Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalist Prezidentə üz tutdu: “Prokurorluq artıq media üçün “xoxan” rolunu oynayır...”
Jurnalist Prezidentə üz tutdu: “Prokurorluq artıq media üçün “xoxan” rolunu oynayır...”

“Azerbaijan Favorite News” (www.afn.az) xəbər saytının baş redaktoru Həbibə Qafarova (Abdulla) prokurorluğa çağırılıb. Jurnalist son 15 gündə ikinci dəfədir ki, Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə çağırılır.

Bizimyol.info xəbər verir ki, Həbibə Abdulla bununla əlaqədar Prezident İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva, Ombudsman Səbinə Əliyeva, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da daxil olmaqla, müxtəlif dövlət strukturlarına, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edib.

Həbibə Abdulla Həbibə Abdulla

Jurnalist məktubunda yazır ki, son 15 gündə ikinci dəfədir, prokurorluq əməkdaşları heç bir əsaslandırma və rəsmi çağırış vərəqəsi olmadan onu Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə dəvət edir. Birinci dəfə əsaslandırılmış çağırış vərəqəsi tələb edib: “Görünür, çağırış əsassız olduğu üçün bunu edə bilmədilər...”

Həbibə Abdullanın sözlərinə görə, o, ikinci dəfə də rəsmi çağırış vərəqəsi tələb edib. Lakin bu dəfə reaksiya fərqli olub: “Bu dəfə hazırda olduğum ünvanı soruşdular, prokurorluq əməkdaşının yaxınlaşacağı bildirildi...”

Jurnalist müraciətində vurğulayıb ki, artıq həm bir vətəndaş, həm də media işçisi kimi, hüquqlarına ciddi basqı hiss edir. 20 ilə yaxındır jurnalist kimi fəaliyyət göstərdiyini yada salan Həbibə Abdulla deyir ki, ötən müddətdə mediaya qarşı təzyiqlərin, jurnalistlərin əsassız saxlanması, həbs olunması hallarını çox görüb.

“Aradan ötən müddətdə media ilə bağlı Sizin apardığınız DOSTYANA siyasət nəticəsində bu təzyiqlər, demək olar ki, aradan qalxmışdı. Lakin son aylar ərzində yenidən media üzərində ciddi basqı var. Heç bir əsas olmadan Baş Prokurorluğun müxtəlif idarələrinə dəvət edilirik. Heç bir əsas olmadan xəbərdarlıq edilir həmkarlarıma. Prokurorluq artıq media üçün “xoxan” rolunu oynayır.

Ölkənin hüquq-mühafizə sisteminin dayaqlarından olan bir qurumun bu hala gətirilməsi həm də bir vətəndaş olaraq məni incidir”, - jurnalist Prezidentə məktubunda yazıb.

O, əlavə edib ki, vəziyyətin günü-gündən pisləşməsi azad ruhlu insanların ölkədə yaşamasını çətinləşdirir: “Azad ruhlu insan həm də düşünən, pisi yaxşıdan ayırmağı bacaran, ölkəyə xeyir vermək amacında olan insan deməkdir. Mənim də bütün amacım dövlətimə layiqli vətəndaş olmaq, ölkəm üçün nələrsə etməkdir. Lakin bu gedişlə artıq bu mümkünsüz hala çevrilməkdədir. Mən lal, kar, kor ola bilmərəm! Xahiş edirəm, məsələyə bir əncam çəkəsiniz...”

Son dövrlər onlarla ictimai-siyasi fəal, jurnalist, hətta bölgələrdə yaşayan sıravi vətəndaşlar belə, sosial şəbəkələrdəki paylaşımlarına görə Baş Prokurorluğa çağırılıb, onlara rəsmi qaydada xəbərdarlıq edilib. Onların arasında Demokratiya-1918 (D-18) Hərəkatının keçmiş sədri Ruslan İzzətli, jurnalistlər Fikrət Fərəməzoğlu, Səxavət Məmməd, ictimai fəal Rüstəm ismayılbəyli və digərləri var.

Prokurorluq vətəndaşların çağırılmasını, onlara yazılarına görə xəbərdarlıq olunmasını “ictimai-siyasi sabitliyin, hüquq və azadlıqların pozulmasına yönələn halların qarşısının alınması” məqsədilə izah edir.

Bugünlərdə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfransda Baş prokuror Kamran Əliyev rəhbərlik etdiyi qurumun vətəndaşları kütləvi şəkildə çağırıb xəbərdarlıq etməsini belə əsaslandırıb: “Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”.

Ələsgər Əhmədoğlu Ələsgər Əhmədoğlu

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hesab edir ki, prokurorluğun bu cür davranışı insanların ifadə azadlığına, medianın fəaliyyətinə kobud və qanunsuz müdaxilədir: “Medianı monitorinq etmək, onun peşə davranış qaydalarına görə balanslı olub-olmadığını müəyyən etmək onun özünütənzimləmə qurumunun işi ola bilər, prokurorluğun yox...”

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »