Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkədə Ukrayna üçün “Bayraktar” almağa pul toplayırlar
Daha bir ölkədə Ukrayna üçün “Bayraktar” almağa pul toplayırlar

“Bayraktar” o qədər vacib silahdır ki, bu pilotsuz uçuş aparatlarına sahib olmaq müharibədə üstünlük anlamına gəlir. Liviya, Suriya, Qarabağ təcrübələri belə deyir. İkinci Qarabağ Müharibəsində “Bayraktar”ın adı gələndə Ermənistan döyüşçülərini vahimə basırdı. Türkiyədə istehsal olunan dronlar düşmənin səflərini darmadağın edirdi.

Bizimyol.info xəbər verir ki, Latviyada Ukrayna üçün “Bayraktar” almağa pul toplayırlar. Musiqiçi Ralfs Eylandsın təşəbbüsü cəmiyyətdə çox müsbət qarşılanıb. O, videomüraciətində hər latviyalının Ukraynaya dəstək vermək fürsətinin yarandığını bildirib. Eylands deyib ki, indi latışların Rusiya işğalçılarına salam göndərmək şansı var.

Latviyalı musiqiçi təşəbbüsü avqustun 16-da dilə gətirib. “Bayraktar” üçün azı 5 milyon avro toplanmalıdır. Yarım gün ərzində təxminən 3 min nəfər ianə verib. Azı 100 min avro yığıldığı bildirilir.

Müharibə günlərində “Bayraktar” üçün pul toplamaq aksiyaları başqa 4 ölkədə də keçirilib. Norveçdə, Kanadada, Polşada və Litvada Ukraynaya yardım ediblər. Amma istehsalçı “Baykar” şirkəti toplanan vəsaitləri götürmür. Hər halda, Polşa və Litvadakı aksiyalara belə münasibət ortaya qoyulmuşdu. Polşalılar üç pilotsuz uçuş aparatı üçün uyğun vəsaiti toplasa da, Türkiyə şirkəti dronları pulsuz verməyə hazır olduğunu bəyan etmişdi.

“Baykar” şirkətinin rəhbəri Selcuk Bayraktar çıxışlarında Ukraynanın haqsızlığa uğradığını, müharibədə məhz Kiyevi dəstəklədiyini açıq deyib. Buna görə də pilotsuz uçuş aparatlarının verilməsində təmənnasız mövqe ortaya qoyulması təəccüblü görünməməlidir.

Ukrayna dronların istehsalında Türkiyə təcrübəsindən istifadə etmək istəyir. Ölkədə uyğun zavodların açılması müzakirə olunur. Təbii ki, Rusiya məsələyə aqressiv münasibət göstərir. Kreml “Bayraktar”ın müharibənin taleyini müəyyənləşdirmək gücündə olduğunu yaxşı anlayır. Buna görə zavodlara raket zərbələri endiriləcəyi ilə bağlı Kiyevə xəbərdarlıq olunub. Amma belə görünür ki, Ukrayna pilotsuz uçuş aparatı istehsalında israrlıdır. Sanki Rusiya proseə mane ola bilməyəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »