Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Məhsul” stadionunun direktoru həbs edilib: stadionu satmaq adıyla sahibkarları aldadıb
“Məhsul” stadionunun direktoru həbs edilib: stadionu satmaq adıyla sahibkarları aldadıb

Yasamal rayonu ərazisində - metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunun direktoru Alik Həsənov həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, Alik Həsənov stadion ərazisini satmaq adıyla sahibkarları aldatmaqda ittiham olunur.

Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən “Məhsul” stadionu “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olub. Alik Həsənov da klubun direktorudur.

Alik Həsənovla birlikdə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev də həbs edilib. İddia olunur ki, onlar birlikdə sahibkarları aldadıblar.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov hündürmərtəbəli binaların tikintisiylə məşğul olan sahibkarlara stadionun ərazisinin 5 milyon 500 minə satıldığını deyib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh, həm də Konfederasiya rəhbərliyinə vermək adıyla ümumilikdə 900 min manat pul alıblar.

Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

“İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara 8 milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adıyla onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib”, - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Binəqədi rayon Məhkəməsinin qərarıyla onların hər ikisinin barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »