Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Qərb dünyadakı hegemonluğunu saxlamaq üçün Ukrayna xalqına "tələdəki yem" rolunu tapşırıb.
Bizimyol.info xəbər verir ki, TASS-ın məlumatına görə, o, bu fikri çərşənbə axşamı Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
“Hegemonluqlarını saxlamaq üçün onlara (Qərb ölkələri nəzərdə tutulur - qeydi) münaqişələr lazımdır. Ona görə də Ukrayna xalqına "tələdəki yem" taleyini hazırladılar. “Anti-Rusiya” layihəsini həyata keçirdilər, neonasist ideologiyasının yayılmasına, Donbas sakinlərinin qırğınlarına göz yumdular. Kiyev rejimini silahlarla, o cümlədən ağır silahlarla gücləndirir və gücləndirməyə davam edirlər. Lakin onların bu hərəkətləri əsasən ukraynalıların çətin vəziyyətə salınması, Qərbdən asılılığı daha da artırmaq məqsədi daşıyır. Ukrayna xalqı buna laiq deyil”,- Rusiya dövlətinin başçısı bildirib.
"Ukraynadakı vəziyyət göstərir ki, Birləşmiş Ştatlar bu münaqişəni uzatmağa çalışır. Onlar Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirərək, eyni şəkildə hərəkət edirlər",- deyə o əlavə edib.
“ABŞ və onun vassalları suveren dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə edir: onlar təxribatlar, dövlət çevrilişi, vətəndaş müharibələri təşkil edirlər. Təhdidlər, şantaj və təzyiqlər müstəqil dövlətləri öz iradələrinə tabe olmağa, onlara yad olan qaydalarla yaşamağa məcbur etməyə çalışır.
Qərbin məqsədi “əsrlər əvvəl olduğu kimi bütün dünyanı parazitləşdirməyə imkan verən modeli, öz hökmranlığını saxlamaqdır və belə modeli ancaq güc yolu ilə saxlamaq olar. Qərb Rusiyanın qarşılıqlı təhlükəsizlik tədbirləri ilə bağlı təkliflərinə məhəl qoymadı.
Eyni zamanda, NATO öz hərbi infrastrukturunu gücləndirərək şərqə doğru irəliləyir. “Sözlə desək, bu, ikiüzlülüklə Avropada təhlükəsizliyin gücləndirilməsi zərurəti elan edilir, amma reallıqda bunun əksi baş verir”,- deyə Putin qeyd edib.
Qadir, Bizimyol.info