Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada keçirilən görüşdə nələr müzakirə olunacaq...
Ukraynada keçirilən görüşdə nələr müzakirə olunacaq...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Lvovda BMT-nin baş katibi Antionio Quterreş və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Sammitdə BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilən taxıl sazişinin davamı olaraq atəşkəsin təmin edilməsi, Zelenski ilə Putinin bir araya gətirilməsi də mühüm mövzular arasında olacaq.

Bizimyol.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynanın Lvov şəhərində BMT-nin baş katibi Antonio Quterreş və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. 22 iyul tarixli taxıl dəhlizi razılaşması və  Ərdoğanın avqustun 5-də Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra Lvovda keçiriləcək üçtərəfli zirvə böyük diqqət çəkir. Polşa sərhədinə yaxın Lvovda keçiriləcək görüşdə taxıl müqaviləsinin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün bir model olaraq qəbul edilməsi gözlənilir.

Ərdoğanın Ukraynaya bir günlük səfərinin siyasi müstəvidə olduğu və müharibəni sona çatdırmaq məqsədi daşıdığı Cumhurbaşkanlığı Kommunikasiya Başçılığının açıqlamasında da bildirilib. Səfər öncəsi verilən açıqlamada bildirilib: “Prezidentimizin ukraynalı həmkarı ilə görüşlərində Türkiyə-Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsində bütün aspektlərdən qiymətləndiriləcək. Səfər zamanı Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmlə Ukrayna-Rusiya müharibəsinə diplomatik yollarla son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq”.

Türkiyə prezidenti Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra iki qonşu ölkə arasında vasitəçi kimi çıxış etməyə hazırdır. Bu səbəbdən də Lvovdakı üçtərəfli sammitin  Ərdoğanın avqustun 5-də Rusiyanın Soçi şəhərində Vladimir Putinlə üz-üzə görüşməsindən sonra keçirilməsinin də fərqli əhəmiyyəti var.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik də açıqlama verərək, sammitin əsas mövzularının Ukraynadakı müharibəyə son qoyulması, Zaparojye AES-in təhlükəsizlik vəziyyəti və taxıl sazişinin işləməsi olduğunu bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »