Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ qazisi icra hakimiyyətinin önündə özünü yandırdı
Qarabağ qazisi icra hakimiyyətinin önündə özünü yandırdı

44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş daha bir qazi intihara cəhd edib. Hadisə Samux rayonunda baş verib.

Bizimyol.info xəbər verir ki, Qarabağ qazisi Təbriz Abdullayev Samux rayon İcra Hakimiyyətinin binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Hadisə avqustun 18-də səhər saat 11.00 radələrində baş verib.

Təbriz Abdullayevin yaxınlarının bildirdiyinə görə, o, sosial problemlər və müvafiq dövlət orqanlarının onun durumuna laqeyd münasibətinə etiraz olaraq intihara əl atıb.

1989-cu il təvəllüdlü Təbriz Abdullayevin sifətinin və bədəninin böyük hissəsinin yandığı bildirilir: “Yalnız dizdən aşağı hissə yanmayıb, bədənində qalan hissə yanıb. Vəziyyəti ağırdır. Ona görə dərhal Bakıya – 5 nömrəli xəstəxanaya göndərildi. Deyilənə görə, Yanıq Mərkəzi bu xəstəxanada yerləşir, ona görə ora göndərdilər”.

Təbriz Abdullayevin intihara cəhd etməsi haqda məlumat rəsmi qaydada da təsdiqlənib. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, artıq bu məsələ ilə bağlı araşdırma başlayıb:

“Avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır”.

Xatırladaq ki, bir ay öncə Sabirabad rayonunda da bənzər hadisə baş verib. Vətən müharibəsindəki xidmətlərinə görə bir neçə medala layiq görülmüş “Mauqli” ləqəbli Elvin Cəfərov iyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırmışdı. 35 yaşlı Qarabağ qazisi Bakıya – Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı. İki azyaşlı uşaq atası olan Elvin Cəfərov iyulun 12-də xəstəxanada vəfat etmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »