Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalif siyasətçini köynəyinin düyməsinə görə cəzalandırdılar
Müxalif siyasətçini köynəyinin düyməsinə görə cəzalandırdılar

Rusiyada həbsdə olan bloger və müxalif siyasətçi Aleksey Navalnını saxlandığı cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınıb. Buna səbəb isə onun köynəyindəki üst düyməsini mütəmadi açıq saxlaması olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Navalnının sosial şəbəkələrdəki hesabında onun adından məlumat paylaşılıb.

“Məni müəssisədə saxlandığım barakdan komissiyanın yanına çağırdılar. Orada mənə bildirdilər ki, videogörüntülərə baxıblar. Həmin görüntülərdə aydın görünür ki, mən mütəmadi köynəyimin yuxarı düyməsini açıram. Guya bu da mənim islaholunmaz olduğumdan xəbər verir . Ona görə də məni cərimə kamerasına salmaqla cəzalandırmaq qərarı verilib”, - Navalnının adından onun sosial media hesabında yazılıb.

Müxalif siyasətçiyə üç günlük “kars” cəzası verilib. Müəssisə rəhbərliyi həm də Navalnını hədələyib. Ona deyilib ki, əgər davranışlarına yenidən baxıb, dəyişiklik etməsə, sentyabrda öz yaxınları ilə görüşə bilməyəcək.

Cərimə kamerasında olduğu müddətdə də məhbus yaxınlarıyla görüşə bilməz.

Navalnı saxlandığı müəssisədəki “kars” otağını “eni 2.5, uzunluğu isə 3 metr olan beton it damı” kimi təsvir edib. Siyasətçi bildirib ki, o, “kars”ın çimərlik variantında saxlanılır: “Cərimə kameraları adətən soyuq və rütubətli olur. Mənim saxlandığım yer isə çox istidir, demək olar, orada hava yoxdur.

Bloger əlavə edib ki, “kars”da saxlanılana məktublaşmaq, görüşmək, sovqat çatdırılması və siqaret çəkmək qadağası var: “Gündə cəmi 1 saat 15 dəqiqə adama vərəq və qələm verirlər. Gəzinti gündə cəmi 1 saatdır – eyni cür kamerada, sadəcə, səmanın bir parçasını görə bilərsən. Səhər saat 5-də yastığı və döşəyi yığışdırıb aparırlar. Çarpayını da yığıb qaldırırlar. Bir də axşam saat 9-da çarpayını yenidən salırlar. Bütün gün ərzində axtarışlar, əllər də arxada...”

Aleksey Navalnı iyun ayından bu cəzaçəkmə müəssisəsindədir. Avqustun 11-də siyasətçi cəzaçəkmə müəssisəsinə qarşı məhkəmədə iddia qaldırıb. O, bilmək istəyir ki, müəssisədə hazırladıqları əşyaların sifarişçisi kimdir. Amma bu barədə ona informasiya verməkdən imtina ediblər. Bloger hesab edir ki, imtina üçüm heç bir əsaslı səbəb yoxdur: “Deməli, bu, qanunsuz, əsassız məsələdir ki, gizlədirlər”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »