Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın çöküşünü göstərən əlamət: Trampın çıxışı nədən xəbər verir?
ABŞ-ın çöküşünü göstərən əlamət: Trampın çıxışı nədən xəbər verir?

Qlobal siyasətdəki qarışıqlıq hər gün daha da dərinləşir. Çünki nə mərkəzi aktorlar, nə də yeni paradiqma axtaran müqavimət cəbhəsi mövcud sistemdən razı deyil. İstər atlantik status-kvoistlər, istərsə də yeni dünya axtarışında olan Avrasiya revizionist ölkələri hazırkı qlobal mənzərədən olduqca narahatdırlar. Bu, təbii olaraq imperiyanın mərkəzində yerləşən ABŞ və Aİ-də geosiyasi eroziyanı çoxaldır və periferiyadan mərkəzə doğru yönəlmiş güclərdə yüksəliş istəyini daha da artırır.

Real sosializmin süqutundan sonra indi dünya real kapitalizmin və neoliberal bazar sivilizasiyasının parçalanma prosesindən və bu prosesin yaratdığı xaotik böhranlardan danışır. Yeni qlobal sistemə ehtiyac olmasına baxmayaraq, ABŞ hələ də əməkdaşlıqdan imtina edir. ABŞ-ın böhrandakı hegemon məhvi əslində artıq baş verib. Əgər belə davam edərsə, Amerika administrasiyası daxilində qaçılmaz çöküş və parçalanma daha tez başlayacaq.

Çünki ABŞ-da çöküşün bütün dörd mühüm əlaməti  artıq görsənir. Bu əlamətlərdən üçü xarici məğlubiyyətlərdən, digəri isə Amerikanın daxili siyasətindəki qarışıqlıqdan, xaosdan və qütbləşmədən qaynaqlanır. Hegemonluq axtaran ABŞ bir çox Qərb analitiklərinin tez-tez dediyi kimi, yeni dünyanın qurucuları olan Rusiya, Çin və Türkiyəyə qarşı qlobal arenada ağlasığmaz dərəcədə “axmaq siyasət” aparır...

Əslində, “axmaqlıq”la bağlı iki baxış var: bəziləri ABŞ-ın həqiqətən də axmaq kimi davrandığını, digərləri isə ABŞ-ın qəsdən “axmaq kimi görünməyi” seçdiyini iddia edir.

İstər axmaq olsun, istərsə də axmaq kimi davransın, nəticə dəyişmir. ABŞ qlobal və milli miqyasda dağılır. ABŞ-ın ən böyük axmaqlığı, rəqib gördüyü Rusiya və Çin kimi dövlətlərin ən güclü olduqları bölgələrə uğursuz hücumlar etmələri, müttəfiqi kimi gördüyü Türkiyə kimi dövlətlərə qarşı isə PKK-YPG terrorunu dəstəkləmələridir. ABŞ həm Rusiya, Türkiyə və Çinin “arxa baxçalarına” hücum edir, həm də bu ölkələrin ən həssas olduğu qırmızı xətləri tapdalayıb, keçir. Buradan nəticə əldə etməyə çalışırıq, amma bu siyasəti “strateji korluq”la izah etmək olmaz. Bu, tamamilə geosiyasi axmaqlıqdır.

Çin lideri Si Cinpinin dediyi kimi, öz axmaqlığını sistemləşdirən Amerika administrasiyası daim “odla oynayır”... Onun keçmişdə yandırdığı yanğınlar ABŞ-a o qədər də böyük ziyan vurmazdı. Ancaq son illərdə Ukrayna, Tayvan, Suriya kimi alovlu məsələlər və dolların hökmranlığına meydan oxumaq indi ABŞ-a da ziyan vurur.

Üstəlik, Türkiyə, Çin və Rusiyanın “ortaq düşmən”ə qarşı artan həmrəyliyi ABŞ-ın qlobal arenada fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Buna daxili siyasətindəki böhranı və dəstə müharibələrini də əlavə etdikdə, ABŞ-ın tamamilə xaotik mənzərəsi ilə qarşılaşırıq.

Donald Trampın 2016-cı ildə hakimiyyətə gəlməsi əslində sistemin korrupsiyasından bezmiş Amerika xalqının üsyanını simvolizə edirdi. Lakin xalqın iradəsini ələ keçirən qlobalistlər və onların nəzarəti altında olan ABŞ dərin dövləti Trampı “şeytanlaşdırmaq”la, sistemdəki daxili korrupsiyanı ört-basdır etməyə çalışıb.

Ancaq indi söhbət Trampın şəxsiyyətindən yox, sistemdən gedir. Əsl problem ondan ibarətdir ki,ABŞ-ın qlobal və milli çərçivədə dağılmasının qarşısı artıq alına bilmir. Əslində dəfələrlə bu reallığa işarə edən Tramp bu dəfə FTB-nin Floridadakı malikanəsinə basqından sonra yayımlanan videoda birbaşa ABŞ-dakı tənəzzüldən bəhs edir.

Videosu üçün seçdiyi “A Nation in Decline” – (tənəzzüldə olan millət) adı hər şeyi ümumiləşdirir. Trampın təxminən 4 dəqiqə davam edən çıxışında diqqət çəkdiyi kimi, ABŞ daxildən və xaricdən hər tərəfdən tənəzzülə və çökməyə başlayan bir dövlət kimi görünür. Bu, qlobal oxun yerdəyişməsi prosesi ilə yanaşı, istər-istəməz yeni sistemin axtarışını da sürətləndirir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »