Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 3-cü dəfə izləyici qarşısına çıxır
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 3-cü dəfə izləyici qarşısına çıxır

Sabahdan Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı öz işinə başlayır. Festival proqramının önəmli bir hissəsi olan “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir.

Bizimyol.info xəbər verir ki, bu gün festivalın təşkilatçıları media nümayəndələrini məlumatlandırmaq üçün mətbuat konfransı keçirib. Konfransda çıxış edən festivalın Media və Kommunikasiya üzrə meneceri Aygül Qurbanova bildirib ki, bu il festival artıq 3-cü dəfə baş tutacaq. Uzun müddətdir gözlənən festival 13-20 avqust tarixlərində Bakı, Şəki və Lənkaran şəhərlərində keçiriləcək.

“Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il mövzu olaraq gender əsaslı məsələlərə toxunur. Nümayiş etdirilən filmlər əsasən gender əsaslı filmlərdir. Bizim hər zaman festivalda şüarımız olur. Bu ilki, şüarımız isə, “Sizdən bizə kim düşə”-dir. Bu il bizim fəaliyyətimiz qadınları sərhədləyən stereotiplərlə bağlıdır. Bizim festivalın 2 əsas missiyası var. Birinci missiya odur ki, biz gender əsaslı məsələlərini müzakirə edirik. İkinci missiya isə, Azərbaycanda sənədli filmlərə diqqət çəkməkdir. Yeni sənədli filmlərin yaradılmasına təşviq etmək və sənədli filmlər vasitəsilə gender məsələlərini diqqət mərkəzində saxlamaq istəyirik” - deyə Aygül Qurbanova bildirib.

Menecerin sözlərinə görə, festival 2020-ci ildən fəaliyyətə başlayıb. Bu il isə, 3-cü dəfə baş tutacaq. Festivalın adı Cəfər Cabbarlının “Sevil” pyesindən götürülüb. Festivalın bu ilki dəstəkçiləri USAID və Azərbaycan Kinomatoqrafiya İttifaqıdır.

Festivalın təsisçisi Aygün Rəşidovanın sözlərinə görə, 2020-ci ildə sənədli filmlərə əhəmiyyət verən bir neçə nəfərlə birgə layihə üzərində işləməyə başlayıb. Bir müddətdən sonra layihə “Sevil Film Festivalı” -na çevrilib.

“Festival artıq 3-cü dəfədir ki, baş tutur. Və hər dəfə bir-birindən fərqlənib. Biz həmişə konseptdən kənarda çıxmışıq. Biz yeniliklər etməyə çalışmışıq.

Regionlarda müstəqil şəkildə festival təşkil etmək çox çətindir. Çünki orada məkan bazası yoxdur. Çətinliklərimiz çox olur. Bu səbəbdən də bu il qərar verdik ki, festivalı Bakıda keçirək. Bu il festivalı rəngarəng etmək üçün xaricdən qonaqlarımız olacaq” - deyə festivalın təsisçisi əlavə edib.

Aygün Rəşidova bildirib ki, festival həm də müsabiqədir. Filmlər 3 kateqoriya üzrə yarışırlar. Filmlərə hazırda yerli və xarici mütəxəssislər baxış keçirir. Festivalın qalibinə öz yeni işlərini Almaniya film festivalında sınamaq üçün şərait yaradılır.

Aygün Rəşidovanın sözlərinə görə, festivalda müsabiqəyə təqdim edilmiş filmlərlə yanaşı digər A kateqoriyalı festivallarda nümayiş etdirilmiş filmlər də nümayiş etdiriləcək:

“Müxtəlif festivallarda nümayiş etdirilmiş 9 film Azərbaycan auditoriyasının qarşısına çıxarılacaq. Xüsusilə dünya premyerasını 2019-cu ildə Sundance film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” filmi bu bölmənin ən parlaq filmlərindən biridir.

Bizim əsas məqsədimiz odur ki, xarici ölkələrdə olan filmmeykerləri Azərbaycana dəvət edərək, fikir mübadiləsi yaratmaqdır. Festivalda masterklass da olacaq”.

Qeyd edək ki, festival 3 nominasiya ilə “Ən yaxşı tammetraj sənədli film”, “Ən yaxşı beynəlxalq qısa sənədli film”, “Ən yaxşı yerli qısa sənədli film” nominasiyası ilə keçirilir.

Xatırladaq ki, film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məslələri, istər sənədli film mövzuları barəsində aparılması planlanan panel müzakirələri festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəssisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.

Sevilfest bu il Polşanın Vistula festivalı ilə də əməkdaşlıq edir. Belə ki, III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutacaq VII “Visla” Polşa filmlərinin festivalı üç tammetraj, bir qısametraj Polşa sənədli filminin nümayişindən ibarətdir. Festivalın Fransa Institutu ilə apardığı əməkdaşlıq çərçivəsində isə Sébastien Lifshitzin “Petite Fille - Balaca qız” filmi nümayiş etdiriləcək.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı hər kəsi 13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində baş tutacaq zəngin festival proqramını izləməyə dəvət edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »