Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" niyə yaralı barmağa "tibbi yardım" göstərmir: Milyonlar hara xərclənir...
"Azərişıq" niyə yaralı barmağa "tibbi yardım" göstərmir: Milyonlar hara xərclənir...

Odlar yurdu Azərbaycanın paytaxtına yay fəsli gələndə, həmin “od işığı”nın səfasını şəhərin mərkəzində yaşayanlar, cəhənnəmtək isti cəfasını isə paytaxtətrafı rayon və qəsəbə əhli sakinlər çəkir. Nə zaman ki, yay gəlir, havanın temperaturu 37 dərəcəni keçir, mərkəzi yaşayış yerləri istisna olmaqla, bir çox kənar qəsəbə və rayonlarda işıqlar axşam saat 22-dən sonra sönür və iki, hətta üç saatdan sonra yarım saatlıq yanır.

Tez-tez közərən, yanıb-sönən elektrik enerjisi ucbatından evindəki elektrikli cihazları sıradan çıxan, havasızlıq keçirən, işıqsız ötüşə bilməyən “N” sayda sakin var ki, siz onları transformatorların yanında əllərində telefon işıqları ilə cəmləşərək, “Azərişıq” rəhbərliyini sözün bütün mənalarında "yad etdiyinin" şahidi ola bilərsiniz. Bu “ekstremal” hadisədən bəhrələnib, özünə yaxşı izləyici yığmaq istəyən gənc və dinamik “”youtuber”lər iyul, ya da avqust ayının ortalarında, axşam saat 22-dən sonra Biləcəri qəsəbəsinə gələ bilərlər: burda saatlarla transformatorun ətrafında yığılıb, “Azərişıq”-ın qaynar xəttinə düşməyə çalışan kim, yaxud da xəttə düşüb, telefonun o ucundan “sizin sıradakı nömrəniz 26” cümləsini eşidəndən sonra 26 hecalı "şeir"lə telefonunu söndürən kim, hər il bu quruma ayrılan milyonlarla manat vəsaitin hansı şəkildə və kimlər tərəfindən mənimsənilməsinin dedi-qodusunu aparan kim – bir sözlə, qaranlıq küçələrdə keçən “kiçik qiyamət”. Kənardan bir baxan olsa, elə zənn edər ki, qəsəbə əhlinin başına hava gəlib, transformatoru təvaf edirlər...

Ancaq hal qəsəbə əhlinə deyil, “Azərişıq” rəhbərliyinə, xüsusilə də bu quruma sədr təyin olunmuş Vüqar Əhmədova yaraşır. Belə ki, “Azərişıq” ASC-nin Mətbuat Xidmətinə hər dəfə bu problemlə bağlı sorğu göndərilir və sorğuya cavab olaraq bildirilir ki, adıçəkilən qəsəbədə qanunsuz tikililər ucbatından elektrik enerjisi bərabər paylanıla bilmir və xətlərə güclü yük düşür. Bu səbəbdən də gecələr işıqdan çox istifadə edən sakinlər bu yüklənmədən dolayı qaranlıqda qalırlar.

Bəli, “Azərişıq” problemin kökünü qanunsuz tikililərdə görür, amma sən gəl, gör ki, Vüqar Əhmədovun “qanunsuz” hesab etdiyi bütün tikililərdə qanuni abonent kodu var. Hansı ki, mülkiyyət hüququnu təsdiqləyən sənəd olmadan abonent kodu açıla bilməz. Ancaq görünür, “Azərişıq” rəhbərliyi çox rahat şəkildə “hörmətini” alıb, kodun xeyir-duasını verir. Danışanda deyirlər ki. ASAN Xidmət baxır o işə, amma o qurum qanunsuz kod açmır. Hamı yerli idarələrə yaxınlaşır, "dil tapır", kod alır. Öz əməllərini isə vətəndaşların gözünə səbəb kimi dürtürlər.

Halbuki real səbəb bu deyil. "Bizim Yol"un sosial şəbəkə səhifəsində bu barədə bir post paylaşılıb. O postun altındakı şərhlərə baxın. Biləcəridə evlərin sayı arta bilər, amma Yevlaxda niyə vəziyyət daha da pisdir. Quba, Xaçmaz... Hansını deyək?

Həqiqi səbəb odur ki, Vüqar Əhmədov infrastrukturun bərpasına və yenilənməsinə real olaraq pul xərcləmək istəmir. Bu işlər yalnız kağız üzərində görülür. Gördükləri işlərin hesabatını açıqlasalar və biz də gedib real olaraq yoxlamaq istəsək, biabırçı mənzərə çıxar ortaya...

Enerji blokundan çıxan bir sınıq-salxaq naqil bəlkə də ən azı, 50 evi elektriklə təmin edir. Vay o gündən ki, həmin naqil yüklənmədən dolayı sıradan çıxa - öncə camaat küçələrə tökülür, doxsan dəqiqə sonra "Azərişıq"ın  avtomobili əraziyə daxil olur, birdən yadlarına düşür ki,  elektrik dirəyinə çıxmaqçün kran qurğusu lazımdır. Beləliklə, qəsəbə sakinləri, üstəgəl qurumun texniki işçiləri bu dəfə də doxsan dəqiqə həmin o kranı gözləyirlər. Nəticədə, sabaha yaxın evlər işıqla təmin olunur...

Xülasə, milyonlarla manat vəsaitin hər il büdcədən çıxarılıb “Azərişıq” ASC-yə ayrılmasına baxmayaraq, ölkədə elektrik-işıq infrastrukturu bərbad gündədir, qurum isə illərdir necə deyərlər, bir “yaralı barmağa” tibbi yardım göstərə bilmir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »