Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya ədəbiyyatı Rusiyadan gedir
Dünya ədəbiyyatı Rusiyadan gedir

Rusiya cəmiyyətinin dünyadan təcrid olunması davam edir. Sıraya dünya ədəbiyyatı da qoşulub. Tanınmış yazıçılar bir-birinin ardınca Rusiya kitab bazarını boykot etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Stiven Kinq şimal ölkəsində son kitabını çap etdirir. Məşhur yazıçı “Billi Sammers”dən sonra Rusiyada əsərlərinin oxuculara təqdim olunmasını istəmir. Köhnə razılaşmalar qüvvədən düşür. Kinq yeni müqavilələr imzalamağı da arzulamır.

Ədəbi tənqidçi Qalina Yuzefoviç deyir ki, məhz Ukrayna müharibəsinə görə belə vəziyyət yaranıb. Dünya ədəbi ictimaiyyəti Rusiyanı boykot etməyin tərəfdarıdır. Yuzefoviç Rusiya cəmiyyətinin ədəbi təcridindən söhbət getdiyini bildirir.

Stiven Kinqə daha bir məşhur Coan Roulinq də qoşulur. Britaniyalı yazıçı “Harri Potter”in elektron versiyasının lisenziyasını ləğv etdirib. Əsərin yalnız çap variantını Rusiya kitab bazarında görmək olar. Amma nüsxələr satılıb qurtarandan sonra yeni müqavilə imzalanmayacaq.

Əvvəllər yazıçıların kitabının hər hansı dilə tərcümə olunmasına etiraz nümunəsi çox deyildi. Bu məsələdə Salli Runi yadda qalmışdı. İrland yazıçı kitabının ivritcə nəşrinə razı olmamışdı. Runi İsrailin Fələstindəki addımlarına bu cür etiraz etmişdi. Lakin nə Stiven Kinq, nə də Coan Roulinqin belə məsələlərdə adları hallanmışdı. Onlar hətta İranda nəşr olunmağa da razılaşmışdılar.

Boykot aksiyasında Ukrayna kitab institutunun, Lvov kitab forumunun az rolu olmamışdı. Ukraynalı müəlliflər dünya kitab ictimaiyyətini Rusiyanı bu sahədən təcrid etməyə çağırmışdı.

Əsasən İsveç və Norveçdə işləyən ədəbi agent Nataşa Banke deyir ki, boykot aksiyasında düşmənçilik meylləri axtarmağa dəyməz. Məqsəd sivil dünyaya xas olmayan hadisələrə hər hansı şəkildə müdaxilə etməkdir.

“Fantom-Press” nəşriyyat evinin baş direktoru Alla Şteynman etiraf edir ki, böyük çətinliklərlə üzləşiblər. Əvvəlcə sanksiyalara məruz qalmayan valyuta hesabları açırlar. Bu yolla əcnəbi müəlliflərə pul ödəməyə çalışırlar. Proses xeyli ağırlaşıb. Şteynman iş mexanizminin istənilən an dayana biləcəyini hesab edir.

Nəşriyyat evinin rəhbəri əcnəbi müəllifləri yaxşı anladığını deyir: “Onlar nüfuzu barədə düşünür. İndi rusiyalı naşirlərlə iş birliyi müsbət qarşılanmır. Təkliflərimizə kobudluq etmədən, nəzakətlə “xeyr” cavabı verirlər”.

Nataşa Banke deyir ki, nəşriyyatlar ortaya konkret mövqe qoymalıdır. Nəşriyyat sektorunda illərdir fəaliyyət göstərən Varya Qornostayevanın fikrincə isə müəlliflərə böyük təzyiq var, yoxsa onlar belə radikal qərar qəbul etməzlər.

Rusiya kitab reytinqinə nəzər salanda dünya ədəbiyyatının bu ölkə üçün necə əhəmiyyətli olduğunu görmək mümkündür. Satılan əsərlərin 72 faizinin müəllifi əcnəbidir. Rusiyalı kitabsevərlər daha çox dünya ədəbiyyatına üstünlük verirlər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »