Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Quska” Prezidentə müraciət etdi: “Siyasi ambisiyam yoxdur, yalan məlumat veriblər”
“Quska” Prezidentə müraciət etdi: “Siyasi ambisiyam yoxdur, yalan məlumat veriblər”

Həbsdə olan keçmiş deputat, “Quska” ləqəbilə tanınan Hüseyn Abdullayev Prezident İlham Əliyevə müraciət edib. O, iddia edir ki, prezidentə barəsində yanlış məlumat veriblər.

Bizimyol.info xəbər verir ki, Hüseyn Abdullayev müraciətində müəyyən qüvvələrin ona qarşı ədavəti nəticəsində əsassız həbs olunduğunu yazıb: “Cənab prezident, Siz beynəlxalq əlaqələrə ciddi önəm verir, hər zaman çalışırsınız ki, Azərbaycan bütün beynəlxalq təşkilatların ən etibarlı tərəfdaşı olsun. Təəssüf ki, hakimiyyətdən uzaqlaşdırılmış bəzi qüvvələr bu siyasətinizə zidd gedir, ölkəmizin nüfuzuna böyük xələl gətirir. Çünki, həm Almaniya, həm də Azərbaycan ictimaiyyətinə məlumdur ki, mən Türkiyədə saxlanılıb, zorla Azərbaycana gətirilmişəm, saxta ittihamlarla həbs edilmişəm. BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupu da bu həbsin qanunsuzluğunu bəyan edib. Beynəlxalq hüquqa zidd olduğuna görə azad edilməyimlə bağlı qərar çıxarıb. Lakin uzun illərdir haqqımda Sizə yalan və böhtan xarakterli məlumatlar verən şəxslər həmin qərarı icra etmir, mənə qarşı ədavətlərini davam etdirirlər”.

Keçmiş deputat bildirir ki, ona verilən 6 illik həbs cəzasının üçdə ikisini çəkib. Vaxtından əvvəl azadlığa çıxmaqla bağlı qanunda nəzərdə tutulmuş hüququndan istifadə etməyə çalışsa da, imkan verilmir.

“Bu şəxslər, hətta Azərbaycanın öz qanunlarına da məhəl qoymurlar. Barəmdə çıxarılan məhkəmə hökmünün tam qanunsuz olmasına baxmayaraq, verilmiş cəzanın üçdə iki hissəsi keçib və mən artıq ölkə qanunvericiliyinə əsasən də azad edilə bilərəm. Əsl haqqım bəraət olduğu halda, bu hüququmun belə təmin edilməsi yubadılır”, - Hüseyn Abdullayev məktubunda yazıb.

Beşinci ildir ki, həbsdə olduğunu, səhhətində ciddi fəsadlar yarandığını, ağır mənəvi işgəncəyə məruz qaldığını vurğulayan sabiq deputat prezidentdən ona qarşı baş verənlərin qarşısını almasını istəyir: “Bilirəm ki, mənə verilən əzabdan, misli görünməmiş iztirablardan xəbəriniz yoxdur və heç vaxt da bunu istəməzsiniz. Siz özünüz şahidsiniz ki, mən bu dövlətin təməlini bərkidən və mərhum atanızın ən güvəndiyi əsas silahdaşlarından biri olmuşam. Hətta mən Naxçıvanda yaşayarkən atanızın müdafiəsinə qalxdığım üçün 1991-1992-ci illərdə silahlı basqınlara məruz qalmışam, Culfa şəhərində ailəmlə yaşadığım ev yandırılıb.

Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibləri haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur və ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də Sizə müraciət edir, inanıram ki, bütün bu zorakılıqların qarşısını alacaq, öz zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiqləyəcəksiniz”.

Hüseyn Abdullayev ilk dəfə 2007-ci ildə Milli Məclisdə Fəzail Ağamalı ilə davadan sonra həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı. 2013-cü ildə Almaniyaya gedən sabiq deputat 2014-cü ildə orada mühacir kimi sığınacaq alıb. 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması və s. əməllərdə ittiham olunur. Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva həbsdə olmasa da, oğlu ilə birlikdə mühakimə olunurdu. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəlməklə sərhədi qanunsuz keçməkdə, vergidən yaynmaqda ittiham olunan Zeynəb Abdullayevaya məhkəmə cərimə cəzası kəsmişdi.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »