Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya Şimali Koreyaya pul təklif edib
Cənubi Koreya Şimali Koreyaya pul təklif edib

Prezident Yoon Suk-yeol Cənubi Koreyanın Yaponiyanın işğalından azad edilməsinin ildönümünü qeyd edilən tədbirdə çıxış edərək deyib ki, Pxenyan administrasiyasının nüvəsizləşdirilməsi Koreya yarımadasında, Şimal-Şərqi Asiyada və dünyada davamlı sülh üçün zəruridir.

Bizimyol.info xəbər verir ki, Yoon may ayında Şimali Koreya iqtisadiyyatını yaxşılaşdırmaq planının təfərrüatlarını bölüşərək deyib: “Şimali Koreya nüvə proqramını inkişaf etdirməyi dayandırsa, real və güclü nüvəsizləşdirmə prosesinə başlasa, mənim nəzərdə tutduğum cəsarətli təşəbbüs Şimali Koreyanın iqtisadiyyatını tədricən yaxşılaşdıracaq”.

Plan çərçivəsində genişmiqyaslı qida proqramı həyata keçirəcəklərini, elektrik enerjisi istehsalı, ötürülməsi və paylama infrastrukturuna kömək edəcəklərini, beynəlxalq ticarət üçün liman və hava limanlarının modernləşdirilməsi layihələrini həyata keçirəcəklərini ifadə edən Yoon, Şimali Koreyaya kömək edəcəklərini də qeyd edib.

Yoon ABŞ prezidenti Co Baydenin mayın 21-də ölkəyə səfəri zamanı verdiyi açıqlamada dialoq qapısının Pxenyan administrasiyasına da açıq olduğunu ifadə edib. Yoon çıxışında həmçinin bildirib ki, ölkəsi tarixi problemləri həll etməklə Yaponiya ilə münasibətləri yaxşılaşdırmalıdır.

Asiyada qonşular arasında həll olunmamış tarixi problemlərin aradan qaldırılmasına kömək etmək üçün Yaponiya ilə gələcək əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan Yoon, Cənubi Koreya ilə Yaponiya arasında tarixi səbəblərdən illərdir gərginləşən münasibətlərin yaxşılaşdırılması mesajını da verib.

Yoon "Koreya-Yaponiya münasibətləri ortaq gələcəyə doğru irəlilədikcə, bu, iki ölkə arasında mövcud olan tarixi məsələlərin həllinə də kömək edəcək",- deyə bildirib.

Cənubi Koreya prezidenti həmçinin bəyan edib ki, iki ölkənin hökumətləri və xalqları regionla yanaşı, beynəlxalq sülh və rifaha töhfə vermək üçün iqtisadiyyat və təhlükəsizlik kimi sahələrdə də geniş əməkdaşlıq etməlidirlər.

Qeyd edək ki, may ayında prezident postunu tutan Yoon Yaponiya ilə münasibətləri yaxşılaşdıracağına söz verib.

Xatırladaq ki, 1910-1945-ci illərdə Koreya yarımadasında müstəmləkəçilik dövründə yapon işçiləri və onların qohumlarının Cənubi Koreyada açdıqları məhkəmə iddialarında bəzi yapon şirkətlərinin təzminat ödəməyə məhkum edilməsi münasibətlərdəki gərginliyin əsas səbəblərindən biri kimi bilinir.

Digər səbəb isə İkinci Dünya Müharibəsində yapon əsgərləri tərəfindən koreyalı qadınların istismarı ilə bağlıdır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »