Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk taxıl gəmisi müəmmaya çevrildi
İlk taxıl gəmisi müəmmaya çevrildi

Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiyanın qəbul etdiyi taxıl dəhlizi razılaşması çərçivəsində Ukrayna limanlarından yola düşən ilk taxıl gəmisi olan Razoni hələ də son limanına çatmayıb.

Bizimyol.info xəbər verir ki, Livan üçün qarğıdalı daşıdığı iddia edilən gəmi, alıcı imtina etdikdən sonra Mersin limanına lövbər salıb. Son xəbərlərdə Razoninin Suriyanın Tartus limanı yaxınlığında olduğu iddia edilib.

Ukraynanın Beyrutdakı səfirliyindən verilən açıqlamada isə gəminin son yerinin bilinmədiyi, gəmidəki yükün qəbuledicisinin bir neçə dəfə dəyişdirildiyi bildirilib.

Beynəlxalq medianın məlumatına görə, Syerra-Leone bayraqlı “Razoni” avqustun 1-də Ukraynanın Odessa limanından yola düşüb. O, Livandakı alıcı üçün 26 min ton qarğıdalı daşıyırdı. Lakin gəmi Livan sahillərinə çatdıqda, çatdırılma gecikdiyi üçün alıcının imtina etdiyi bildirilib.

Məlumata görə, gəmi avqustun 11-də Mersin sahillərində lövbər salıb və dünən Suriyanın Tartus limanına yaxınlaşıb. Gəmi lokator siqnal sistemini söndürdüyü üçün onun bunu niyə etdiyi bəlli deyil.

Onu da əlavə edək ki, Suriyaya taxıl və ərzaq daşımaları beynəlxalq sanksiyalara daxil deyil.

Qeyd edək ki, Ukraynanın Odessa limanından taxılla yüklənmiş ilk gəmi avqustun 1-də yola düşüb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ölkənin milli müdafiə naziri Hulusi Akarın nazirlər və əlaqədar tərəflərlə keçirdiyi görüşlər və İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində taxılla yüklənmiş ilk gəmi saat 08:30-da Odessa limanından yola düşüb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »