Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hazırda Bakıda təmiz havanı zəhərli hava əvəz edib"
"Hazırda Bakıda təmiz havanı zəhərli hava əvəz edib"

Sovet dövründə Bakıda inşa edilən əsasən 3 və 5 mərtəbəli binaların qarşısında bina sakinlərinin istirahət etməsi üçün, parklar salınır, binaların həyəti və uşaqlar üçün oyun meydançaları olurdu. 2016-cı ildən sonra ölkədə söküntü bumu yaşandı. Demək olar ki, bütün 3-5 mərtəbli binalar sökülür, yerində sözün əsl mənasında dib-dibə çoxmərtəbəli binalar tikilməyə başladı. Bağlar, parklar, uşaq meydançaları məhv edildi. Bu gün Bakı şəhərinə kənardan baxdığımız zaman Bakının boğulduğunu görməmək mümkün deyil. Salınan yaşlıllıqlar belə, Bakı havasına və Bakı küləyinə uyğun salınmadığı üçün bir neçə il sonra parklarda ağacların qurumasına, saralmasına şahid oluruq. Qısası, Bakının təbiəti, Bakının havası, Bakının ekologiyası gündən-günə tənəzzülə uğrayır. Buna səbəb isə, şəhərə əhali axını, çoxmərtəbəli binaların tikilməsi, avtomobillərdən xaric olunan zəhərli qazlar və tıxaclardır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Bakı- Abşeron ərazisində iki minə yaxın çox mənzilli yaşayış binası var. Və bu binaların hərəsində 80-100-150-ə yaxın mənzil var.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Mənzillərin isti su ilə təmin edilməsi üçün mənzillər kombi aparatı ilə təchiz edilir. İndi siz düşünün ki, bu 10 mindən artıq kombi aparatı edir. Kombi aparatlarından çıxan zərərli qazlar atmosferə atılır. Sizcə belə bir halda Bakının vəziyyəti necə ola bilər?

Bakı küləklər şəhəridir. Binalar elə formada tikilib ki, bir qonşunun eyvanından çıxan zəhərli qaz mütləq şəkildə digər qonşunun mənzilinə daxil olur. Bu baxımdan biz həm evlərimizin içində zəhərlənirik həm ekologiyanı zəhərləyirik” - deyən ekspert həmçinin Bakıda avtomobillərin sayının çox olmasından söz açıb. Onun sözlərinə görə, avtomobillərdən çıxan zəhərli qazlar da ekologiyaya zərər vurur. Bu səbəbdən də yaşıllıqların salınması zamanı mütəxəssis ekoloqların rəyi nəzərə alınmalı, Bakının havasına, atmosferinə və hazırkı ekoloji vəziyyətinə uyğun ağaclar əkilməlidir.

Ekspert vurğulayıb ki, bu gün şəhərin müxtəlif ərazilərində çox sayda, bitkilər, ağaclar əkilib. Amma həmin ağacların böyük hissəsi dekorativ ağaclar olduğuna görə onların ekoloji faydası yoxdur, sadəcə görüntüdür.

“25-30 il əvvəlki Bakıda əkilən ağaclaırn xüsusi ətri var idi. Şəhərdə gəzən zaman o ətri, təmiz havanı hiss edə bilirdin. Hazırda demək olar ki, o təmiz havanı zəhərli hava əvəz edib” - deyən Elnur Fərzəliyev bildirir ki, Baknın atmosferinin dəyişməsi və təmizlənməsi üçün təkcə yaşıllıqların yenilənməsi kifayət etmir, eyni zamanda binalarda əvvəlki dövrlərdə olduğu kimi qazanxanalar qurumalıdır.

Ekspertin fikrincə, bir qazanxana 30-40 mənzili isti su ilə təmin edirsə, bu minlərlə kombi aparatınım ləğv edilməsi deməkdir.

“Bu baxımdan bu vəziyyət nəzərə alınmalı, mütləq şəkildə yaşıllıqların salınması zamanı təbii qazon otlarının əkilməsi də nəzər də tutulmalıdır” - deyə ekspert bildirib.

Elnur Fərzəliyev əlavə edib ki, bu gün köhnə massivlərin ərazisində yeni binalar tikilir. Həmin binalara çəkilən ümumi qaz, su, işıq, kanalizasiya xəttləri köhnə binaların sakinlərinin sayına uyğun nəzərdə tutulur: “Məsələn 5 mərtəbəli binanın yerində çoxmərtəbəli bina tikilir. Həmin binalar daha çox mənzil tutur. Və yeni tikilən binaları köhnədən tikilmiş binların işıq qaz, su sistemlərinə qoşurlar. Bu zaman istər məişət tullantılarının daşınması, istər su,qaz,işıq və kanalizasiya borularının daşıma surəti zəifləyir. Bakı şəhərinin ən son planı 1986-cı ildə hazırlanıb. Buna görə də, tikilmiş bütün binalar, səkilər, yaşıllıqlar və binalararası məsafələr 86-cı ildə Bakı şəhərinin əhalisinin sayına uyğun hesablanıb. Bu gün Bakı şəhərinin əhalisinin sayı 86-cı ilə nisbətən 3 dəfədən daha çoxdur. Digər tərəfdən baxsaq, avtobus dayanacaqlarından tutmuş səkilərə qədər heç bir yenilənmə baş verməyib. İnsan sayı artdıqca səkilər enlənməli, avtobus dayanacaqlarının sayı artmalı, yaşıllıq ərazilərin sayı artmalı idi. Onlar olmadığına görə çox sahədə ahəng pozulub” - deyə Elnur Fərzəliyev bildirib.

Ekspert əlavə edib ki, Bakının yeni baş planı dövlətə çox böyük zərər vermiş olacaq. Çünki baş plana uyğun ərazilərdə söküntü işləri aparılacaq.

“Baş plan hazırlanırsa, ən azı bir üz qabığı varsa, artıq bu gündən belə tikintilərə nəzər yetirmək lazımdır. Əgər qadağan olunmuş yerdə bina tikilirsə, baş plan hazırlandıqdan sonra həmin binaların sökülməsi artıq dövlətə böyük zərər vurmuş olacaq” - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »