Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ qitələrarası ballistik raket sınağı keçirib
ABŞ qitələrarası ballistik raket sınağı keçirib

ABŞ qitələrarası ballistik raket sınağı keçirib.

Bizimyol.info xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığından (AFGSC) verilən yazılı açıqlamada, “Minuteman III” qitələrarası ballistik raket sınağının həyata keçirildiyi bildirilib.

“Bu sınaq 21-ci əsrin təhdidlərinin qarşısını almaq və müttəfiqlərimizi əmin etmək baxımından təsirlidir. O, nümayiş etdirməyə yönəlmiş gündəlik və dövri fəaliyyətlərin bir hissəsidir. Bu cür sınaqlar əvvəllər 300 dəfədən çox aparılıb və bu sınaq hazırkı qlobal proseslərin nəticəsi deyil”,- deyə açıqlamada bildirilir.

Məlumat üçün bildirək ki, Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılan silahsız ballistik raket 6760 kilometr məsafə qət edərək, Marşal adalarında yerləşən Kvajaleyn Atollunda hədəfi vurub.

Bundan əlavə “Minuteman III” ABŞ ordusunun strateji arsenalının açarı kimi qiymətləndirilir. Raket 9660 kilometrdən çox mənzilə malikdir və saatda təxminən 24 min kilometr sürətlə hərəkət edir.

576-cı Uçuş Sınaq Eskadrilyasının komandiri, polkovnik Chris Cruise verdiyi açıqlamada, “Şübhəsiz ki, nüvə gücümüz ölkəmizin və dünyadakı müttəfiqlərimizin milli təhlükəsizliyinin təməl daşıdır. Bu planlaşdırılan sınaq ölkəmizin ICBM (Qitələrarası Ballistik Raket) donanmasının silah sisteminin hazırlığını və etibarlılığını nümayiş etdirir”,- deyə bildirib.

İşgüzar Qrupun komandiri general-mayor Armand Vonq isə verdiyi açıqlamada, “Sınaqlarımız çox əvvəldən planlaşdırılıb və bu, dünyada baş verən hadisələrə reaksiya deyil. Onu da əlavə edim ki, hər bir buraxılış üçün dəqiq planlaşdırma prosesi buraxılışdan altı ay və ya bir ilə qədər əvvəl başlayır",- deyə qeyd edib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Tayvan yaxınlığında keçirdiyi təlimlərə görə Çinlə gərginliyi artırmamaq və ötən aprel ayında Ukraynada davam edən müharibə zamanı Rusiya ilə nüvə gərginliyini azaltmaq üçün bu ayın əvvəlində sınaqları iki dəfə təxirə salmışdı.

Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin fevralda ölkəsinin nüvə qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və Rusiyanın Ukraynaya müdaxiləsinin nüvə müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı qorxuların artdığını bildirib. Lakin Birləşmiş Ştatlar indiyədək Vaşinqtonun nüvə həyəcanı səviyyəsini dəyişməsi üçün heç bir səbəb görmədiyini bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »