin qapısına, dədəsi verməsə, qız razıdırsa, qaçırsın). Öz kəndinə qayıdan - Bakıdan gələn, Şəkidən gələn... avtobusdan düşüb, evdəkilərlə atüstü görüşərdi. Yarım boşqab alaçiy yemək yeyib, bir stəkan rəngi avazımış çay içib qaçardı “Ortalığa”.

...Böyük qardaşım “Ortalıq”dan bir azca gec gələndə, anam pəncərənin qarşısından ayrılmırdı. Hərdən də ah çəkib deyərdi ki: “Bu uşaq harda qaldı, görəsən?! Hava da qan ağlayır”.

Evimizin yeddi yetimindən altısı analarının bu sözlərinə gülüşərdi: “Payızdı da, yağış da yağmalıdır, külək də əsməlidir...Hələ qışda qar da yağacaq”. Ancaq anam bizim bu məzəli-gerçəkçi metereoloji arqumentasiyamızı elə bil eşitmirdi. Həyətin darvazası cırıldayana qədər gözünü yoldan çəkmirdi...

Fəqət... Axır bir gün müharibə gəlib “Ortalığa” da çatdırdı özünü. Raket yağışı, tank-top mərmisi qarşısında qalan yalın camaat yığışıb öz kəndindən çıxdı, o “Ortalıq” da elə ortalıqda qaldı. Adamlar öz evini, öz həyətini- evindəki, həyətindəki Həyatını qoyub gedirdi, kim idi Ortalığın hayına qalan?! Onlar – bu kəndin sakinləri keçmişdə yaşadığı, gələcəkdə yaşamayacağı Həyatı Ortalıqda qoyub ayrılığın yolunu tutub getdi. Və az qala otuz ildir ki, “Ortalıq”da, yəni ortalıqda buraxmaq zorunda qaldığı Həyatına qıraqdan baxır; əlindən getmiş keçmişinə, heç gəlməyəcəkmiş kimi görünən gələcəyinə qıraqdan baxır... O gözləri yol çəkən itburnu çiçəklərinə, böyürtkən kollarına... uzaqdan tamaşa edir. Tamaşa nə zaman bitəcək, kim bilir?! Biz bitmədən bitməzmi deyirsiniz?!

***

Bir tanış məmurla danışırdım. Deyir:

- Narahat olmayın, kəndiniz “ağıllı kənd” olacaq. Əvvəlkindən də yaxşı.

- Əvvəlkindən yaxşı olacaq, ya da pis olacaq, bilmirəm. Əvvəlki kənd olmayacaq.

- Siz ağıllı adamsınız axı,-deyə başlayır əsaslandırmağa.

Bunların hamısını mən bilirəm axı. Bir yerdən sonra dinləməyə artıq səbrim çatmır...

O məmura da dedim. Bax, kənd işğal olunmazdan on il qabaq ordan çıxmışam, Bakıya gəlmişəm. Burda yaşayıram. Kənddə qeydiyyatım da yoxdur. Dediyim camaatın sözüdür, camaat üçündü. O kəndin məndən daha ağıllı adamları var. Dəlisi də vardı, dəli-dolusu da var. Camaat öz kəndini özünə qaytarmaq istəyir. İtirdiyini qaytarmaq... Ağıllısı da bunu istəyir, dəli-divanəsi də. Hərə öz evini öz evində istəyir. Dağılan təkcə daş-divar deyil axı. Bütün yaşanmışlıqlar dağılıb. Xatirələr, duyğusallar. Bundan sonra yaşanacaqlar da dağılmasın deyə camaat öz evini öz yerində özü tikmək istəyir. Bu, rasional baxımdan yanlış görünə bilər. Ancaq kim dedi ki, Həyat yalnız rasional olanın üzərindədir?! Bəlkə daha çox irrasional olandır Həyat!

Sonrasında da çox uzun-uzun düşündüm: bəlkə camaat istəyir ki, yenə o evlər olsun, adamlar da əvvəlki kimi olsun. Yenə qayıtsınlar o “Ortalıq” deyilən yerə. Ora kəndimin ən birinci sosial şəbəkəsiydi; həqiqət də ordaydı, zarafat da. Sözün düzü də üzə orda deyilirdi, lap gop da orda danışılırdı. Küsəndə də “Ortalıq”da küsürdülər, barışanda da “Ortalıq”da barışırdılar.

...Bəlkə bu adamlar yenə istəyir ki, o məşhur xarrat veteran “Ortalığa” çıxıb vuruşmadığı müharibədən adrenalindolusu “xatirə”lərini danışsın. O kənddə biri də varmış, deyirmiş: “Üç il əsgərlik elədim, beş yaşında uşaq qoyub gəldim”. Bu da onun kimi öz “başına gələn” macəralarını düzsün dalbadal: Tutaq ki, desin: “Bizi paraşütlə göydən atdılar. Yerə yaxınlaşanda çoxlu adam gördüm. Elə bildim, bizimkilərdir. Bir az da yaxınlaşanda gördüm, bizimkilər deyil, “nemes”lərdir. Bunu görəndən sonra day hara gəlirəm?! Qayıtdım geri”.

Ya da bu veteran ağsaqqal həmin o “Ortalıq”da iri bir çay daşını götürsün əlinə, and-aman eləsin ki, Bakıda – Urologiya Xəstəxanasında şəxsən akademik Cavadzadə onun böyrəyindən 18 dənə (!) “bu boyda” daş çıxarıb. Və sonra daşı atsın yerə. Kimsə də o çay daşını gizlincə götürsün, aparsın, İbadın çayxanasında elektrik şitinin üstünə qoysun. Daş da illərlə orda qalıb mamır bağlasın...

Bəlkə yenə yaxın kəndin dindar sakinləri İbə pirinin ərafında ələm uçuranda şofer V. öz gündəlik menyüsünə sədaqət hissini sərbəst buraxsın:

- Ay qız, ordan axşamkı yarımçıq arağı gətir.

Yoldaşı da qayıtsın ki:

- Allah evini tiksin, bu gün qətl günüdür, Alxanlılar ələm aparır. Barı bu gün içmə də. Həm də səhərin gözü açılmamışdan araq içməsən olmaz?! Bu gün günahdı axı...

- Ay qız, arağı bura gətir deyirəm sənə. İndi vaxt çox erkəndi. Hələ atlar yəhərlənir. Döyüş başlamayıb. Bəlkə elə bizimkilər qalib gələcək.

Yoldaşı da iki əli ilə üzünü tutsun:

- Bax, belə danışırsan, axırda görərsən, bir gün ağzın əyiləcək.

- Yeri, yeri, arağı bura gətir, ağzım əyilməmiş içim, qalmasın. Özü də sən narahat olma, əyilər, yandan içərəm.

Qadın deyinə-deyinə içəri keçsin:

- Rəhmətliyin oğluna elə bil plan qoyublar...

Plan demişkən. Bəlkə camaat qayıdıb yenə üzüm tarlaları salacaq hər tərəfdə. Adına yenə “kələsər” deyəcəklər. Heyvan otarmağa da yer qalmayacaq. Tarla qoruqçuları da taxıl zəmilərinə, ya da üzümlüklərə dadanmış heyvanları tutub aparıb “ heyvan türməsi”nə salacaq. O ara şanılar da yetişəcək. Planı yüz faizin çox üstündə tamamlamaq həvəsi (və maddi marağı ilə!) avqustda məhsul yığımı başlayacaq, oktyabrın əvvəlinə qədər çəkəcək. Axşam hamı gözünün giləsinə qədər üzüm şirəsinə bulaşmış qayıdacaq. Yol boyu hava dalğalandıqca, yüngül meh camaaatı vurduqca, üst-başların şirəsini qurudub bədənləri geyişdirəcək. Bax elə, o günlərdə kənddə yenidən hamam tikilib təhvil verilmiş olacaq. Hamamçı da çıxacaq “Ortalıq”da laqqırtı vuran kişilərə zarafatla deyəcək: “Ay camaat, hamamda hər şərait var, bircə soyunma otağı yoxdur; soyunma otağını tikmək inşaat briqadirimizin yadından çıxıb. Ona görə də kim hamama gəlmək istəyirsə, evdə soyunsun, gəlsin...”

Hamı bu sözə gülüşəcək. Nərd oynayan qaldığı yerdən nərdini oynayacaq. Domino çırpan dominosunu çırpacaq. Evdə hər cür mürəbbə çeşidləri ilə birlikdə yüksək kulinar məharətlə servis edilən xoruzquyruğu, pürrəngi çay ola-ola çayxanadan əl çəkməyən kişilər dişə yapışan saçaqlı konfetlə mübarizədən qalib çıxıb soyumuş çayını qurtumlayacaq. Arada süfrəçi uşağa da sataşacaqlar:

- A bala, “yenə uçastkovı” gəlmişdi?! Qorxusundan bu çayın rəngi qaçıb. Ha-ha-ha!

Kabab sifariş edənlər tut arağının qapağını açacaq, bir-iki dəqiqədən sonra içinin alovundan yaralı aslan kimi nərə çəkəcək; spirti kəşf edən ərəbin özünü və bütün əcdadlarını çoxmərtəbəli, qəzəbli folklor “məmulatları”na qonaq edəcək.

Bu dəmdə kababçının süfrəçi oğlu gülməkdən əlindəki isti çaydanı oturanlardan birinin güngörməzinə aşıracaq. Təzə evlənmiş müştəri şalvarını dartışdıra-dartışıdıra kafenin ortasında dəli dana kimi dörd dolanacaq. Camaat bir yandan adamın köməyinə tələsəcək, o biri yandan da başlayacaqlar gülüb sataşmağa.

Biri deyəcək:

- Ə, bu yazığın olan-qopan nəyi vardı-yoxdu, yandı, kül oldu. Can-can... A bala, ordan tez kartof doğra, gətir. Kartof!

- Diş pastası, diş pastası...

Bir başqası da söhbəti bir üst “levelə” daşıyacaq:

- Fikir eləmə, əmioğlu. Qozdan-fındıqdan ye, düzələcək.

Üçüncüsü, qayıdacaq ki:

- Qoz-fındıq dedin, yadıma düşdü. Xəbərin var, A.-nın təzə arxivindən?! Yoldaşı deyib: “A kişi, get, bir hinduşka xoruzu tap gətir, bu fərə hinduşka yumurtaya düşsün”. O da gedib, xoruzu alıb gətirir. Üstündən bir müddət keçir. Yoldaşı deyir: “Sən bu xoruzu hardan almışdın? Heç fərəyə tərəf gözünün ucuyla da baxmır”. Kişi də dönüb deyir: “Ay qız, qozdan-fındıqdan ver, yesin, düzələcək”. Qadın lap hövsələdən çıxır, bilmir acıqlansın, ya gülsün. Deyir: “Bəri bax, ağlın özünə getməsin e, bu hinduşkadır, hinduşka. Qoz-fındqla əmələ gələn deyil...”

Gülüş səsindən kafenin daş-divarı silkələnəcək, qapı-pəncərə az qala yerindən çıxacaq. Kababçı manqalı buraxıb qaçıb gələcək: “Mənə də danışın da təzə söhbəti. Yenə kimin “arxiv”idir?!”

Hamı birdən qayıdıb süfrəçini haylayacaq:

- A bala, bayaq nəyə gülürdün? Bu kişinin də vacib yerlərini yandırıb getdin.

Yeniyetmə gülməkdən az qala yıxılacaq. Özünü toparlayıb deyəcək:

- “Samosval”ın üstündə üzümlükdən işdən qayıdan arvadlar o qədər səs-küy salıb ki, şofer H. dayı neçə dəfə: “Sakit olun” deyib. Baxmayıblar. O da maşını sürüb təzə şumluğa, kuzovu qaldırıb, hamısını aşırıb töküb yerə. Arvadlar bir-birinin üstünə qalaqlanıb...

Bəlkə də heç belə bir hadisə olmayıb, bəlkə süfrəçi yeniyetmə zarafat elədi, sadəcə...

Amma bu yeni “arxiv”ə kafe əhli əvvəl qarnını, böyrünü tutub qıvrıla-qıvrıla uğunub gedəcək. Sonra hamı birdən elə bil yuxudan ayılacaq. O tarlada kimin işləyəni varsa, yeməyi-çayı süfrədə qoyub, öz zövcəsinin harayına qaçacaq...

Qalanlar da bu “arxiv”ə uzun-uzun məzəli şərhlər verəcək, doyunca deyə-gülə, yeyə-gülə beləcə bir axşama da nöqtə (ya da nöqtəli vergül) qoyub, dağılışacaq hərə öz evinə-eşiyinə...

***

...Hə! ”Geroy”, ay “Geroy”, kaş sağ olaydın, “ağıllı kənd” səninlə daha maraqlı olardı. Yəqin özün də bilirdin, kənd səni necə tanıyırdı. Dünya Müharibəsindən kontuziyalı qayıtmışdın. Hamı buna görə dildə sənə “Geroy” desə də, dəli sanırdılar. Sən də buna alışmışdın, barışmışdın özünlə, öz taleyinlə. Kim bilir, “Kəndin dəlisi” statusunla... qürrələnirdin bəlkə də.

Etiraf elə, haqsız da deyildilər; kənddəki çoxuşaqlı anaların medallarını o arvadların ərləri gətirib sənə verirdilər. Sən də taxırdın yaxana. Bir də ki... Payızı, qışı başa düşdük. Yazın yarısını da birtəhər ötüşdürərik. O yayın cırhacırında, o qora bişirən ayın qzmarında hərbi şinel nəydi, sən Allah?! Əynindən çıxarmırdın ki! Soruşurduq: ““Geroy”, neçə faşist öldürmüsən?” Deyirdin: “Onlar mənə neynəmişdi ki, öldürəm də?! “Dəymə mənə, dəyməyim sənə”. Yaxşı, bundan sonra camaat sənin haqqında nə düşünsün, a kişi?! Deyirsən ki, Mozdok ətrafında aylarla ot tayasının altında gizlədib səni bir rus qadını. Aylarla keçi südü içmisən. Özü də çox vaxt elə şəxsən keçinin özündən... Nə bilim, Vallah!

... Sənə kənddə - o Qazılı məhləsində çox rast gəlmişdim. Yol boyu – “Ortalığa” qədər harda şüşə qırığı, tikanlı məftil parçası, mismar, iri daş-filan görürdünsə, ayağınla vurub atırdın, ya da əyilib götürürdün, qoyurdun qırağa. Deyirdin: “ Yoldan keçənin, uşağın-böyüyün ayağına batmasın”. Yaxşı, o əzici, kəsici-deşici tullantıları o yolun ortasına atanlarmı çox ağıllı idi, yoxsa onları ordan götürən sənmi çox dəliydin?!

...Bilirsən, sənin haqqında niyə çox fikirləşirəm, Ataxan kişi?! Görəsən, kəndimizin yerində o dillər əzbəri “ağıllı kənd” tikilsə, sən də sağ olsaydın, “başbilənlər” səni o kəndə buraxardılar?! Deməzdilər ki, bu dəlinin “ağıllı kənd”də nə işi?! Nə biləsən ki?! Heç mən özüm də bilmirəm. Bəlkə onun da bir yolu vardı; Həkim Komissiyasına “görüm-baxım” eləyib, sənə “ağıllı kağızı”-filan da almaq olardı...

Heyf ki, kəndin azad olunduğu günü görmədin. Qayıdardın kəndə. Özün öz evini tikərdin; əlindən də iş gəlirdi pis-yaxşı. Qızın Tutudan da daha qorxu yoxdu o evə. Çoxdan böyüyüb artıq. Daha doğrusu, çoxdan yaşlanıb. Düzü, yaşayırmı-yaşamırmı, onu da bilmirəm. “Qırmızı maşın gəlsin” deyə öz ata evinə od vurub yandıracaq o kiçik qız xeylağı deyil daha Tutu!

Amma yox! Sənin artıq bir evin çoxdan var. Son mənzilin. Sən təzə tikiləcək kəndimizin, ya da təzədən tikiləcək kəndimizin köhnə dəlisi deyilsən ki daha! Bəlkə də buna ehtiyac qalmayacaq; belə görürəm, bu iş uzansa, kəndinin, evinin həsrəti ilə “ağlını itirənlər” də olacaq. Narahat olma, o “ağıllı kənd”imizin təzə “dəliləri” də əmələ gələcək, dəlisovları da. Sən son mənzilində rahat uyu! Bizdən nigaran qalma...

Bahəddin Həzi,

Bizimyol.info

Avqust 2022

Son xəbərlər
Bütün xəbərlər »