Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa hökumətlərinin rəhbərləri irqçidir" - BMT rəsmisindən sərt açıqlamalar
"Avropa hökumətlərinin rəhbərləri irqçidir" - BMT rəsmisindən sərt açıqlamalar

Avropanın Rusiyanın işğalından qaçan milyonlarla ukraynalıya qucaq açması göstərdi ki, çoxlu sayda sığınacaq axtaranları qəbul etmək mümkündür. Bu yanaşma digər xalqlardan qaçanları qəbul etmək üçün təkrarlanmalıdır.

Bizimyol.info “ApNews”-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Avropa İttifaqının bu addımını “nümunəvi” adlandırıb.

O, qeyd edib ki, 6 ay əvvəl 4 milyona yaxın ukraynalı, əsasən qadınlar və uşaqlar blokun müvəqqəti müdafiə sistemində qeydiyyatdan keçib. Bu addım, Aİ-nin Afrika və Yaxın Şərqdən gələn miqrantların Avropa sahillərinə çatmaması üçün son illərdəki səyləri ilə tamamilə ziddiyyət təşkil edir. Bəzi Avropa liderləri ukraynalılarla digər qaçqınların vəziyyəti arasında fərq qoymağa çalışır. Qrandi bu fərqi "irqçilik" adlandırıb.

"Əgər bu, çox sayda insan üçün mümkündürsə, niyə bu yanaşmalardan bəzilərini Avropanın qapılarını döyməyə gələn digər insanlar üçün də istifadə etməyək?",- deyə Qrandi qeyd edib.

Onun sözlərinə görə, İkinci dünya müharibəsindən sonra Avropanın qəbul etdiyi ən böyük qaçqın axını Ukrayna müharibəsində qeydə alınıb. O xatırladıb ki, 2015-2016-cı illər qaçqın böhranından sonra, əsasən Suriyadan olan 1 milyondan çox insanın quru və ya dəniz yolu ilə Avropaya gəldiyi zaman liderlər çoxlarının qitəyə getməməsi üçün Aİ daxilində hasarlar çəkiblər.

Blok həmçinin təqib və münaqişələrdən, eyni zamanda yoxsulluqdan qaçan insanların sahillərə çatmaması üçün milyardlarla vəsait xərcləyib. Türkiyə, Liviya və Mərakeş kimi ölkələrə miqrantları yola salmaq üçün vəsait ayırıb.

Avropanın sərhəd və sahil mühafizəsi agentliyinə görə, bu il yenidən artsa da, Avropaya qeyri-müntəzəm keçidlərin sayı 2015-ci ildəki zirvədən 2021-ci ildə 200.000-ə düşüb.

Agentliyin məlumatına görə, dünya qaçqınlarının 80 faizdən çoxu inkişaf etməkdə olan ölkələr tərəfindən qəbul edilir.

"Avropadakı hökumət başçıları Aralıq dənizində bir qayıqda üzən yüz nəfəri kimin hara aparması barədə danışıqlar aparmaq üçün saatlar, günlər sərf etdilər. Və bunun əksinə olaraq, milyonlarla ukraynalıya xidmətlərə giriş imkanı verildi, qəbul edildi”,- deyən Qrandi əlavə edib ki, Avropa hökumətlərinin rəhbərlərinin çoxu özünün irqçi olduğunu düşünmür.

“Bəzi siyasətçilər ukraynalıların əsl qaçqın olduğunu, digərlərinin isə əsl qaçqın olmadığını deyirlər. Bu irqçilikdir”,- deyə o əlavə edib.

Nəşr xatırladır ki, Yunanıstanın Miqrasiya naziri Notis Mitaraçi bu ilin əvvəlində müharibədən qaçan ukraynalıların əsl qaçqın, digərlərinin isə, qaçqın olmadığını dediyi üçün insan haqları təşkilatları və müxalifət millət vəkilləri tərəfindən tənqid edilib. Digər Avropa siyasətçiləri də oxşar bəyanatlar veriblər.

Qrandi etiraf edib ki, məsələ mürəkkəbdir və Avropaya gedənlərin bəziləri iqtisadi miqrantlardır. Onun sözlərinə görə, sığınacaq tələblərini qiymətləndirmək üçün effektiv sistemlər mövcuddur.

“İndiyə qədər ölkəni tərk edən ukraynalıların təxminən yarısı geri qayıdıb . Daha çoxu geri qayıda bilər. Amma bəzilər ikinci dəfə qaçır”,- deyə Qrandi vurğulayıb.

O, müharibə bitmədiyi təqdirdə, vətənlərini tərk edən ukraynalıların ümumi sayının dekabr ayına qədər 8 milyondan çox ola biləcəyini bildirib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, hazırda 6,6 milyon ukraynalı didərgin düşüb. Təxminən 2 milyon ukraynalı istəsə də, istəməsə də, Rusiyada qalıb.

Qrandi həmçinin vurğulayıb ki, Agentlik Rusiyaya daxil ola bilmir. Məhz bu səbəbdən də ölkədə ukraynalılar üçün nəzərdə tutulmuş 1500 yaşayış yerindən indiyədək yalnız doqquzunu ziyarət edə bilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »