Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçrə diktatorun qızının banklardakı milyonlarını ölkəsinə qaytarır
İsveçrə diktatorun qızının banklardakı milyonlarını ölkəsinə qaytarır

Uzun illər Özbəkistanı dəmir yumruqla idarə etmiş İslam Kərimovun qızı Gülnarə Kərimovanın İsveçrə banklarında olan pulları ölkəyə qaytarılır. Bu haqda artıq razılaşma əldə olunub.

Bizimyol.info xəbər verir ki, Özbəkistan və İsveçrə Gülnarə Kərimovaya məxsus hesablardakı 131 milyon dolların ölkəyə qaytarılmasınai dair müqavilə bağlayıb. Keçmiş prezidentin qızına qarşı cinayət təqibi çərçivəsində onun bank hesablarının üzərinə də həbs qoyulmuşdu.

Özbəkistanla İsveçrə arasında sözügedən müqavilə avqustun 16-da paytaxt Berndə imzalanıb. Sənədi İsveçrə tərəfdən prezident İnyasio Kassis, Özbəkistan tərəfdən isə Ruslanbek Dövlətov imzalayıb.

Müqavilədə o da qeyd olunub ki, müsadirə olunan vəsait BMT-nin iştirakıyla Özbəkistanda dayanıqlı inkişafın təmin olunması məqsədilə yaradılan fonda yönəldiləcək. “Bu fond qaytarılan pulların Özbəkistan əhalisinin rifahı naminə istifadə olunmasına imkan yaradacaq”, - İsveçrə prezidenti imza mərasimində vurğulayıb.

2012-ci ildə Gülnarə Kərimova haqqında cinayət işi başlanandan sonra İsveçrə onun adına olan təxminən 800 min dollarlıq hesabları dondurdu. Mənimsəmə və başqa əməllərdə ittiham edilərək həbs olunan keçmiş prezidentin qızı hazırda da ölkəsində məhkum həyatı yaşayır. 800 milyon dolların qalanı da BMT-nin himayəsi altında olan Fonda növbəti prosedurlardan sonra hissə-hissə köçürülə bilər.

Bu ilin fevralında Özbəkistan rəhbərliyi bəyan etmişdi ki, Gülnarə Kərimovanın qanunsuz yollarla əldə edib, xarici ölkələrdə saxladığı aktivlərin ölkəyə qaytarılması məsələsində İsveçrə tərəfi ilə yanaşı, ABŞ, Fransa, Rusiya və bir sıra başqa dövlətlərin də hakimiyyət orqanları ilə əməkdaşlıq edirlər. Söhbət xaricdə gizlədilən 1 milyard dollardan da çox vəsaitdən gedir.

Bir sıra ölkələrin, o cümlədən İsveç və Fransanın istintaq orqanları Gülnarə Kərimovanı bir neçə ildir Özbəkistan bazarında yer alan xarici telekommunikasiya şirkətlərindən bundan ötrü rüşvət alınması sxemi ilə əlaqələndirir.

Gülnarə Kərimovaya 2015-ci ildə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ilin martında dövlət vəsaitlərini mənimsəmə, Özbəkistanın mənafeyinə zidd əqdlər bağlama, hədə-qorxu ilə özgənin əmlakını ələ keçirmə kimi ittihamlarla yenidən mühakimə olunub və bu dəfə 13 il 4 ay azadlıqdan məhrum edilib.

Gülnarə Kərimova həbs olunmamışdan əvvəl onu bütün Orta Asiyanın ən güclü qadınlarından biri adlandırırdılar. Eyni zamanda, onun prezident postunda atası İslam Kərimovu əvəzləyəcəyi ehtimalı da səsləndirilirdi.

Sabiq prezidentin qızı və onun ətrafındakılar ittihamları qəbul etmir, cinayət işinin saxta olduğunu və siyasi motivlərlə təqibə məruz qaldığını iddia edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »