Avqustun 8-də keçmiş ABŞ prezidenti Donald Trampın Florida ştatındakı malikanəsinə edilən basqında axtarılan “gizli sənədlərin” nüvə silahlarına aid olduğu iddia edilib.
Bizimyol.info xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, ABŞ federal agentləri bu həftə keçmiş prezident Donald Trampın Floridadakı evinə basqın edərkən nüvə silahı ilə bağlı sənədləri axtarıblar. Nəşr xəbər verir ki, keçmiş prezidentin Palm-Biçdəki malikanəsindən belə sənədlərin tapılıb-tapılmaması isə hələ ki, məlum deyil.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində hərbçilər tərəfindən yeni prezidentə "nüvə portfeli" təhvil verilir. Həmin çantada məxfi məlumat və kodlar olan rəqəmsal proqram olur.
Onu da əlavə edək ki, Tramp reyddən narazılığını bildirib və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ağ Evdən qaçaqmalçılıq yolu ilə çıxardığı 33 milyon səhifəlik sənədlərin niyə təqib olunmadığını soruşub.
Donald Tramp Tvitter hesabında yazıb: “Mən prezident Obamanın Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlərlə nə baş verdiyini soruşuram. Saxta xəbər mediası bu barədə danışmaqdan imtina edir. Onun ləğv edilməsini istəyirlər”.
Bundan əlavə Trampın digər paylaşımlarında da onun evində aparılan axtarışdan çox narahat olduğu hiss olunur: “Birdən-birə heç bir xəbərdarlıq etmədən Mar-A-Laqodakı mülkümə səhər saat 6:30-da çoxsaylı agentlər və “seyf-krakerlər” tərəfindən basqın edildi. Hədlərini aşdılar.
Mən sonradan öyrəndim ki, agentlər birinci xanımın şkaflarında axtarış aparıb, paltarlarını və şəxsi əşyalarını gözdən keçiriblər. Təəccüblüdür".
O əlavə edib ki, “belə hallar üçünvü dünya ölkələrində baş verir”.
Onu da əlavə edək ki, Trampın bu paylaşımları ABŞ-ın baş prokuroru Merrik Qarlandın mətbuat konfransında keçmiş prezidentin Florida ştatındakı Mar-A-Laqo kurortunda yerləşən malikanəsində axtarış qərarını şəxsən təsdiqlədiyini elan etdikdən sonra gəlib.
Leyla, Bizimyol.info