Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salman Rüşdini bıçaqlayan: "Onun sağ qalması məni çox təəccübləndirdi"
Salman Rüşdini bıçaqlayan: "Onun sağ qalması məni çox təəccübləndirdi"
Dünyaca məşhur hind yazıçısı Salman Rüşdinin bıçaqlı hücumuna məruz qalmasının əks-sədaları gəlməkdə davam edir. Belə ki, yazıçıya hücum edən şəxs Hadi Matar həbsxanada verdiyi müsahibəsində diqqətçəkən açıqlamaları ilə maraq doğurub.

Bizimyol.info xəbər verir ki, İranın keçmiş dini lideri Ruhullah Xomeyninin 1989-cu ildə barəsində ölüm fətvası verdiyi Salman Rüşdi, bəzi müsəlman dairələrində böyük reaksiyalara səbəb olan “Şeytan ayələri” kitabına görə hücuma məruz qalıb və ağır yaralanıb. Xəstəxana rəsmiləri isə məşhur yazıçının səhhətinin yaxşılaşdığını açıqlayıb, hətta danışmağa başladığını bildiriblər.

“New York Post” qəzetinə danışan livanlı amerikalı hücumçu Hadi Matar Rüşdinin hücumdan sağ çıxmasına çox təəccübləndiyini bildirib. Salman Rüşdinin aldığı bıçaq yaralarından sağ çıxacağını düşünmədiyini ifadə edən Matar, İranın keçmiş dini lideri Xomeyniyə böyük heyranlıq duyduğunu da dilə gətirib.

Xomeyninin fətvasından təsirlənib-təsirlənmədiyi ilə bağlı sualına cavab verməyən 24 yaşlı hücumçu “Ayətullaha böyük hörmətim var. Məncə, o, çox ucadır”,- deyə mövzudan yayınıb. Matar həmçinin Rüşdinin mübahisəli kitabı olan “Şeytan Ayələri”nin yalnız iki səhifəsini oxuduğunu bildirib.

İran İnqilab Keşikçiləri ilə əlaqəsi olduğu iddiasını təkzib edən Matar, hücumu tamamilə öz təşəbbüsü ilə həyata keçirdiyini bildirib. Rüşdinin qatılacağı tədbirin elanını görüb, hücumu təşkil etmək qərarına gəldiyini açıqlayan Matar məşhur yazıçı haqqında “Onu sevmirəm. Onun yaxşı insan olduğunu düşünmürəm. O, İslama hücum edib”,- deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »