Fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayan Rusiyaya qarşı reaksiyalar artarkən, dünən ABŞ-Türkiyə-Rusiya xəttinə təsir edəcək yeni bir proses yer alıb.
Bizimyol.info xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyi Türkiyə ilə Rusiya arasında S-400 yer-hava raket sistemləri ilə bağlı yeni müqavilə imzalandığını açıqlayıb.
TASS-ın xəbərinə görə, Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Türkiyənin S-400 hava hücumundan müdafiə sisteminin tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.
ABŞ və Türkiyə arasında F-16-ların tədarükü ilə bağlı danışıqların davam etdiyi bir vaxtda belə bir bəyanat beynəlxalq ictimaiyyətin gündəminə çevrilib. Qərb ölkələrinin Ərdoğan və Putinin yaxınlaşmasından narahat olması ilə bağlı son xəbərlərə baxmayaraq, Vaşinqton administrasiyasının dünənki S-400 ilə bağlı açıqlaması insanları çaşdırıb.
Belə ki, iki ölkə arasında S-400-lərin ikinci partiyasının alınması ilə bağlı dünən ABŞ-dan açıqlama verilib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tərəfindən verilən açıqlamada bildirilir: “Türkiyə müdafiə sənayesində Rusiya ilə çox əməkdaşlıq etməməlidir. Bizim gəldiyimiz məqam odur ki, Rusiyanın Ukraynaya qarşı amansız və ədalətsiz müharibəsində bütün ölkələrin Rusiyanın müdafiə sənayesi ilə ticarət etməməsi həmişəkindən daha vacibdir.
Gözləyib nə baş verəcəyini görəcəyik, lakin bu mövzuda hər hansı yeni prosesdən xəbərimiz yoxdur",- deyə Prays bildirib.
Onu da əlavə edək ki, Prays Türkiyənin Rusiyadan yeni S-400 alacağı təqdirdə Bayden administrasiyasının yeni F-16-ların satışını nəzərdən keçirib-gözləməyəcəyi ilə bağlı açıqlama verməyib.
Müdafiə sənayesi xəbərləri ilə tanınan media qurumu Defence News-a danışan Türkiyə qaynaqları ikinci S-400 sistemlərinin hissələrinin Rusiya tərəfindən Türkiyədə tədarükü ilə bağlı razılaşmanın əldə oluna biləcəyini bildirib.

Xatırladaq ki, 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almaqla NATO- ABŞ və Türkiyə arasında böyük böhran yaşanmış və ABŞ-ın o zamankı prezidenti Donald Tramp Türkiyəni F-35 proqramından çıxarmışdı. Vaşinqton rəhbərliyi F-35 döyüş təyyarələrindən sonra S-400 hava hücumundan müdafiə sisteminin geri çəkilə biləcəyini iddia etmişdi.
Leyla, Bizimyol.info