Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haqqında cinayət işi açılmış ABŞ prezidentlərinin siyahısı: Tramp neçəncidir?
Haqqında cinayət işi açılmış ABŞ prezidentlərinin siyahısı: Tramp neçəncidir?

Donald Tramp Florida ştatındakı Mar-A-Laqo malikanəsinə “xəbərdarlıqsız basqını” “ədliyyə sistemindən silah kimi istifadə və prokurorluq səlahiyyətindən sui-istifadə” kimi qiymətləndirib. O, bildirib ki, daha əvvəl heç bir ABŞ prezidentinin başına belə bir hadisə gəlməyib.

Bizimyol.info xəbər verir ki, Tramp evinə FTB tərəfindən basqın edilən ilk ABŞ prezidenti olsa da, indiyə qədər bəzi prezidentlər vəzifədə olarkən FTB araşdırmaları ilə üzləşiblər.

FTB araşdırmaları ilə üzləşmiş ABŞ prezidentləri bunlardır:

Riçard Nikson: ABŞ-ın 37-ci prezidenti Riçard Nikson “Watergate” qalmaqalından sonra impiçmentə məruz qalmamaq üçün 8 avqust 1974-cü ildə istefa verib.

ABŞ tarixinin ən böyük siyasi qalmaqallarından biri kimi tanınan bu hadisə 1972-ci il iyunun 17-də Vaşinqtondakı Watergate kompleksində 5 nəfərin Demokratlar Partiyasının Milli Komitəsinin ofisinə soxulmağa cəhd etdiyi aşkar edildikdən sonra baş verib. Niksonun mətbuat katibi Ron Ziegler hadisəni “üçüncü dərəcəli oğurluq cəhdi” kimi qiymətləndirib.

“The Washington Post” xəbər verir ki, 1972-ci ilin avqustunda Niksonun seçki kampaniyası üçün ayrılmış 25 min dollar vəsait oğrulardan birinin bank hesabına köçürülüb. 1972-ci il oktyabrın 10-da FTB Niksonun köməkçiləri ilə oğrular arasında əlaqələri üzə çıxarıb. 8 yanvar 1973-cü ildə Niksona qarşı “Watergate” iddiası qaldırılıb və 9 may 1974-cü ildə Niksonun impiçmenti ilə bağlı Nümayəndələr Palatasının Hüquq Komitəsində proses başlayıb.

İmpiçment riski ilə üzləşən Nikson vəzifəsindən istefa verən yeganə ABŞ prezidenti olub.

Ronald Reyqan:  1981-1989-cu illərdə ABŞ-ın 40-cı prezidenti vəzifəsində çalışmış Ronald Reyqan Livanda əsir saxlanılan amerikalıların azad edilməsi müqabilində İrana gizli silah satışını ifşa edən “İran-Kontra” qalmaqalı ilə bağlı FTB təhqiqatı ilə üzləşib.

İrana silah satışı 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin işğal edildiyi və iki ölkəni müharibə həddinə çatdırdığı, daha sonra isə 52 əməkdaşın girov götürüldüyü bir vaxtda sərt reaksiya ilə qarşılanıb.

İstintaq çərçivəsində Ağ Evin bir neçə rəsmisi, o cümlədən Milli Təhlükəsizlik Şurasının üzvü polkovnik Oliver Nort təqsirli bilinib. Reyqanın satışda əli olduğuna dair heç bir dəlil tapılmayıb.

Bill Klinton:  1993-2001-ci illərdə ABŞ-ın 42-ci prezidenti vəzifəsində çalışmış Bill Klinton və həyat yoldaşı Hillari Klinton da 1993-cü ildə Arkanzasda daşınmaz əmlak investisiyaları ilə bağlı “Whitewater” qalmaqalında FTB araşdırması ilə üzləşiblər.

Arkanzas qubernatoru olduğu müddətdə Klinton, Ceyms və Syuzan MakDuqalla birgə təsis etdiyi şirkətə qeyri-qanuni kreditlər verməsi üçün yerli banka təzyiq göstərməkdə ittiham olunub.

Klinton Ağ Evdə təcrübə keçən Monika Levinski ilə münasibətindən və hökumət rəsmisi Paula Consa qarşı cinsi təcavüz ittihamlarından sonra Nümayəndələr Palatasının qərarı ilə impiçment elan edilib.

1999-cu ildə Senatda səsvermə ilə adı çəkilən cinayətlərlə bağlı bəraət alıb və vəzifəsini davam etdirib.

Corc Buş: 2001-2009-cu illərdə ABŞ-ın 43-cü prezidenti olmuş Corc Buşa qarşı da istintaq başladılıb.

Buşun İraq siyasətini tənqid edən keçmiş səfir Josep Wilsondan qisas almaq üçün həyat yoldaşı Valeri Plamenin adını mətbuata sızdırdığı iddia edilib.

Administrasiyadan bir çox məmur, xüsusən də keçmiş prezident Buş 22 aylıq istintaqla üzləşib və ABŞ vitse-prezidenti Dik Çeyninin köməkçisi Lyuis Libbi federal agentlərə yalan danışmaqda təqsirli bilinib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »