Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamalda "örtülü bazar": "Ağacları doğrayıb məhəlləni trasa çeviriblər"
Yasamalda "örtülü bazar": "Ağacları doğrayıb məhəlləni trasa çeviriblər"

Yasamal rayonu, 2-ci alatavada yaşayan məhəllə sakinləri məhəllələrinin ortasındakı yolun asfaltlanaraq, tras yol kimi istifadəyə verilməsindən narazılıq edirlər. Məhəllənin ortasından salınmış bu yolda maşınlar saatda 80 km/saat sürətlə hərəkət edir, günorta və axşam saatlarında güclü tıxac yaranır ən önəmlisi, yol keçidi işarəsi olmadığından qəzaların sayı da hər gün artır.

Sakinlərin qeyd etdiyinə görə, Moskva prospektindən (Şamaxinka) 20 Yanvar metrosu istiqaməti və əksinə doğru nəqliyyat tıxacının azaldılması məqsədilə keçmiş Bakı meri Hacıbala Abutalıbov tərəfindən bu addım atılıb: “Bu 2-ci Alatava ərazisi hardasa 80 ilin massividir. İndi bura məhəllədir, o vaxtlar 20 Yanvar istiqamətində yol, körpü salınanda buranı sabiq Bakı meri Hacıbala Abutalıbov camaata yol kimi tanıtdı, asfalt çəkdirdi. Bu gün burdan tras yol kimi istifadə olunur. Çox təəssüf ki, müxtəlif televiziyalardan gəlib çəkirlər, yoldakı sürücüləri dindirirlər, onlar da deyir ki, günah evi yolun ortasında tikənlərdədir. Halbuki, bura 80 ilin massividir. Bütün dünyada, eləcə də bütün Azərbaycanda olduğu kimi bura da məhəlləiçi yollardır, bizim yolumuzdur. Öz evimizdən şəhərə çıxmaq üçün istifadə etdiyimiz nəqliyyat, piyada yolumuzdur”.

Sakinlər bildirib ki, icra başçısı Elşad Həsənov vəzifəyə təyin olunduğu vaxtdan bir dəfə də olsun gəlib olnlarla görüşməyib, dərdləri ilə maraqlanmayıb: “2019-cu ildən Elşad Həsənov icra başçısı seçilib və bu günə qədər bir dəfə də olsun icra başçısı olaraq gəlib baxmayıb, maraqlanmayıb. Ondan əvvəl Əziz müəllim icra başçısı olanda dəfələrlə gəlmişdi, baxmışdı, nəzarət də eləmişdi. Hətta problemlərimizin həlli üçün bizə söz də vermişdi.

İkinci bir məsələ, yolboyu burada şam ağacları var idi, vərəm dispanseri və üzü 20 Yanvar metrosu istiqamətinə doğru bütün şam ağaclarını doğraya-doğraya özlərinə restoran açan kim, maşın təmir sexi açan kim, bir sözlə, nə istəyiblər ediblər. İndi bu böyük massivdə yaşayan məhəllə sakinlərinin istifadə etdikləri bu yolu trasa çevirərək, çox ciddi təhlükə yaradıblar. Burda bütün insanlar, o cümlədən uşaqlar da təhlükədədir. Hətta bu yoldan istifadə edənlər maşınlarımızı həyətdən çıxaran zaman bizi təhqir də edirlər, saxlamırlar. O vaxt biz DİN-ə müraciət də etmişdik, gətirib piyada keçidi qoymuşdular. Ona da məhəl qoyulmur, hətta gecələr çox sürətlə maşınlar şütüyür. Bundan əlavə, yolun qarşı tərəfində zibil yeşikləri var, onu gah o tərəfə, gah bu tərəfə çəkirlər, ancaq Mənzil İstismar Sahəsi ("jek") heç nəyə nəzarət eləmir. Bu məhəllədən hansısa məmur, icra başçısı keçəcəksə, o zaman gəlib təmizliyə nəzarət edirlər. “Jek” rəisinin dünya vecinə deyil, amma məhəllədə daşı daş üstünə qoyan kimi, qaçaraq gəlir ki, nə tikirsinizsə, mənim də haqqımı verin. Amma burda hər gün nəsə, hansısa obyekt tikilir. Gözünü yumub açırsan ki, ancaq tikinti gedir və yeni obyektlər açılır. “20 Yanvar”dan üzü Moskva prospektinə kimi bütün ağacları söküblər, yolu pis günə qoyublar. Uzun illərdir deyirlər söküləcək, amma nə sökülmür, nə də imkan vermirlər ki, öz yolumuzdan istifadə edək. “Azərsu”nun da yol boyu çəkdiyi hansısa su xətti partlayır, bütün yol boyu kanalizasiya suları axır. Hər il biraz yağış, qar yağan kimi bu xətlər sıradan çıxır, ətraf bütün kanalizasiya sularına, palçığa bürünür. Hər dəfə bu su xətləri partlayır, içməli su axıb tökülür yollara, amma suyun qiymətini də o biri tərəfdən artırırlar ki, camaat sudan normal istifadə edə bilmir”,- deyə məhəllə sakini bildirib.

Ümumiyyətlə, Elşad Həsənov Yasamala icra başçısı təyin olunandan sonra bu rayondan şikayətlərin ardı-arası kəsilmir. Rayon özü boyda bazara çevrilib. Yasamalda pul gücünə edə bilməyəcəyiniz heç nə yoxdur. Rayonun idarəçiliyində hər şeyin pulla ölçülən bir qiyməti var...

Media orqanı olaraq müxtəlif vaxtlarda bizim də Yasamal İH-ə sorğularımız olub, amma heç bir halda qanunvericiliyin tələbləri çərçivəsində reaksiya verilməyib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »